Tanınmış jurnalist Məhəmmədəli Qəribli öz “Facebook” profilində Dövlət Yol Polisinin bəzi əməllərindən narazılığını ifadə edib. Qeyd edək ki, həmin yazı qısa müddət ərzində çoxlu sayda insanlar tərəfindən paylaşılıb və mövzu ətrafında maraqlı müzakirələr açılıb.
APress.az Azinforum.az-a istinadla həmin yazını olduğu kimi təqdim edir:
“Son vaxtlar Dövlət Yol Polisi (DYP) sistemindəki vəziyyət çox acınacaqlı hal alıb. Mən bunu bir sürücü kimi şəxsi müşahidələrimə əsaslanaraq deyirəm. Xüsusilə də, Ekologiya Postu kimi tanınan xidmət sahəsinin sabiq rəisi Fuad Mayılovun Ramiz Zeynalova müavin təyin edilməsindən sonra, vəziyyət daha da pisləşib. Loru dildə bu adamın vəzifəsinin izahı belədir: Bakı şəhərinin daxili istisna olmaqla, qalan Respublika əhəmiyyətli bütün tras və postlar ona tabedir. İş o yerə çatıb ki, yolunu – izini yaxşı tanıdığın, radarların harda olduğunu əzbər bildiyin halda, məsafəcə yaxın rayonlara gedib-gəlmək üçün azı 2-3 on manatlıq radar cəriməsini gözə almalısan.
Son aylarda iki dəfə Qubaya gedib -gəldiyim zaman anoloji vəziyyətlə üzləşməli oldum. Mən radar sisteminin əleyinə deyiləm. Ancaq kiminlə söhbət edirəmsə, rayon yollarındakı bu vəziyyətdən gileylənir. Demək olar ki, nə qədər ehtiyyatlı sürsən də, rayona cəriməsiz gedib-gəlmək mümkün deyil. Rayonlarda olan DYP postlarının hər birində adamı saxlayıb sənədinə baxırlar. Bu , nəyə lazımdır? Xarici ölkələrdə min kilometrlərlə yol sürürsən, bir dənə də olsun posta rast gəlmirsən.
Traslardakı sürət tənzimlənməsi bərbaddır. 110 sürət icazəsi birdən -birə dərhal 90-na, sonra 70-ə salınır. Həmin arada quraşdırılan radarlar sürücünün bu çaşqınlığını qeydə alır. Bu , hərəkətin təhlükəsizliyini tənzimləməkdən daha çox , tələyə oxşayır. Qeyd edim ki, yolu yaxşı tanıyan adamlar daha çox gizli quraşdırılmış radarlara düşürlər ki, bu da qanunla qadağandır. Bütün bu vəziyyət Fuad Mayılovun yeni müəyyənləşdirdiyi iş metodundan qaynaqlanır”.
Sosial şəbəkə istifadəçisi Miryusif Həsənzadə jurnalistin paylaşımının aşağısında mövzuya uyğun maraqlı şərh yazıb: “Mən hər həftə Gəncəyə gedirəm. Hər həftə yollarda müxtəlif yerlərdə sürət həddi dəyişdirilir. Məsələn, həmişə 90 bildiyin yol anidən qarşına 70 nişanı ilə çıxır. Və bu cəmi 100 metr məsafəyə şamil olunur. Hansı ki, həmin məsafədə nə heyvan keçməsinə, nə piyada keçməsinə aid nişan yoxdu. O zaman qısa məsafədə sürəti anidən salmağın mənası nədi? Bundan əlavə, postlarda saxlayıb deyirlər ki, sənin əvvəllər cərimələrin olub. Keçən dəfə o qədər əsəbləşdim ki. Şəmkir postunda məcbur olub adama dedim ki, sən də əvvəllər soska əmirdin, indi mən sənə o gözləmi baxmalıyam? Cəriməm var başqa, bəs olub nədi? Bu da bir yana qalsın. Kürdəmirin çıxacağında Qarabağ restoranını keçəndən sonra düz Zazalı postuna qədər ən azı 10 yerdə kolluqlarda DYP maşını dayanır və yolu güdür. Yəni polisin adını bu qədər cılızlaşdırmaq nəyə lazımdı? Sual yaranır: bəs nə üçün sağ yolla 70 getməsi məcburi olan TIR-lar sol yolda 110 – 120 gedəndə heç kim onları saxlayıb güldən ağır söz demir? Bəs nə üçün bu qədər toplanan cərimələrin qarşılığında yolların texniki işıqlandırılması təmin olunmur? Yollarda heç bir işıqlandırma yoxdu. Gecə vaxtı və özəlliklə də yağmurlu havalrda yolda qəza vəziyyəti 90% ə yüksəlir. Məgər qəza vəziyyəti təkcə sürətə görədi? Siz hələ Mərəzə postundakı rəzilliyi bir görəsiniz. Deməklə bitəcək deyil bunlar”.
Sabiq millət vəkili Nazim Bəydəmirli də həmin paylaşımın altında fikirlərini yazıb: “Mən təcrübəli, nizam intizamlı sürücü kimi təsdiq edirəm ki, radar sisteminin belə bərbad quraşdırılması cərimə yığımı üçün düşünülüb… Məsələnin kökü də cərimələrdən “əməkdaşların sosial-müdafiəsini gücləndirmək” məqsədi üçün istifadə edilməsidir. Yəni, xarici ölkələrdən fərqli olaraq cərimələr birbaşa büdcəyə getmədiyinə görə, həmçinin əmək haqqlarının cərimələrin həcmi ilə düz mütanasib olduğuna görə (rüşvətin rəsmiləşdirilməsi) belə əcaib idarəetmə yaranıb… Bu təkcə yol polisi sistemində deyil, bütün sahələrdə aylıq qazanc cərimə məbləğlərinə uyğunlaşdırılıb deyə, vətəndaşlar məmurlara xidmət edirlər…”