“Kollec direktorunun 10 minlərlə manat yeyintisinə Nazirlik niyə göz yumur?” – Qazaxdan şikayətbackend
Təhsil
313

“Kollec direktorunun 10 minlərlə manat yeyintisinə Nazirlik niyə göz yumur?” – Qazaxdan şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax Dövlət Sosial-İqtisadi Kolleci ilə bağlı şikayət var. Redaksiyamıza ünvanlanan şikayətdə kollecin direktoru Elşad Quluyevin ciddi pozuntular etməsi, yeyinti etməsi və özbaşına qərarlar, əmrlər verməsi ilə bağlı ciddi iddialar və ittihamlar var.

Correct.az saytına müraciət edən Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə sabiq direktor müavini Nicat Göyüşov bildirir ki, Elşad Quluyev onu öz qanunsuz əməllərinə şərik etməyə çalışdığı üçün məcburiyyət qarşısında qalaraq öz ərizəsini yazaraq işdən çıxmalı olub:

“Elşad Quluyev dövlət vəsaitini qanunsuz yerə sərf edir. Eyni zamanda hansısa maraq qarşılığında ixtisası uyğun gəlməyən şəxsləri müəllim olaraq işə götürüb, onlara maaş verilməsi kimi cinayət sayılacaq əməllərə məni də şərik etmək istəyirdi. Buna razılıq vermədiyim üçün onun çoxsaylı təzyiqlərinə məruz qalırdım. Məni bu qanunsuz əməllərinə ortaq edə bilmədiyi üçün də paralel olaraq nüfuzumu ləkələməyə, məni gözdən salmağa çalışırdı. Bu barədə işlədiyim müddətdə Təhsil Nazirliyinə müraciət etsəm də heç bir müsbət cavab almadım. Nazirliyin onu himayə etməsi isə Elşad Quluyevi daha da rövnəqləndirdi, əl-qolunu açdı. Belə olan təqdirdə əmək fəaliyyətimin, əmək kitabçamın ləkələnməməsi üçün məcburiyyət qarşısında qalıb ərizəmi yazaraq işdən ayrıldım”.

Sabiq müavin qeyd edir ki, işdən ayrıldıqdan sonra da Təhsil Nazirliyinə müraciət edib. Lakin nazirlik onun müraciətlərinə cavab xatirinə cavab verib və onun təqdim etdiyi faktlar müxtəlif bəhanələr gətirilərək araşdırılmayıb:

“İşlədiyim və məcburi ərizə yazıb işdən ayrıldığım gündən sonra müxtəlif vaxtlarda Təhsil Nazirliyinə müraciətlər etmişəm. Şəxsən Nazirliyə ünvanladığım məktublarıma cavab ala bilmədiyim üçün Birinci Vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya da məktub yazdım. Həmin məktubum cavablandırılması üçün Təhsil Nazirliyinə göndərilib. Nəhayət ki, Nazirlikdən cavab aldım, amma bu cavab xatirinə cavab idi. Yazıblar ki, sizin işə bərpa olunmaqla bağlı Birinci Vitse-Prezident Katibliyinə etdiyiniz müraciətə Təhsil Nazirliyində baxıldı. Məktubun elə bu cümlə ilə başlaması cavabın cavab xatirinə verildiyini göstərir, çünki mən hörmətli Birinci Vitse-prezidentimizə işə bərpa olunmaqla bağlı deyil, Kollecdəki qanunsuzluqların aradan qaldırılmasına köməklik göstərməsi üçün müraciət etmişdim, sonda da əlavə etmişdim ki, dövlətimizə zərər vuran şəxslərin əməlləri lazımınca qiymətləndirilərsə, mənim də işimə bərpa olunmağıma şəriat yaranar. Əlqərəz, bu cavaba uyğun olaraq yenidən hörmətli Mehriban xanım Əliyevaya müraciət etdim, Kollecdə ciddi yeyintilərin, qanunsuzluqların olduğunu bildirdim və əvvəlki müraciətimdə də bunları yazmağıma baxmayaraq Nazirliyin həmin fikirlərin üstündən sükutla keçdiyini vurğuladım. Məktubum yenidən cavablandırılması üçün Təhsil Nazirliyinə göndərilib. Təhsil Nazirliyi isə bu dəfə daha maraqlı cavab verdi. Deməli cavab yazıblar ki, Koronavirus pandemiyası səbəbilə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Pandemiyadan sonrakı dövrdə sözügedən məsələ ilə bağlı əsaslı sübutlar və faktlar təqdim edildiyi təqdirdə müvafiq araşdırma başlanıla bilər”.

