Heydər Əliyev niyə ümummilli liderdir?   – Xalqın yaddaş kitabı…backend
Cəmiyyət
692

Heydər Əliyev niyə ümummilli liderdir?   – Xalqın yaddaş kitabı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev niyə bütün dünya azərbaycanlılarının Ümummilli lideridir…

70 il Sovet imperiyasının məngəsində boğulan, 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan elə 70 il öncəki taleyinə qayıdacaqdı: Azərbaycan Xalq Cumhuriyyəti 23 ay yaşadı, Azərbaycan dövləti bu dəfə 20 ay yaşayacaqdı, 1993-cu ilin yay aylarında xalqımız üçün bütün  səhifələr yenidən qapanacaqdı, qara və qırmızı zolaqlar yaxınlaşırdı…

1993-cü ilə qədər biz nələri itirmişdik?

– Milli Şüur və milli təfəkkürümüz darmadağın edilmişdi

– Milli ləyaqət hissimiz aşağılanmışdı

– Milli idarəçilik və dövlətçilik ənənələrimiz məhv edilmişdi

– Milli adət-ənənələrimiz təcavüzə məruz qalmışdı

– Dövlət atributları bir qrup anarxistlərin əlində alətə çevrilmişdi

–  Tükənən və tükənməyən sərvətlərimizin sahibi bəlli deyildi

– Dünya yeni tərəqqiyə hazırlaşırdı, Azərbaycan isə 70 il öncəyə qayıdırdı (bu dəfə necə, hansı şəkildə məhv ediləcəkdi, kim işğal edəcəkdi…), Qarabağ işğal edilmişdi, ölkə xarici kəşfiyyatın oylağına çevrilmişdi, qartal görkəmli Azərbaycan xəritəsi hər kabinetdə, hər masada parçalanmaq üçün hazırlanmışdı

Və bütün bütün bu faciələri, təlatümləri kim aradan qaldıracaqdısa, o, bu xalqın əbədi liderinə, ümummilli sərvətinə çevriləcəkdi.

Heydər Əliyev nə etdi?

Milli şüur və təfəkkürümüzü bərpa etdi, milli ləyaqət hisslərimizi ayaqlar altından götürdü, dövlətçilik ənənələrimizi daha modern formada bərpa etdi, dövlət atributlarımıza inam, etimad qazandırdı, sərvətlərimiz əsl sahibinə – xalqın, dövlətin sərəncamına verildi, ölkə xarici və daxili anarxistlərdən tamamilə təmizləndi, Azərbaycan xəritəsi bütün masalardan qaldırıldı və dövlətimiz 70 öncəki taleyi yaşamadı. Ən nəyahət, 2020-ci ildə işğaldan azad edilən torpaqların “azadlıq konsepsiyası”nın bünövrəsini də məhz sağlığında H.Əliyev qoymuşdu. 17 il sonrakı regional, beynəlxalq şərtləri, Azərbaycanın diktə mexanizmlərini də vaxtında o hazırlamışdı.

Bu siyasət xalqın dəstəyi, səsi hesabına İlham Əliyevin timsalında davam etdirildi və Azərbaycan öz ərazi bütövlüyünü də illər sonra bərpa etdi. H.Əliyev 2003-cü ildə xalqa müraciətində İ.Əliyev haqqında “Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikrini tarixi, milli, ümümbəşəri və inkişafımızın gələcək qarantı olan tezis kimi söyləmişdi: “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var”.

H.Əliyevin müasir Azərbaycan dövlətinin banisi kimi tarixə düşməsini şərtləndirən əsas amillərdən biri onun bütün resursları sıradan çıxarılmış xalqa yeni, tarixi köklərə əsaslanan, monolit ideoloji konsepsiyaya söykənən dövlətçilik ənənələri qurub yaratması idi.

Dünya liderləri Onun haqqında nə deyirdilər?

Heydər Əliyev fenomeninə təkcə bir dövlətin taleyi kontekstində qiymət vermək yanlışdır, onun bütün fəaliyyət istiqamətləri milli və ümümbəşəri dəyərlərə söykənirdi.

Təsadüfi deyil ki, H.Əliyevin vəfatından sonra Rusiya prezidenti Vladimir Putin deyirdi: “…. Heydər Əliyevin vəfatı bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi həyatdan getmişdir”.

ABŞ-ın 43-cü prezidenti Corc Buş Heydər Əliyev şəxsiyyətinin region və dünya üçün əhəmiyyətindən danışarkən belə qeyd edirdi: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar”.

C.Buş H.Əliyevin Azərbaycan xalqının taleyindəki misilsiz rolunu belə dəyərləndiridi: “Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdı”.

Fransanın keçmiş prezidenti Jak Şirak H.Əliyevi “Qeyri-adi şəxsiyyət”, “Müdrik dövlət xadimi”, Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer isə onu “Böhranlı durum zamanı ölkəsinə sabitlik gətirən böyük lider” adlandırırdı.

Hazırda dünya siyasi tarixinin ən önəmli simalarından birinə çevrilən Türkiyə prezidenti R.T.Ərdoğan deyirdi: “Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”.

