“Əcnəbilərin Ermənistanda 10 gündən çox qalması halında COVID-19-a qarşı peyvəndlənməsinə icazə verilir”.
Yenisabah.az “Həmşəhri”yə istinadla xəbər verir ki, bunu Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan bildirib.
İran qəzetinə verdiyi müsahibəsində səfir qeyd edib: “Hazırda Ermənistanda epidemioloji vəziyyət qənaətbəxşdir, lakin sayıqlığın itirilməsi arzuolunmaz nəticələrə səbəb ola bilər. Son bir neçə həftə ərzində həm xəstələnmə, həm də ölüm nisbətlərində sabitləşmə baş verib. Koronavirus epidemiyasının qiymətləndirilməsinə gəldikdə, Aİ Ermənistanı “yaşıl zona” kimi tanıyıb”.
Səfir İran vətəndaşlarının peyvənd üçün Ermənistana səfərinə və bəzi İran rəsmilərinin İranlılara peyvənd üçün Ermənistana getməməyə çağırışlarına toxunub. “Mediada və sosial şəbəkələrdə bəzi məmurlardan və şəxslərdən şərhlər gördüm. Həqiqətə uyğun olmayan xəbərlər, hətta yersiz ifadələr var idi. Ermənistanla İran arasında yüksək səviyyədə olan münasibətlər halında reallıqla heç bir əlaqəsi olmayan məsələləri müzakirə etmə mənasızdır. Bəzi anlaşılmazlıqlar səbəbindən vəziyyət haqqında bir az məlumat verməyi lazım bilirəm. Aprelin 23-də Ermənistanın xarici işlər nazirinin bir sərəncamı dərc edilib, bu da Ermənistandakı əcnəbilərin könüllü və pulsuz vaksinasiyasına icazə verib. Bu qərar, Ermənistanda fəaliyyət göstərən bir sıra xarici diplomatik və beynəlxalq təşkilatların, habelə müxtəlif şərtlərə görə Ermənistanda olan digər şəxslərin ölkəmizə peyvənd üçün çoxsaylı müraciətlərinə əsaslanır. Göstərilən müddətdə bu fürsətdən, iranlılar da daxil olmaqla, müxtəlif ölkələrin vətəndaşları istifadə etdilər. Mövcud prosedurda bir dəyişiklik edilib, ona görə əcnəbilərin 10 gündən çox Ermənistanda olduqları təqdirdə koronavirusa qarşı vaksinasiyasına icazə verilir. Bu, peyvənd olunma prosesini daha hədəfli hala gətirəcək”.