İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APress.az Teleqraf.com-a istinadən xəbər verir ki, İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib.
Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun Mican kəndindəki yaşadığı evə baxış keçirilib. Oradan müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkarlanıb.
Müəyyən edilib ki, Məhərrəm Əhmədov öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirərək müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub. O, ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti mənimsəyib.
Baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilib.
Məmur nədə ittiham olunub?
İstintaq orqanı tərəfindən Məhərrəm Əhmədovun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib.
“Yaşadığım evdə axtarışa etiraz etmədim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm Əhmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, qeyd edib ki, 65 yaşı tamam olub: “Səhhətində bir sıra problemlər var. Ağır diabet xəstəsiyəm, həmçinin ürək və böyrək çatışmazlığından əziyyət çəkirəm. Uzun müddət dövlət xidmətində işləmişəm. 34 il dövlət qulluqçusu olmuşam, dövlət qulluqçusunun müşaviriyəm.
Dövlət başçısı məni 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif edib. Həyat yoldaşım “Hepatit C” xəstəliyindən əziyyət çəkir və çox ağır vəziyyətdədir”.
Məhərrəm Əhmədov daha sonra ifadəsində onun həbs edilməsi ilə bağlı keçirilən əməliyyatdan danışıb: “2020-ci il tarixdə bazar günü evdə olmuşam. Günortadan sonra nəvələrimin yanında istirahət edən zaman birdən qapıdan səs gəldiyini eşitdim. Oradakı şəxslər mənim adımı çəkdilər. Həmin şəxslərin rayona bələd olmayan şəxslər olduqlarını başa düşdüm. Həmin şəxslər gələrək mənə yaxınlaşdı. Mənim haqqımda sosial şəbəkələrdə müxtəlif mənfi məlumatlar yazıldığını, guya dövlət tərəfindən ayrılan ərzağı evimə apardığımı, həmin ərzaqları qohumlarıma payladığımı və yaşadığım evdə axtarış etməli olduqlarını bildirdilər. Mən həmin şəxslərin yaşadığım evdə axtarış aparmalarına etiraz etmədim”.
“Rüşvət almadığımı bildirdim”
Məhərrəm Əhmədov qeyd edib ki, daha sonra həmin şəxslər ona rəsmi formada geyinməsini və iş yerinə də gedəcəklərini bildiriblər: “İş yerimə gedən zaman həmin şəxslərin bir hissəsi yaşadığım evdə qaldı. Onlar evdə axtarışa davam etdilər. Digər şəxslər isə iş yerimə getdilər. Onlar mənim xidməti otağıma daxil olaraq otaqdakı seyfi açdılar.
Həmin seyfdən iki gün əvvəl aldığım əmək haqqı, yəni 950 manat məbləğində pul aşkarladılar. Seyfdə aşkar olunan pulu masanın üstünə yığaraq şəklini çəkdilər. Pul dəsti 20 manatlıq əskinazlardan ibarət idi, əmək haqqım idi.
Həmçinin xidməti otaqdakı şkafda iki ədəd köhnə, işlənməyən əmək haqqı kartı vardı. Həmin şəxslər əmək haqqı kartlarını da götürərək seyfdə əhəmiyyət kəsb edən bir şey olmadığını bildirdilər. Sonra məni prokurorluğa apardılar və gecə saat 02:00-a qədər prokurorluqda saxladılar. Dindirmə olan zaman mənə verilən suallara cavab olaraq rheç kimdən pul, rüşvət almadığımı bildirdim.
Gecə saat 02:00-da tutma protokolu yazıldı və 48 saat müddətində İsmayıllı rayon polis şöbəsində saxlanıldım. Daha sonra Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə gətirilərək orada həbs edildim”.
“İki gözü kordur və imkansız adamdır”
Məhərrəm Əhmədov ona ünvanlanan suallara cavab olaraq bildirib ki, ittiham aktında adları sadalanan şəxslərdən pul almayıb: “Mənimlə birlikdə təqsirləndirilən Vidadi Məmmədovun işə götürdüyü iki nəfər şəxsdən biri mənim qardaşım, biri isə qardaşımın oğludur. İşə götürülən qardaşım birinci qrup əlildir, iki gözü kordur və imkansız adamdır. Həmin şəxslər İsmayıllı Kommunal Müəssisələr Kombinatının rəisi Vidadi Məmmədova ərizə ilə müraciət ediblər”.
Məhərrəm Əhmədov bildirib ki, 2012-ci ildə dövlət başçısının sərəncamı ilə şəhər kəndə birləşdirilib: “Həmin vaxt Mican kəndindən şəhərin mərkəzinə sahibsiz heyvanlar girirdi. Qohumlarım olan iki nəfər həm ətrafı təmizləmək, həm də mal-qaranı qovaraq şəhərin mərkəzinə girmələrinin qarşısını almaq üçün Vidadi Məmmədovun razılığı ilə işə götürülüblər”.