Azərbaycan təkcə neftdən ibarət deyil – 1969-cu ildən başlayan milli strategiya: O, Azərbaycanın azadlıq toxumlarını necə səpdi? 

1941-1945-ci illərdə II Dünya Müharibəsi zamanı Azərbaycanın 75 milyon nefti, 20 milyon ton benzin istismar olunmuşdu. Bizə “neft ölkəsi”, “yağlı tikə” kimi baxırdılar. Sovet imperiyası ölkədə intellektual təbəqənin formalaşmasının, milli kadrların yetişdirilməsinin qarşısını tamamilə almışdı. Ancaq 1969-cu il iyul ayının 14-də Heydər Əliyev Azərbaycan KP M I katibi seçiləndən sonra sovet respublikaları içərisində Azərbaycana olan münasibət tamamilə dəyişdi. Məhz bu tarixdən sonra H.Əliyev Azərbaycançılıq ideologiyasını əsas amilə çevirdi, ölkədə milli kadrların yetişdirilməsi, xalqın öz tarixi köklərinə qayıtması prioritet məsələ kimi önə çıxarıldı. Bu həmin vaxt böyük risk, güc və sarsılmaz iradə tələb edirdi. Ən ciddi narahatlıq ermənilərdə olur. 5 avqust tarixində H.Əliyev plenumda çıxış edir. O, öz çıxışına qədər plenumda sovet imperiyasına şəni söylənilən bütün tərif dolu nitqləri, çıxışları darmadağın edir. H.Əliyev böyük cəsarətlə Azərbaycan xalqının problemlərindən, iqtisadiyyatdakı çətinliklərdən və milli kadrların yetirişdirilməsinin vacibliyindən danışır. Bu həmin vaxt idi ki, sovet imperiyasında müstəqil, tənqidi çıxışlar qadağan edilmişdi, repressiya maşını tam gücü ilə işləyirdi və respublika rəhbərlərinin sərt çıxışları qadağan edilmişdi. Ancaq H.Əliyev öz xalqının milli maraqlarını önə çəkərək bütün plenum iştirakçılarını vahiməyə sala bilmişdi. Sovet imperiyası heç vaxt belə bir tənqid eşitməmişdi, duymamışdı. Məhz bundan sonra Azərbaycanda misilsiz işlər həyata keçirilməyə başladı: infrastruktur yaradıldı, sosial-iqtisadi həyatın bütün sahələri dirçəldi, qaz, işıq, telefon, su xətləri çəkilməyə başladı, ölkədə iri sənaye, istehsalat müəssisələri quruldu, bütün sahələr üzrə azərbaycanlılardan ibarət milli kadrlar yetişdirildi.

Təsadüfi deyil ki, həmin vaxt ən üst dəhlizlərdə H.Əliyev haqqında belə deyilirdi: “O, Azərbaycanı ittifaq asılılığından xilas edərək ölkəsinin gələcək müstəqilliyini təmin etmiş oldu”. Azərbyacanın gələcək inkişafının, müstəqilliyini şərtləndirən ən vacib amil çatışmırdı: hərbi sahədə vəziyyət. Ona görə də, H.Əliyev böyük təzyiq və təhdidlərə baxmayaraq, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi açdı, ölkədə hərbi kadrlar yetişdirildi, azərbaycanlı gənclər müxtəlif respublikaların hərbi məktəblərində təhsil almağa göndərildi. Azərbaycan xalqı olaraq biz bunun bəhrəsini illər sonra erməni təcavüzkarlarına qarşı mübarizədə, dövlətimizin müstəqilliyinin qorunması zamanı gördük.

O, böyük təqiblərə məruz qalan şair və yazçılarımızı sovet repressiyasından xilas edərək milli ədəbiyyatımızın inkişafına böyük töhfə verdi, pambıqçılıq özünün ən böyük inkişaf mərhələsinə çatdı, səhiyyə ocaqları quruldu, peşəkar həkim-alim ordusu yetişdirildi. Və nəhayət, cəmi 10 sonra bütün sovet respublikaları və dünya Azərbaycanı başqa cür tanımalı oldu. Əgər H.Əliyev bu addımları atmasaydı, ölkədə milli məfkurə yaradılmayacaq, azadlıq səadaları eşidilməyəcək və müstəqilliyimizə qovuşmayacaqdıq. Azadlıq toxumlarını də ilk dəfə o səpmişdi.

Çin siyasətşünasları bəzi ideologiyaları “tarixi qızıl” adlandırırlar. İddia edirlər ki, tarixdə illərlə boyu xalqın, dövlətin əsas güc, inkişaf amilinə çevrilən ideologiyalar heç vaxt süquta uğramır, tarixin arxivinə gömülmürlər və belə bir ideologiay əsrlərlə xalqın mayakına çevrilir.

Heydər Əliyev ideologiyasının mahiyyətini, miqyasını, nəticələrini, gətirdiyi uğurları təhlil etsək, bu ideologiyanı “tarixi qızıl”, xalqın əsas güc amili adandırmaq olar.

Samir FEYRUZOV