Ötən gün axşam saatlarında İstanbulun Başakşehir rayonunda, küçənin ortasında iki silahlı qrup arasında atışma olub.
KONKRET.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, atışmada 3 nəfər öldürülüb, bir nəfər suriyalı yaralanıb. Ölənlərdən birinin azərbaycanlı olduğu bildirilib.
Hamısı xarici vətəndaşlar olan 6 nəfər arasında əvvəlcə sözlü mübahisə olub, daha sonra silahlar işə düşüb. Atışma zamanı Rusiya vətəndaşı olan iki çeçen-Z.N. və K.Y. aldıqları güllə yaralarından hadisə yerində ölüblər. Azərbaycan vətəndaşı R.R. isə yaralı halda xəstəxanaya çatdırılıb, amma orada keçinib. Bir suriyalının da ağır yaralandığı, reanimasiyada olduğu bildirilir.
Atışmanın pul məsələsinə görə baş verdiyi qeyd olunub. Atışma zamanı yaralanan suriyalının yanında olan 3 Gürcüstan vətəndaşının qaçdığı məlum olub. Polis hər yerdə onları axtarır. Polis öldürülən 2 çeçenlə eyni qrupda olan və hadisə yerindən qaçmağa imkan tapmayan 3 şübhəlini saxlayıb. Hadisə insanların gediş-gəlişinin sıx olduğu yerdə baş verib, bəziləri mobil telefonlarla baş verənləri çəkiblər.