Həkimdən “Delta” ştammı ilə bağlı VACİB XƏBƏRDARLIQbackend
Dünya
314

Həkimdən “Delta” ştammı ilə bağlı VACİB XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir ildən çoxdur davam edən pandemiya dövründə koronavirus infeksiyası ilə mübarizə aparılsa da virus mutasiya etməkdə davam edir.
Əvvəlcə “Britaniya” ştammı, daha sonra “Hindistan” ştammı və “Delta/Delta plus” variantları bu gün bir çox ölkələrdə sürətlə yayılmağa başlayıb.
Həkimlərin sözlərinə görə, virusun bu variantı həm yoluxuculuq əmsalına, həm də xəstəliyin perioduna görə daha ağır ola bilər.
Bəs bundan özümüzü necə qoruyaq? Vəziyyətin ağırlaşmağa doğru getdiyi bir dönəmdə infeksiyadan qorunmağın yolları nələrdir?
Oxu.Az-ın bu və digər suallarını Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi, kardioloq Dr. Tamilla Əliyeva cavablandırıb.
O bildirib ku, “Delta” ştammından qorunmağın ən effektiv yolu vaksinasiyadır:
“Koronavirusun ilk dəfə Hindistanda aşkarlanmış “Delta” ştammı artıq dünyanın 100-dən artıq ölkəsində qeydə alınıb. Bu ştamm daha çox Avropa ölkələrində, Maldiv adalarında, ABŞ-da yayılıb. Son günlər Azərbaycanda aparılan tədqiqatların nəticələrinə görə, ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.
İngilis ekspertləri hesab edirlər ki, “Delta” koronavirusun ilkin tipindən 50 % artıq yoluxucudur.
Bir həkim kimi qətiyyətlə deyə bilərəm ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu gün ölkəmizdəki sabit epidemioloji vəziyyətin səbəbi də məhz indiyə qədər aparılan peyvəndlənmə prosesidir”.
Həkim qorunma vasitələrinin istifadəsi ilə bağlı dünya təcrübəsindən də danışıb:
“Göründüyü kimi, dünyada peyvənd olunanların da yeni ştammlara yoluxduğu, amma bu şəxslərin xəstəliyi yüngül keçirdikləri müşahidə olunur. Peyvənd olunanlar xəstəliyi simptomsuz keçirir və xəstəxanaya yerləşdirilmə faizləri olduqca aşağıdır.
Koronavirusun əvvəlki simptomları öskürək, temperatur, nəfəs darlığı, dadbilmə və qoxu hissinin itirilməsi idisə, “Delta” variantının əsas simptomları başağrısı, burun axması, asqırma və boğaz ağrısıdır. Əgər əvvəllər koronavirus əsasən yaşlılara təsir edirdisə, indi gənclər (14-29 yaş arası), xüsusən də yeniyetmələr infeksiyaya daha tez yoluxurlar. “Delta” ştammının fərqləndirici xüsusiyyəti onun mədə-bağırsaqda, həzm sistemində yaratdığı pozğunluqlardır. Belə ki, COVID-19-un “Delta” ştammı ilə yoluxan hər üçüncü xəstədə həzm sisteminin pozulması müşahidə olunur.
Koronavirusun yeni ştammlarının sürətlə yayılması hər birimizi özümüzə və ətrafımızdakılara qarşı məsuliyyətli olmağa çağırır. Belə ki, koronavirusun “Delta” və “Britaniya” ştammları yüksək yoluxdurma riskinə malikdir. Ona görə də, vaksinasiya ilə yanaşı, tibbi maskalardan istifadə, ara məsafənin saxlanılması, gigiyenik qaydalara riayət edilməsi xəstəlikdən qorunmağın etibarlı yoludur”.