Nicat Göyüşov Təhsil Nazirlyinə hansı qanunsuzluq faktlarını təqdim etdiyinin siyahısını da açıqladı və bildirdi ki, sabiq Baş prokuror Zakir Qaralovun Təhsil Nazirliyində işləyən qardaşı qızı Gülnarə Qaralova da adıçəkilən direktora müxtəlif formada himayə edir və ona dəstək verir:

1. Təsərrüfat sahəsində alınmayan 10 minlərlə manat dəyərində malların, avadanlıqların qaimələri.

2. Dizel yanacağı ilə işləyən qızdırıcıların təhsil müəssisələrində işlədilməsinin qadağan olunduğu halda 2083 litr dizel yanacağı işlənməsinə dair yanacaqdoldurma məntəqəsinin Kollecə təqdim etdiyi qaimə. Bu qədər dizel yanacağı hara işlənib?

3. İxtisası Kollecdə tədris olunan heç bir fənni keçməyə imkan verməyən şəxslərə dərs yükünün bölünməsi ilə bağlı direktorun absurd əmri.

4. Vüqar Eyyubov adlı şəxsi özbaşına özünə Tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin etməsini sübut edən əmr və təqdimatlar.

Halbuki Tədris işləri üzrə direktor müavini vəzifəsinə təyinatı yalnız Təhsil naziri həyata keçirə bilər.

5. Nazirlər Kabinetinin qəbul etdiyi 2016-cı il tarixli qərarına məhəl qoymayan direktorun 2017-ci ildə yalnız dövlət hesablı təhsil alan tələbələrə təqaüd əmri.

Qeyd: Nazirlər Kabinetinin həmin qərarına görə 2016-cı ildən etibarən ödənişli əsaslarla təhsil alan tələbələr də təqaüd almaq hüququna sahibdirlər.

6. 2017-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (maddə ilə) işdən azad etdiyi Əyani şöbə müdirini heç bir məhkəmə

qərarı olmadan 2018-ci ildə işə bərpa edib 2020-ci ilə qədər maaş verməsi.

Bu hal həm də onu göstərir ki, direktor istədiyi adamı maddə ilə işdən çıxara, maraqlarını təmin edəndən sonra da işinə bərpa edə bilər.

7. Təhsil Nazirliyinə müvafiq ştatlara maaşa əlavə yardımların verilməsi üçün icazə almaq məqsədilə göndərdiyi cədvələ müsbət cavab veriləndən sonra həmin cədvəldə qeyd olunan ştatlarda dəyişiklik edib Qazax rayon Maliyə İdarəsinə təqdim etdiyi sənədlər.

Əslində isə Maliyə İdarəsinə Təhsil Nazirliyinin icazə verdiyi cədvəl təqdim edilməli idi.

8. Tələbələrə təqaüd verilməsi üçün Nazirliyə göndərilən cədvələ Tədris işləri üzrə direktor müavini qol çəkməli olduğu halda, Tədris hissə müdirinin imza atdığı sənəd.

Qeyd: Nicat Göyüşov bildirir ki, mən dərsə gəlməyən tələbələrə qiymət yazıldığına və onların bəzilərinə bu səbəbdən təqaüd düşdüyünə görə bunun dövlətə ziyan vurmaq olduğunu görüb müvafiq sənədləri təsdiqləməkdən imtina etdim. Direktor isə bu qanunsuzluqları aradan qaldırmaq əvəzinə daha asan yol tapdı, mənim qol çəkməli olduğum sənədi Tədris hissə müdirinə imzalatdı. Maraqlıdır, Təhsil Nazirliyi də o sənədi geri qaytarmadı ki, burada Tədris hissə müdirinin yox, Tədris işləri üzrə direktor müavininin imzası olmalıdır.

9. Tədris planlarında nəzərdə tutulmayan yüklərin müəllimlərə verilməsini göstərən və bu problemin aradan qaldırılması üçün direktora ünvanlanan hər iki əyani şöbə müdirinin təqdimatı.

Qeyd: Əyani şöbə müdirləri bu təqdimatla 4380 saat yükün şişirdilərək müəllimlərə bölünməsini direktora bildiriblər. Bu qədər akademik yük 8 müəllimin tam, 1 nəfər müəllimin isə yarım ştat dərslə təminatı deməkdir. Bu da il ərzində təxminən 20 000 (iyirmi min) manatın havaya sovrulmasıdır.

10. Direktorun qanunsuz əməlləri, bundan qazandığı sərvəti barədə Təhsil nazirinə Kollecin hər iki əyani şöbə müdirinin birgə məktubu.

