Hansı tibbi xidmətlər pulsuz olacaq və limit varmı? (AÇIQLAMA)backend
Cəmiyyət
283

Hansı tibbi xidmətlər pulsuz olacaq və limit varmı? (AÇIQLAMA)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İcbari tibbi sığorta xidmətlərində müəyyən limitlər tətbiq olunacaq. 
APress.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İcmatiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova məlumat verib.

Bildirib ki, icbari tibbi sığortanın xidmətlər zərfində 2550 sayda tibbi xidmət daxildir. Burada 2 istiqamət üzrə limit nəzərədə tutulub:
“Xidmətlər zərfində 26 adda fizioterapiya və masaj xidmətləri yer alıb. Bunların hər birindən il ərzində 10 prosedur olmaqla istifadə edə bilərlər. Hər nahiyə üzrə 10 prosedur pulsuzdur. İl ərzində artıq 11-ci prosedur vətəndaşın öz vəsaiti hesabına olacaq”.
Bundan başqa, 2 əməliyyat üzrə limitlər tətbiq olunur. A.Əhmədovanın sözlərinə görə, bu, oynaqdaxili endopritezlərin yerləşdirilməsi və kokolyar cihazın yerləşdirilməsi, dəyişdirilməsi ilə bağlıdır. Onların hər biri üçün illik limit 300 ədəddir. Digər xidmətlərdə heç bir limit yoxdur.
Xatırladaq ki, icbari tibbi sığorta sistemi sonuncu mərhələ üzrə bu il aprelin 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda işə düşəcək. Nəzərə alsaq ki, həmin şəhər və rayonlarda yaşayan kifayət qədər vətəndaş digər regionlarda qeydiyyatdadır. Qaydalara görə, hər kəs qeydiyyatda olduğu rayon və ya şəhərdə pulsuz xidmət ala bilər. Bəs Bakıda yaşayan həmin vətəndaşlar paytaxta tibbi xidmət almaq üçün nə etməlidir?
Suala aydınlıq gətirən A.Əhmədova bildirib ki, rayon qeydiyyatında olan şəxslər hazırda yaşadıqları yerdə müvəqqəti qeydiyyata düşməlidirlər. Bunun üçün Daxili İşlər Nazirliyinə müraciət edərək müvəqqəti qeydiyyata alma ilə bağlı arayış almalıdırlar. Pulsuz xidmət almaq üçün tibb müəssisəsinə müraciət edərkən həmin sənəd də təqdim edilməlidir. Əks halda, onlar bu xidmətdən yararlana bilməyəcəklər.
Onu da qeyd edək ki, icbari tibbi sığortanın xidmətlər zərfi ilkin səhiyyə xidmətləri, təcili tibbi yardım, ambulator və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edir. Ambulator şəraitdə müalicə alan şəxslər dərmanları öz vəsaitləri ilə almalı olacaq. Ancaq stasionar müalicə alarkən dərman və tibbi ləvazimatlara görə əlavə ödəniş tələb olunmur.
İlkin səhiyyə xidmətləri poliklinikalarda, sağlamlıq mərkəzlərində və tibb məntəqələrində göstərilir.