Koronavirusun mutasiyaya uğramasının qarşını almaq mümkün olacaqmı? – Professordan AÇIQLAMAbackend
Gündəm
294

Koronavirusun mutasiyaya uğramasının qarşını almaq mümkün olacaqmı? – Professordan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bildiyimiz kimi Böyük Britaniya və digər ölkələrdə COVID-19-un mutasiyaya uğraması nəticəsində yaranan ştammların daha çox yoluxduruculuğa və ölümə səbəb olduğu açıqlanıb.
Maraqlıdır, koronavirusun mutasiyaya uğraması hansı hallarda baş verir? Ümumiyyətlə, virusun mutasiyasının qarşısını almaq mümkündürmü?
Məsələ ətrafında Sfera.az-a danışan Türkiyənin Biotexnologiya İnstitunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov bütün ştammların eyni respiratora malik olduğunu bildirib:
“Bəzi hallarda Britaniya ştammını və digər növləri yeni növ virus kimi təqdim edirlər. Lakin bütün yeni ştammlar insanda olan eyni respiratora bağlıdır. Yeni ştammlar COVID-19-un mutasiya olunmuş variantıdır ki, bu da insan bədənində formalaşır. Belə ki, ənənəvi virus immun sistemi zəif olan şəxslərin bədənində mutasiyalara uğrayır. Yəni rebonuklein turşusunda bir nuklein dəyişir, bununla da yeni ştamm yaranır”.
Professor COVID-19-un iki fərqli virusdan yarandığını qeyd edib:
“Ümumilikdə qeyd edim ki, mutasiya, virusun genomunda, yəni genetik materialında hansısa səhvin meydana gəldiyi zaman formalaşır. Mutasiyadan sonra kiçik genetik dəyişikliklər baş verdiyi halda, böyük genetik dəyişikliklər rekombinasiya (yenidən birləşmə) yolu ilə baş verir. Məsələn, Covid-19 pandemiyasına səbəb olan SARS-Cov-2-nin yarasalarda tapılan bir virusun vasitəçi bir heyvanda başqa bir virusla birləşməsindən sonra meydana gəldiyi iddia olunur”.
Müsahibimiz mutasiyanın qarşısının alınmasının mümkünsüz olduğunu diqqətə çatdırıb:
“Mutasiya virusa xas olan əlamətdir və qarşısını almaq mümkün deyil. Mutasiya virusu daha yoluxucu və ya daha zəhərli edə bilər, eyni zamanda əks istiqamətdə inkişafına səbəb ola bilər. Bu baxımdan maksimum dərəcədə xəstəliyə yoluxmuş şəxslər insanlar arasından təcrid olunmalıdır. Müxtəlif virusların daşıyıcısı olan şəxslərin təması isə xüsusilə təhlükəlidir. Çünki qeyd etdiyim kimi, rekombinasiya yolu ilə iki virus birləşə və yeni növ meydana gələ bilər. Yoluxduruculuğu yüksək olan növlərin ölüm yaratmaq təhlükəsi isə daha çoxdur”.