11. Ümumi orta təhsil bazasından qəbul olunan tələbələrin birinci kursda 18 fəndən imtahan edilməli olduqları halda əsasən 15, bir neçə qrupda isə 16 fəndən imtahan edildiklərinə dair müvəffəqiyyət (forma 7) cədvəlləri.

İmtahan olunmayanlar Xarici dil, Azərbaycan tarixi, Azərbaycan dili və nitq mədəniyyəti fənləridir.

Deməli, o zamankı qaydalara görə 1-ci kursda 2 fəndən çox kəsri olan tələbə tələbələr sırasından xaric edilirdi. Burada isə bir çox qrup (tələbə yox, məhz qrup) 3 fəndən imtahan edilməyib. Bəs direktor onların

kursdan-kursa keçmə əmrini necə verib, necə onları sonda təcrübələrə, dövlət imtahanlarına buraxıb, onların diplom almasını təmin edib? O diplomlar geri çağırıla bilərmi və ya direktor buna görə cavab verəcəkmi?

12. Qanunsuz dərs yükü bölgüsü əsasında işlənmiş tarifikasiya sənədinin yenə də Tədris işləri üzrə direktor müavini əvəzindən Tədris hissə müdirinə imzaladıldığını göstərən fakt.

Bunu da Nazirlik geri göndərməli və soruşmalı idi ki, tarifikasiyanı Tədris işləri üzrə direktor müavini vəzifəsinin başında olduğu halda niyə Tədris hissə müdirinə imzalatmısınız?

13. Dərs yükü bölgüsü zamanı Dövlət Attestasiya Komissiyasının (bundan sonra DAK) üzvlərinin təyin əmri olmadan onların hər birinə 30 saat akademik yükün ayrılması faktı.

Burada iki qanunsuzluq birdən edilib. Deməli, DAK-ın sədri və üzvləri tədris ilinin ikinci yarımilində müəyyənləşir. Dərs ilinin əvvəlindən onlara yük ayırmaq ümumi dərs yükünü şişirtmək üçün atılmış addımdır. İkinci tərəfdən isə mövcud qaydalara əsasən Dövlət İmtahanı nəticələrinin yoxlanmasına 2 tələbəyə üçün 1 akademik saat yük ayrıla bilər. Deməli, maksimum tərkibi olan bir qrup üçün DAK-ın sədri və üzvlərinin hər birinə 15 saat akademik yük nəzərdə tutula bilər, bəs Kollecin dərs yükü bölgüsündəki 30 saat hardan çıxıb? DAK üzvlərinə 30 saat yük vermək üçün qrupda 60 nəfər tələbə təhsil almalıdır. Qaydalara görə isə qruplar maksimum 30 nəfərdən ibarət təşkil edilir.

14. 2018-ci ildə Təhsil Nazirliyindən Kolleclərə göndərilən təlimatda qeyd olunur ki, ümumi orta təhsil bazasından qəbul olunan tələbələr bundan sonra 3 fəndən – tədris dili, riyaziyyat, xarici dil fənlərindən imtahan olunmalıdırlar. Dərs yükünü şişirtmək üçün bu qaydanın nəzərə alınmadığını göstərən fakt.

Məsələn, dərs yükü bölgüsündə 1-ci kursda təhsil alan tələbələrin mənimsədiyi informatika fənninə imtahan nəzərdə tutulmadığı halda imtahan nəticələrinin yoxlanılması üçün saatlar nəzərdə tutulub.

“Hamı deyir Kollecin direktorunu niyə məhkəməyə və ya prokurorluğa şikayət etmirdin? Sabiq baş prokuror Zakir Qaralovun Təhsil Nazirliyində işləyən qardaşı qızı Gülnarə Qaralovanın direktora dəstək durduğu Kollecdə demək olar ki, heç kəsə sirr deyil. Bunun əyani şahidi də olmuşam. Yəqin ki, qarşıdakı günlərdə o barədə də detallı açıqlama verəcəm, amma və lakin bu səbəblə şikayətlərə baxılmır deyə düşünürəm. 4-5 ay öncə yanımdaca Respublika Prokurorluğunun qaynar xəttinə zəng edib şikayət bildirən şöbə müdiri hələ də cavab gözləyir. Xahiş edirəm ki, şikayətimi ictimailəşdirəsiniz və ölkə başçısının bu məsələdən xəbərdar olması üçün mənə köməklik göstərəsiniz. Xahiş edirəm ki, aidiyyəti qurumlar məsələyə biganə yanaşmasınlar və qeyd etdiyim məsələlərlə bağlı araşdırma aparsınlar”.

Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə müvafiq informasiya sorğusu göndərilib.

Yazıda səsləndirilən iddialarla bağlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.