“Çox ağıllı, tərbiyəli uşaq idi. Sinfin ən yaxşı uşağı elə Şəfaət sayılırdı. Onun bu hərəkəti bizi elə sarsıtdı ki… Söz tapmıram. Daha başqalarından nə gözləyək?”
Sfera.az xəbər verir ki, bu gün intihar xəbəri yayılan Şəfaət Məmmədovun müəllimi, Ağdam rayon Orta Qərvənd kənd məktəbinin direktoru Həqiqət Əliyeva lent.az-a açıqlamasında deyir bu sözləri.
Təxminən bir ay öncə aprelin 15-16 da keçirilən buraxılış imtahanlarında iştirak edən 17 yaşlı abituriyent Şəfaət Məmmədov ötən gecə naməlum səbəblərdən özünü tövlədə asıb. Hər kəs onun bu addımı atmasına səbəb kimi imtahanda az bal toplamasını görür.
“63 bal toplayıb. Çox az idi bu onun üçün. Çox savadlı uşaq olub. Axırıncı dəfə onu imtahandan sonra gördüm. Mənə dedi ki, “Müəllim, imtahanı yaxşı vermişəm. Yüksək bal toplayacam”.
Şəfaətin ailədə heç bir basqı görmədiyini deyir Həqiqət müəllimə.
“Ailədə iki uşaq idilər. Bacısı Bakı Slavyan Universitetinin tələbəsidir. O qədər tərbiyəli ailədir ki, heç vaxt ona basqı olmayıb. Düşünmürəm ki, imtahanda az bal topladığına görə də ona hər hansı şiddət etsinlər. Öz gözləntisi yüksək idi. Yəqin ki, öz qarşısında xəcalət hissi keçirib o”.
Qeyd edək ki, 17 yaşlı Şəfaət Məmmədov ötən gün axşam saatlarında yaşadığı evin həyətindəki tövlədə özünü asıb.