Böyük Britaniyada 10 aydan sonra ilk dəfə koronavirusdan ölüm halı qeydə alınmayıb.
Sfera.az bildirir ki, elm adamları pandemiyanın üçüncü dalğasını nəzarətdə saxlamaq üçün əlavə məhdudiyyətlərə ehtiyac ola biləcəyini desələr də, Böyük Britaniya artıq koronavirusla mübarizədə müəyyən etdiyi yol xəritəsinin sonuncu mərhələsinə keçmək üzrədir.
Lakin bu istiqamətdə fikirlər də haçalanıb. Belə ki, İngiltərənin Səhiyyə naziri Mat Hankok son statistikanı peyvəndlərin infeksiya ilə ağır xəstəlik arasındakı əlaqəni pozduğunun sübutu kimi qiymətləndirsə də, tədqiqatçılar rəqəmlərin artacağı ilə bağlı xəbərdarlıq edir.
Digər tərəfdən ölkənin baş naziri Boris Conson da 21 iyunda sosial məhdudiyyətləri aradan qaldırmağa davam edəcəyini bildirib. Lakin B.1.617.2 adlı Hindistan variantının İngiltərənin bəzi bölgələrində sürətlə yayılması daha çox insana vaksin vurulana qədər hökumətin yol xəritəsindəki son addımını təxirə salması istiqamətində çağırışlara səbəb olub. Hətta ötən günlərdə bəzi elm insanları üçüncü dalğaya nəzarət etmək üçün əvvəlki məhdudiyyətlərin yenidən tətbiqinə ehtiyac olduğunu irəli sürüblər.