“Fələstin mövzusu aktualdır və bilən də, bilməyən də İsrail-Fələstin münaqişəsi üzrə “ekspert” olub”.
Sfera.az-ın məlumatına görə, bunu siyasi şərhçi Əli Hacızadə deyib. O, Fələstin bayrağı haqqında məlumat paylaşıb:
“Tam əminəm ki, insanlarımızın çoxunun, Fələstin bayrağının necə yarandığı haqqında heç bir anlayışı yoxdur.
Birinci dünya müharibəsi zamanı, Rusiya və Fransa erməniləri silahlandırıb imperiyanın şimal-şərqində erməni üsyanları və erməni silahlı dəstələri təşkil etdilər. Britaniya isə daha çox ərəb vilayətləri ilə maraqlanırdı, Britaniya kəşfiyyatı bir sıra ərəb ailələri və qəbilələri ilə onlara pul və müxtəlif vədlər verməklə ittifaq yaradaraq onları Məkkə şəriflərinin rəhbərliyi altında “türklərə qarşı böyük ərəb üsyanını” başlatmağa təhrik edə bildi.
Lakin, üsyandan əvvəl, ingilislər fikirləşdi ki, bu adamlara (üsyan etmiş ərəblərə) bir vahid bayraq lazımdı və onda ingilis diplomat, ərəblər üçün indi Fələstin bayrağı kimi bilinən bayrağı yaratdı (bir sıra ərəb dövlətlərinin bayrağı da bu bayraqdan ilhamlanaraq yaradılıb). Yəni hazırkı bayraq, 1916 il türklərə qarşı ərəb üsyanının bayrağıdır”.
Ə.Hacızadə həmçinin qeyd edib ki, bu gün minlərlə türk vətəndaşı bu bayraqla, hətta bəzən bu bayrağı türk bayrağından daha yuxarı yerləşdirməklə meydanlara çıxanda, yəqin ki, Londonda kimlərsə ikili hisslər keçirir.