İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” verdibackend
Gündəm
1673

İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pirallahı rayon İcra başçısı Vətən Müharibəsində qəhrəmancasına döyüşmüz zabitə süpürgəçi işləməyi təklif edib.

 

Bu barədə İkinci Qarabağ müharibəsi iştirakçısı, taqım komandiri, baş leytenant İqbal Səfərov özü məlumat verib:

 

“Vətən müharibəsindəki qələbəmizdən sonra ordudan tərxis olundum. Müxtəlif tarixlərdə Pirallahı rayon İcra basçısı Vasif İmanovla iki dəfə şəxsən gorüşmüşəm. İlk görüşümüz Xəzər rayon Hərbi Səfərbərlik İdarəsinin məni çağırıb, Cənab Prezidentimizin Sərəncamı ilə İcra hakimiyyətlərində yeni yaradılan Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsində şöbə rəisi kimi mənə iş təklifi etməsindən sonra baş verib. Tam səmimi şəkildə qeyd edim ki, hər iki görüşümüzdə cənab başçı həqiqətən məni yüksək şəkildə qəbul edib. Səmimi söhbətlər aparmışıq, mənim döyüş yolumdan, torpaqlarımızın azad olunmağından və ümumiyətlə bir çox mövzularda bir saata yaxın söhbətləşmişik. Mənə yaraşmaz indi deyəmki, məni qəbul etməyib, ya hörmətsizlik edib. Xeyr, düzü necədirsə, elə də qeyd etmək borcumdu. Mənimlə fəxr elədiyini, hətta bundan sonra onu özümə arxa-dayaq, böyük qardaş bilməyimi söylədiyini də xatırlatmaq boynumun borcudu. Bundan artıq nə istəyə bilərdim ki… Sevincli idim, ona dərin təşəkkürümü bildirdim.

 

Məni Fəxri Fərmanla təltif etdi, şəkillər çəkdirdik. Hətta xatirimdədi mənə “sən kişi kimi döyüşmüsən, kişi kimidə iş istəyirsən, halal olsun” söylədiyini də unutmuram. Görüşdən iki gün əvvəl mənim sənədlərim, şəxsi işim cənab başçıya kadrlar rəisi tərəfindən təqdim olunmuşdu. Sənədlərimin çox gözəl olduğunu, bəyəndiyini,  mənim özümü də şəxsən ona görə çağırdığını, canlı tanış olmaq istədiyini bildirdi. Və mənə dedi ki, “səni heç yerə buraxan deyiləm. Mənə lazımlı kadrsan. Hər şey çox yaxşı olacaq”. İnsanıq, sözlər bir balaca bəzəkli olanda tez inanırıq. Səmimi qəbul edib, inanmışdım”.

 

Baş leytenantın sözlərinə görə, rayondan döyüşlərdə cəmi iki zabit komandir kimi iştirak edib:

 

“Biri mənəm, Allahın qisməti sağ qayıtmışam, digəri isə haqqı rəhmətinə qovuşub, Şəhidlik məqamındadır. Allah rəhmət eləsin qardaşıma!

 

Cənab Prezidentin Sərəncamına əsasən, sözü gedən şöbəyə yerli sakinlərdən və ən əsası döyüşlərdə iştirak etmiş  komandir heyətindən bir nəfəri şöbə rəisi kimi təyin etmək gərəkdiyini mənə Hərbi Səfərbərlik İdarəsi bildirəndə, mən də bununla şərəf duyacağımı demişdim. Həm də başqa namizəd yox idi, tək mən idim. Bu işi həm təklif, həm də xahiş etmişdilər.

 

Yaxın günlərdə Pirallahı rayon icra başçısı Vasif İmanov tərəfindən başqa rayondan olan bir qardaşımız mən rayonda ola-ola müvafiq şöbəyə rəis təyin edildi. Eybi yox, buna bir söz demirəm. Problemim yeni təyin olunan şəxslə bağlı deyil. Ola bilər, məndən daha savadlı, daha qabiliyyətli, daha münasib şəxsdir ki, mən burda ola-ola onu başqa rayondan gətirdilər. Ona bu şərəfli, məsuliyyətli işdə uğur arzu edirəm, yolu açıq olsun.

