Hələ təhsil naziri Ceyhun Bayramovun zamanında işdən çıxarılan, Siyəzən şəhər 6 nömrəli məktəb-litseyin direktoru Yeganə Əliyevaya cinayət işi açılıb.
Mənimsəmə və rüşvət almaqda ittiham olunan Yeganə Əliyeva barəsində həbs qətimkan tədbiri seçilməyib.
APress.az musavat.com-a istinadla xəbər verir ki, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilən Yeganə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır.
Xatırladaq ki, həmin məktəb-litseyin və direktor Yeganə Əliyevanın adı məktəbin bir qrup müəlliminin 2019-cu il martın 29-da Təhsil Nazirliyinə kollektiv şikayəti ilə bağlı gündəmə gəlmişdi. Etiraz edən müəllimlər deyirdilər ki, direktor məktəbdə ucdantutma rüşvət yığır, korrupsiya əməlləri ilə məşğuldur və pedaqoji kollektivin üzvlərini təhqir edir.
Onlar işlədikləri məktəbdə qanunsuz olaraq “fond pulu” adı altında haqq yığılmasından, külli miqdarda dövlət əmlakının direktor tərəfindən talanmasından şikayət edirdilər.
Bildirirdilər ki, direktor Yeganə Əliyevanın heç kimə məhəl qoymamasına, müəllimlərdən pul tələb etməsinə etiraz edirlər.
Şikayətçi Elşən Məhərrəmov deyirdi ki, direktor məktəbdə şagirdlərdən qaz pulu alır, parta, kompüterlər uşaqlara pulla satılır: “Daxili Nəzarət Şöbəsindən məktəbimizə komissiya gələndən sonra bizə dedilər ki, pulumuz çox çıxıb 1000 manat pul yığıb verməlisiniz. Bu kollektiv bezib artıq. Hər ay “fond pulu” adı ilə 50 manat pul alırlar bizdən.
Elə müəllimlər var öz pulu ciblərindən verirlər. Verməyəndə isə iclas edib, bizi təhqir edir. Qanunsuz olaraq işdən çıxarır. Dəfələrlə prokurorluğa getmişik, Daxili Nəzarət Şöbəsinə şikayət etmişik, xeyri yoxdur. Direktorun arxasında Hadı Rəcəbli və başqa vəzifəlilər durur. Deyir, kimə deyirsiniz deyin, heç kimdən qorxmuram. Ona havadarlıq edirlər. Əlimizdə deputat Hadı Rəcəbli ilə şəkilləri var…”
Məhkəmə araşdırması zamanı məlum olub ki, iki il əvvəl məktəb direktorunun əməllərindən şikayət edən müəllimlər bu iş üzrə şahid qismində tanınıblar.
Sonuncu məhkəmə iclasında həmin müəllimlərdən bir neçəsi ifadə verib.
İlk dindirilən şahid Narxanım Ağamalıyeva olub. O, məktəbdə psixoloq işlədiyini deyib.
Məlum olub ki, işə yeni düzələn N.Ağamalıyeva dərslərin bir çoxuna getməyib.
O, istintaqda 6 ay əmək məzuniyyətində olduğunu deyib. Məhkəmədə isə anasının səhhətinə görə direktordan icazə aldığını bildirib.
Yeganə Əliyeva bir neçə dəfə prosesə müdaxilə edərək məktəb-liseyin dünyada tanınmış təhsil müəssisəsi olduğunu deyib və öz fəaliyyətini tərifləyib.
Hakim isə ona xəbərdarlıq edib.
Narxanım Ağamalıyeva suallara cavabında dərslərə getməməsinin yeganə səbəbi kimi anasının səhhətində problem olmasını göstərib.
Daha sonra prosesdə şahid qismində Elnarə Ələsgərli ifadə verib.
Məktəbdə riyaziyyat müəlliməsi işlədiyini deyən Elnarə Ələsgərli söyləyib ki, iki sinif birləşdirilib və dərslərdə də o iştirak edib.
Məlum olub ki, bununla da onun kart hesabına iki müəllimin əmək haqqı köçürülürmüş.
Maaş kartına əlavə maaş köçdüyünü təsdiqləyən E.Ələsgərli bildirib ki, pulu çıxararaq məktəbin “zauç”u İmayıl İsmayılova verib.
Elnarə Ələsgərli məhkəmədə bunu belə izah edib ki, pulun onun kartına köçməsi səhvən olub.
O da məlum olub ki, 6-cı və 8-ci siniflər birləşdirilib. Prokuror isə bunun necə mümkün olduğunu soruşub: “6-cı və 8-ci siniflər eyni dərsi keçir?”.
E.Ələsgərli söyləyib ki, dərslər üst-üstə düşdüyü üçün bunu ediblər.
Prokuror isə buna təəccüblənib və ironiya ilə deyib ki, başqa dövlətləri çağırmaq lazımdır ki, gəlib bu təcrübəni öyrənsinlər.
Daha sonra E.Ələsgərovadan məktəbdən fond pulu yığılıb-yığılmadığını soruşublar.
Müəllimənin izah belə olub: “Bəzən olub. Məktəbə nəsə lazım olanda dəstək olurduq. İclasda belə razılığa gəldik ki, məktəbə kompüter və ya başqa ehtiyac olduqda dəstək olaq. Müəllimlərdən kimin imkanı olurdusa, kömək edirdi”.
Prokuror deyib ki, 252 manat maaş alan müəllim məktəbə nə kömək edə bilər?
E.Ələsgərova söyləyib ki, az maaş aldığı, imkanı yaxşı olmadığı üçün pul verməyib: “5-6 manat vermişəm. Onu da hərdən. İmkanım olmadığı üçün vermirdim”.
Sabiq məktəb direktoru yenə müdaxilə edib: “Biz yeganə məktəb idik ki, şagirdlərdən pul yığmamışıq. Problemləri müəllimlər arasında həll edirdik”.
E.Ələsgərova ifadəsində ziddiyyət olub. İstintaqda deyib ki, direktor ondan öz adına kredit götürməsini istəyib. Lakin daha sonra o, belə bir halın olmadığını deyib.
Hakim bildirib ki, E.Ələsgərova istintaqdakı ifadəsini təsdiqləyərək imzalayıb.
E.Ələsgərova müstəntiqin sonradan ifadəsini dəyişə biləcəyini deyib: “Bir daha qeyd edim ki, mən müəllimə yoldaşım olmadığı üçün dərsi birləşdirmişəm. Səhvən kartıma pul köçüb və çıxarıb “zauç”a vermişəm. Bundan Yeganə xanımın xəbəri olmayıb”.
Hər iki müəllimə keçmiş direktoru tərifləyərək ifadələrində deyiblər ki, Yeganə Əliyevanın məktəbində abu-hava yaxşı olub. İndi isə problemlər var.
Məhkəmə araşdırması davam edir.