Həkimdən XƏBƏRDARLIQ: Yoluxmadan 3 ay sonra hamiləlik…backend
Cəmiyyət
288

Həkimdən XƏBƏRDARLIQ: Yoluxmadan 3 ay sonra hamiləlik…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəstəliyin orta ağır və ağır forması hamilə qadınların hospitalizasiyasına göstərişdir. Yüngül forması hamilə qadının ailə üzvlərinin səhhətinə təhlükə yaratmırsa, ev şəraitində sahə həkiminin və mama-ginekoloqun nəzarəti altında müalicə ala bilər. Ümumi müalicəyə orqanizmin maye-elektrolit balansının tənzimlənməsi, simptomatik müalicə (temperaturun salınması, diareya əleyhinə müalicə) daxildir.

Bu sözləri Publika.az-a açıqlamasında Respublika Perinatal Mərkəzinin direktoru Məryəm Rzayeva deyib. Koronavirusun hamiləliyə təsirindən danışan M.Rzayeva bildirib ki, bədən hərarəti 38 C və 38 C-dən yuxarı olduqda temperaturu salmaq üçün dərman təyin edilir:

“Bu halda hamilə qadınlar üçün seçim preparatı Parasetamol tərkibli olmalıdır. Hamiləliyin I trimestrində orqanogenez prosesi getdiyindən koronavirusa yoluxmaq risklidir. III trimestrində isə fizioloji olaraq anada hiperkoaquliyasiya olduğu üçün həm anada, həm də döldə tromboemboliya, dölün antenatal ölümü, ciftin vaxtından əvvəl ayrılması və s. kimi risklər mövcuddur.

Koronavirus həm də abort səbəbi ola bilər, 10 faizə qədər düşük riski yaradır. Döl qişalarının vaxtından əvvəl cırılmasına, vaxtından əvvəl doğuşa, dölün bətndaxili infeksiyalaşmasına və s. səbəb ola bilər.

Bir neçə ölkədə aparılan tədqiqatların nəticəsinə əsasən, hamilə qadının COVID-19 infeksiyasına yoluxma və xəstələnmə riski yüksəkdir, yoluxan hamilə qadınlar həm hamiləliyi, həm də xəstəliyi ağır keçirir. Xəstəliyin stabil gedişatı fonunda qəfil kritik vəziyyətin yaranması və ölüm halları hamilə olmayan qadınlarla müqayisədə yüksəkdir.

Həm uşağın, həm də ananın sağlamlığına təhlükə yaradan fəsadlara tez-tez rast gəlinir. Lakin onu qeyd etmək lazımdır ki, tədqiqat iştirakçılarının 2/3 hissəsi koronavirus infeksiyasını simptomsuz və ya yüngül formada keçirib. Ən çox rast gəlinən klinik əlamətlərdən yüksək hərarət, öskürək, mialgiya qeyd edilir.

Qəbul edilən dərmanların teratogen təsirinin və venoz tromboembolik fəsadların olmaması məqsədi ilə COVID-19 infeksiyası keçirdikdən ən azı 3 ay sonra hamiləlik planlaşdırılması tövsiyə olunur”.

Həkimin sözlərinə görə, dölün anadan vertikal yolla yoluxmasının əsaslı sübutları yoxdur:

“Hamiləlik zamanı virusun anadan uşağa keçməsi az ehtimal olunur, çünki amniotik mayedə, uşaqlıq yolunun sekretində virus aşkar edilməyib. Lakin COVID-19 keçirən hamilələrdə vaxtından əvvəl doğuş, bətndaxili inkişaf ləngiməsi və dölün distressinə daha çox rast gəlinir. Ana südündə də virus aşkar edilməyib”.