 

Ali təhsilliyəm, iki diplomum var, xarici dil bilirəm, ATƏT-dən, İngiltərədən, Amerikadan sertifikatlarım, Fəxri Fərmanlarım və ən əsası Cənab Ali Baş Komandanımız tərəfindən Füzuli, Xocavənd və Şuşanın azad edilməsinə görə medallarım var. Bu özü Prezidentimiz tərəfindən bizlərə ayrı bir diqqətdir. Medal üçün getməmişdik ki, amma diqqət ayrı şeydir!”.

 

Keçmiş taqım komandiri qeyd edib ki, həmin şöbəyə başqa adam təyin etdikdən sonra, mayın 5-də icra başçısından ona rayonda süpürgəçi işləməyi təklif edib:

 

“Cənab başçı, mənə küçədə süpürgəçilik işini hansı əsaslarla rəva bilirsiz? Yəqin, sənədlərimə baxıb son nəticə olaraq qərar verdiniz ki, mənim yerim Cənab Prezidentin Sərəncamı ilə yaradılan yeni şöbə yox, məhz küçələrdir. Anlamaqda çətinlik çəkirəm. Anlayan varsa, mənə də izah etsin, mən də anlayım. Bu nə deməkdir?

 

Nəyə əsaslanıb qərara gəldiniz ki, məhz mən buna layiqəm. Yoxsa, mədəni üslubda bizi təhqir etdiyinizin fərqində deyilsiniz? Ola bilər ki, həqiqətən fərqində olmamısınız. Siz o qədər əminsiniz ki, özünüzdən məni bu yolla, üzümə gülə-gülə təhqir edirsiniz?

 

Döyüşçüyə, zabitə, komandirə süpürgəni necə rəva bilirsən? Axı, bizlər bu çətin imtahanı canımızla vermişik. Ayıb deyilmi sizcə də?

 

Bizlərin əli silah tutub, çox şükür 30 ilin həsrətini canlarımızla ödəyərək son vermişik.

 

Paltarlarımız qan içində evlərimizə dönmüşük. Aylarla xəstə yatmışam, bəlkə bir dəfə qapımızı açmısınız? Bəlkə hansısa bir müalicəmizdə köməklik göstərmisiniz? Mənim sol qolum, sağ ayağim hələ də hərəkət çətinliyi çəkir. Bəlkə bircə dəfə olsun ağzımı açıb ya sizdən, ya hansısa bir qurumdan köməklik istəmişəm?

 

Axı, mən bunu niyə etməliyəm ki, şükürlər olsun, müalicəmə öz imkanım çatır. Amma bəs imkanım çatmasaydı, halım necə olacaqdı? Nə olardı ki, bizim də qapılarımız açıla, bizlə də maraqlanalar… Axı biz də bu Vətənin övladlarıyıq. Bu tarixi, şanlı qələbəmizi ucuzlaşdırmayaq. İnsan bir baxar, ən azından nəyi, kimə təklif etdiyinə. Olmaz belə cənab başçı, olmaz! Biz bu Vətənin keşikçiləriyik. Vətənimi qoruduğum kimi yeri gələr süpürərəm də… Həm də sevə-sevə edərəm. Amma bunun üçün sizin köməyiniz gərəkmir. Bu işi tapmaq elə də çətin deyil”.

 

İ. Səfərov şəxsən Prezidentə şikayət edəcəyini deyib:

 

“Mən ona güvənirəm. Buradan müraciət edirəm, rəsmi olaraq da müraciət edəcəyəm. Necə ki döyüşlərdə bizi tək buraxmadı, Komandirlik etdi, əl-ələ verdik, qələbə qazandıq, eləcə də indi bizi bu və bu kimi hallarda öz taleyimizlə baş-başa, tək buraxmasın. Döyüşçüyəm, zabitəm, zabit şərəfim var. Komandirəm və öz komandirimə şikayət edirəm. İnciməyin, cənab başçı!”

 

Pirallahı RİH-dən isə bu barədə məlumatsız olduqlarını dedilər.

 

Qeyd edək ki, Vasif İsmayılov “Azərsu”nun iki gün əvvəl işdən çıxarılan rəhbəti Qorxmaz Hüseynovun qudasıdır.Bakupost