“Hesab edirəm ki, kafe və restoranların yenidən bağlanılması yanlış addım olardı. Bu, çıxış yolu deyil. Pandemiya dövründə bütün qaydalara və verilən göstərişlərə əməl edilməlidir. Bu yolla virusun yayılmasına şərait yaradılmayacaq”.
APress.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, kafe və restoranların yenidən bağlanılması sahibkarların belini qırmaq, yoxsullaşdırmaq deməkdir: “Belə olan təqdirdə həmin sahədə çalışan işçilər sıradan çıxacaq. Bu insanlara gərək aldıqları məvacib qədər pullar verilsin ki, evlərinə çörəkpulu apara bilsinlər. İndiki vaxtda belə bir addımı yanlış hesab edirəm.
Bütün bunlara rəğmən məhdudlaşdırmalar aparmaq mümkündür. Amma əvvəlki təcrübədə olduğu kimi 20:00-a kimi deyil, 23:00-a qədər məsafə saxlamaqla məhdudlaşdırmalar aparıla bilər. Əgər insanlar axşam yeməyini haradasa yemək istəyirsə, buna maneə yaratmaq düzgün olmazdı”.
Deputat həmçinin karantin postlarının qurulmasına da münasibət bildirib: “Digər tərəfdən tətbiq olunacaq məhdudlaşdırmalara postların qurulması da daxildir. Lakin burada belə bir məsələ var ki, hamıya sms-lə hərəkət etməyə icazə verildiyi halda, postlarda polis əməkaşları böyük zülm çəkirlər. Bu postlarda avtomobil tıxacları yaranır, vətəndaşların gecikməsi baş verir. Bizdə avtomobil yolları o qədər geniş deyil ki, bir yol saxlanılsın, rəsmi icazəsi olanlar rahat keçə bilsin. Bütün avtomobillər yoxlanılarkən isə böyük bir kütlə əziyyət çəkir.
Yaxş olardı ki, yol polisləri şübhələndiyi avtomobili saxlayıb, icazəsinin olub-olmadığını yoxlasın. Əgər qanunvericilik pozulubsa, həmin şəxslər də cəzalandırıla bilər. Digər halda tıxac yaranmaqla problemi həll etmək olmur.
Həmçinin Novruz bayramı ərəfəsində vətəndaşların rayonlara getməsinə şərait yaratmaq lazımdır. Bu yolla şəhər boşala bilər. Digər tərəfdən rayonda məsafə saxlamaq daha rahat olur. İnsanlar buna əməl etməyə məcburdurlar və orada da nəzarət mexanizmi var. Nəzarət güclənsə, bu periodu da az itkilərlə keçə bilərik”.