İranda prezident dəyişdi – Xarici siyasətdə də dəyişiklik olacaqmı?backend
Dünya
278

İranda prezident dəyişdi – Xarici siyasətdə də dəyişiklik olacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən həftə İranda prezident seçkisi başa çatdı. Qalib isə seçkidə mühafizəkar qanadın namizədi İbrahim Rəisidir.
Maraqlıdır, bundan sonra sözügedən ölkədə nələr dəyişəcək?
Politoloq Turan Rzayev Sfera.az-a açıqlamasında deyib ki, Rəisi İrandakı mövcud rejimə sadiq şəxsdir və onun rəhbərliyindəki İranın Ruhani dövründən fərqli olacağı gözlənilmir:
“Xüsusilə də onun İrandakı mövcud teokratik rejimə sadiq olması rejimin öz mövqelərini daha da möhkəmlətməsinə səbəb olacaq. Düzdür, islahatçılardan kiminsə hakimiyyətə gəlməsi də mövcud rejimə təsir etməyəcəkdi. Çünki İran siyasi sistemində prezidentliyə namizədi Konstitusiya Himayəçiləri Şurası (KHŞ) təsdiqləyir. Şuranın üzvlərini isə İranın ali dini lideri təyin edir. Yəni, əslində prezidenti seçən İranın ali dini lideridir.
Rəisinin prezident seçilməsindən ABŞ və Qərbin narazı qalacağı bəllidir. Çünki rəsmi Vaşinqton ümid edirdi ki, islahatçı qanadın bir namizədi seçkilərdə qələbə qazanacaq və İranla nüvə razılaşması başda olmaqla, bəzi prioritet məsələlər ətrafında razılığa gəlinəcək. Lakin Rəisinin mühafizəkar qanaddan olması və mövcud rejimin maraqları çərçivəsində hərəkət etməsi ABŞ-İran, dolayı yolla Qərb-İran münasibətlərində gərginliyin davam edəcəyini göstərir. İran çətin ki, ABŞ-la nüvə razılaşmasına getsin. Bu da nəticədə ABŞ və Qərbin İrana yeni iqtisadi sanksiyalar etməsinə gətirib çıxaracaq. Bundan əlavə, fars körfəzində də yenə ABŞ-İran hərbi donamasının sürtüşməsinin şahidi ola bilərik”.
Müsahibimiz qeyd edib ki, Rəisinin dövründə İranın Yaxın Şərq siyasətində yenidən aktivlik müşahidə edilə bilər: “İranın bir müddətdir səngiyən “Şiə Hilalı” siyasəti Rəisi ilə birlikdə yenidən aktivləşə bilər. Hətta bu istiqamətdə Tehranın İraq, Livan, Suriya, Yəmən və Fələstində maliyyələşdirdiyi şiə ideologiyalı radikal qruplaşmaların yenidən fəallaşma ehtimalı var. Həmçinin Rəisi dövründə İran xarici siyasətində Fələstin mövzusu yenə əsas prioritet olaraq qalacaq. Yəni yaxın növbəti bir İsrail-Fələstin gərginliyinin şahidi ola bilərik. İsrailin yeni Baş naziri Naftali Bennet ilə İbrahim Rəisininin bu məslədə necə bir addım atacağını isə, hər halda, qarşıdakı zaman göstərəcək.

Həmçinin İranın maliyyə baxımından Çindən daha da asılı hala gələcəyini düşünürəm. Rəsmi Pekin onsuz da region ölkələrinə böyük miqdarda investisiya yatırır. Əvəzində isə bu ölkələrin tədricən xarici siyasətində söz sahibi olur. Bənzər proses uzun müddətdir Rusiya ilə də gedir. Bu mənada Rəisi dövründə Çinin İrana investisiya yatırımı davam edəcək və İran bunu ehtimal ki, iki sahəyə – Uranın zənginləşdirilməsi və silahlanmaya xərcləyəcək. Beləcə rəsmi Pekin Qərb ilə arasında Rusiya kimi İran səddini də qoruyub saxlaya biləcək. Digər tərəfdən, İranın ən azından hərbi müstəvidə güclənməsi Çinin maraqlarına uyğundur. Çünki bu zaman Vaşinqtonun diqqəti Pekindən öncə İrana yönələcək. Bu isə iqtisadiyyatını və ordusunu gücləndirən Çin üçün bir qədər də vaxt udmaq mənasına gəlir”.

Politoloq son olaraq vurğulayıb ki, istənilən halda İran xarici siyasətinə Rəisidən öncə sadiq olduğu mövcud rejim qərar verəcək və Azərbaycanla münasibətləri də həmişəki kimi həmin üst qurumlar yönləndirəcək.