Şimali Koreya lideri Kim Çen İn ölkəsinin böyük qida problemi ilə qarşı-qarşıya olduğunu və yaşanan aclığın narahatlıq verdiyini etiraf edib.
APress.az xəbər verir ki, dünən İşçi Partiyası Mərkəzi Komitəsinin plenar iclasında çıxış edən Kim Çen İn ölkədəki qıtlıq və digər problemlərə toxunub.
Ölkənin rəsmi xəbər agentliyi “KCNA”nın xəbərinə görə Kim Çen İn ölkədəki qida çatışmazlığının narahatlığa çevrildiyini qeyd edərək kənd təsərrüfatı sahəsində istehsalı artırmaq üçün işə başlayacaqlarını açıqlayıb.
O, beynəlxalq təşkilatları problem barədə danışıqlara dəvət edib.
Pandemiyaya baxmayaraq Şimali Koreya iqtisadiyyatının 2020-ci ildə 25% böyüdüyünü bildirən Kim Çen İn ötən il baş verən fırtınanın məhsullara böyük ölçüdə zərər verdiyini, bu növ təbii fəlakətlərin təsirlərini minimuma endirməyin vacib olduğunu qeyd edib.
Şimali Koreya lideri ölkədəki aclığa baxmayaraq COVID-19-la bağlı məhdudiyyətlərin davam edəcəyini vurğulayıb.
Xatırladaq ki, o, aprel ayında ölkəsinin koronavirus məhdudiyyətlərindən və iqtisadi vəziyyətin gündən-günə pisləşməsindən sonra tarixinin ən çətin dövrünü yaşadığını açıqlamışdı.