“Kartların yararsız olduğu deyildi”
Məhərrəm Əhmədovun sözlərinə görə, sonradan Vidadi Məmmədov həmin şəxslərin ərizələrini alaraq işdən çıxarıb: “İşdən çıxarılandan sonra həmin şəxslər bir böyükləri kimi mənə müraciət edərək onlara verilən kartların ləğv olunduğunu bildirdi və həmin kartları tullayıb-tullamamalarını soruşdular. Mən də həmin kartların geri istənilə biləcəyini fikirləşdim. Kartlar masamın üzərinə qaldı.
Həmin kartlardan biri 2017-ci ildə, digəri isə 2019-cu ildə verilib. Hər ikisi işləməyən kartlar olub. Sadəcə yadımdan çıxdığı üçün həmin kartları nə sahibinə qaytara, nə də tullaya bildim”.
“Tam qanuni sənəddir”
Məhərrəm Əhmədov bildirib ki, qanunsuz heç bir arayış verməyib: “Nazirlər Kabinetinin 124 saylı qərarına əsasən kənd təsərrüfatı işləri ilə məşğul olan şəxslərə torpaqlarının becərilməsi ilə əlaqədar öz yerlərinə gedib-gəlmələri üçün arayış vermişəm. Bu da tam qanuni sənəddir.
Arayışlarda yazmışdım ki, vətəndaşlar gedib öz torpaq sahələrində, əkin sahələrində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul ola bilərlər. Buna uyğun olaraq İsmayıllı şəhərinin qeydiyyatında olan şəxslərə sənəd vermişəm. Adlarına arayış verilən şəxslər faktiki həmin işlərlə məşğul olublar. Arayış verən zaman heç bir marağım olmayıb. Heç kim məndən arayış alan zaman qarşılığında pul və ya başqa maddi nemət verdiyini deyə bilməz.
Adlarına arayış verdiyim şəxslər nümayəndəliyin kitabçasında qeydiyyatdan keçiblər və arayışlar vətəndaşlara təqdim edilib. Arayış verilən şəxslərin hamısı kənd təsərrüfatı payı, torpaq payı olan şəxslər olublar. Torpaq payı olan şəxslərin yerlərinə gedib-gəlmələri üçün həmin arayışları vermişəm”.
Məhərrəm Əhmədov ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etməyib.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrlik etdiyi kollegiyada baxılıb.
Məhərrəm Əhmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunub.
Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Dövlət əmlakını mənimsəyən məmurun cinayət işinə niyə xitam verilib?
Qeyd edək ki, Məhərrəm Əhmədovla birlikdə saxlanılan Kommunal Müəssisələr Kombinatının direktoru olmuş Vidadi Məmmədovun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə ittiham verilib.
Lakin məhkəmənin qərarı ilə barəsində başlanmış cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilib.
Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
Vidadi Məmmədov cinayət işi üzrə zərərçəkmiş şəxslərlə barışdığı üçün barəsində olan cinayət işinə xitam verilib.
Xatırladaq ki, Vidadi Məmmədov istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilimişdi.
Vidadi Məmmədov ifadəsində göstərib ki, 2009-cu ilin noyabr ayından 2020-ci il tarixə kimi İsmayıllı Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsində işləyib: “İşlədiyim dövrdə iki nəfər şəxsi işə götürmüşəm. Həmin şəxslərdən biri Cəmil Əhmədov olub. Dörd aydan sonra Cəmil Əhmədovun müəssisədə işləmədiyini bilmişəm. Bundan sonra Cəmil Əhmədovu çağırıb ərizəsini alaraq işdən çıxartmışam. Onun qardaşı oğlunu da işə götürmüşəm. Həmin şəxsin atası birinci qrup əlil olub, eyni zamanda diabet xəstəliyindən gözləri kor olub.
Buna görə də, həmin şəxsi işə götürmüşəm və mənə axşamlar saat 18:00-dan 23:00-a kimi şəhərin içərisindəki yaşıllıqlara mal-qara girməyə qoymamasını tapşırmışam. Ola bilsin ki, həmin şəxsin işinə nəzarət etməmişəm, bununla israfçılığa yol vermişəm. Ona görə də, israf olunan 2268 manat məbləğində pulu ödəmişəm.
Bundan başqa cinayət qanunvericiliyinin tələblərinə əsasən həmin məbləğin 25 faizini əlavə olaraq dövlət nəfinə ödəmiş və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmışam”.