“Korrupsiyaya qarşı tədbirlər sistemli və davamlı olmalıdır, burada çatılacaq son nöqtə yoxdur” – MÜSAHİBƏbackend
Müsahibə
525

“Korrupsiyaya qarşı tədbirlər sistemli və davamlı olmalıdır, burada çatılacaq son nöqtə yoxdur” – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşirin e-huquq.az-a müsahibəsi:

-Elşad müəllim, bir müddət öncə Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Yeni qərarlar, yeni Nizamnamə qəbul edildi. Həmçinin struktur dəyişikliyi edildi. Bu dəyişikliklər hansı yeniliklərə səbəb olacaq?

-Bu gün cəmiyyətdə müxtəlif istiqamətlərdə dəyişikliklər getməkdədir. Dəyişikliklər siyasi, iqtisadi, sosial, mədəni, bir sözlə, bütün sahələri əhatə edir. Bu dəyişikliklər fonunda istənilən struktur öz fəaliyyətində yeniliklər, dəyişikliklər etməlidir. Çünki zaman dəyişdikcə tələblər də dəyişir. YAP həmişə yenilikçi partiya olub, öz təşəbbüsləri ilə seçilib. Biz unutmamalıyıq ki, Azərbaycanın müstəqillik tarixində əldə etdiyi uğurlar birbaşa YAP-ın adı ilə bağlıdır. YAP-ın iqtidarı dövründə Azərbaycan unikal inkişaf strategiyasını müəyyənləşdirdi və həyata keçirməyə başladı. Xalqın təkidli istəyi ümumilli lider Heydər Əliyev hakimiyyətə gələrkən Azərbaycanda hansı vəziyyətin olduğu hamımıza yaxşı bəllidir. Ölkəni həmin vəziyyətdən çıxararaq inkişaf yoluna qoymaq sözün həqiqi mənasında hər şeydən öncə böyük iradə, təcrübə, fədakarlıq və xalqına sevgi, məhəbbət tələb edir. Bütün bunlara əsasən deyə bilərəm ki, YAP Azərbaycanın bugünkü nöqtəyə gəlib çatmasında birbaşa rol oynayıb.

Bu gün Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində çox təsirli rolu var. Ölkəmiz əməkdaşlıq sistemində mərkəzi mövqelərdən birinə malikdir. Azərbaycanın təşəbbüsü ilə əməkdaşlıq platformaları yaradılmaqdadır. Azərbaycanın təşəbbüsü ilə beynəlxalq problemlərin həlli istiqamətində ciddi addımlar atılır. Ötən il Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə toplantısında cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının çağırılması barədə təklif irəli sürüldü. Bu təşəbbüs BMT-yə üzv olan ölkələrin böyük əksəriyyəti tərəfindən qısa zaman çərçivəsində müsbət dəyərləndirildi. Belə bir sessiya ötən ilin dekabrında baş tutdu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısında da məqsəd məhz pandemiya ilə mübarizə məsələlərinin müzakirə olunmasından ibarət idi. Bütün bunlar göstərir ki, Azərbaycan qlobal problemlərin həllinə töfhə vermək iqtidarında olan bir ölkədir. Çünki cənab Prezidentin qlobal pandemiya ilə mübarizə istiqamətində irəli sürdüyü təşəbbüslər təkcə Azərbaycanın yox, bəşəriyyətimizin xilası üçün irəli sürülmüşdü.

Açıklama yok.

Bu gün Azərbaycan həm daxili, həm regional müstəvidə problemləri nəzarət altında saxlaya və həll edə bilir. Bu baxımdan, YAP iqtidarı dövründə Azərbaycanın bütün istiqamətlərdə əldə etdiyi uğurlar sözün əsl mənasında ölçüyəgəlməz dərəcədə böyükdür. Dinamik inkişaf edən bir ölkə olaraq, Azərbaycanın qarşısında yeni hədəflər var. Bildiyiniz kimi, bu gün xalq olaraq qarşımızda dayanan əsas hədəf Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasına nail olmaqdır. YAP isə ölkənin aparıcı siyasi təşkilatı olaraq bu prosesin də önündə dayanaraq öz rolunu oynamalıdır. YAP təşkilatı təcrübəsi və ətrafında birləşdirdiyi böyük insan resursunun sayəsində bu ali məqsədimizin reallaşmasında önəmli töhfələr verə bilər.

Torpaqlarını işğaldan azad edən Azərbaycan artıq müasir əməkdaşlıq sistemində yeni bir obrazda çıxış etməkdədir. YAP öz fəaliyyətini Azərbaycanın qarşısında duran yeni hədəflərə uyğun qurmalıdır. Hədəflərimiz daha çevik və daha keyfiyyətli fəaliyyət göstərməyi tələb edir. Ona görə də YAP-ın strukturunda, idarəetmə aparatında dəyişikliklərə ehtiyac var idi. Bu baxımdan qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edildi. Qurultayda həmçinin, partiyanın yeni Nizamnaməsi qəbul edildi. Bütün bunlar kifayət qədər mütərəqqi dəyişikliklərdir və idarəetmənin çevikliyinə hesablanıb. Çevik idarəetmə olan yerdə qarşıya qoyulmuş məqsədlərə də müvafiq olaraq, kefiyyətli formada çatılır. Bu artıq ölkənin idarəolunmasında sınaqdan çıxmış bir təcrübədir.

Xüsusi olaraq qeyd etmək istərdim ki, Birinci vitse-prezident Mehriban Əliyevanın partiyamızın sədr müavini təyin olunması YAP-ın tarixində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Mehriban Əliyevanın YAP sədrinin müavini vəzifəsinə təyin olunması partiyanın yeni dövrün çağırışlarına daha səmərəli və çevik şəkildə cavab verməsinə zəmin yaradacaq. Cəmiyyətimizə yaxşı bəllidir ki, Mehriban Əliyevanın adı olan yerdə həmişə tərəqqi olub. Hazırda cəmiyyətimizdə siyasi dialoq təşəbbüsləri dəstəklənməkdədir. Bu istiqamətdə kifayət qədər təsirli addımlar atılıb. Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Bu şöbədə kifayət qədər peşəkar kadrlar çalışır, müvafiq istimaətdə keyfiyyətli işlər görülür. Təbii ki, bu da gələcək haqqında nikbin düşünməyə əsas yaradır. Siyasi dialoq təşəbbüslərinin genişləndiyi bir dönəmdə Mehriban xanım Əliyevanın YAP sədrinin müavini vəzifəsinə təyin olunması YAP-ın ölkəmizin həyatında rolunu xüsusi təsirli edəcək. Çünki Mehriban xanım mədəniyyətlərarası dialoqun ən fəal təbliğatçılarından biri olub. Bu gün elm, təhsil və mədəniyyət sahəsində inteqrasiya müasir dünyamızın təhlükəsizliyinin təmin olunmasının ən effektiv yollarından biridir. Yəni xalqlar arasında elmi, mədəni və təhsil sahəsində inteqrasiya baş verərsə, onlar öz aralarındakı ziddiyyətli problemləri çox rahatlıqla həll edəcəklər. Bu istiqamətdə əməkdaşlıq nə qədər dərin olarsa, dünyamız bir o qədər münaqişələrdən uzaq olacaq. Mehriban xanım da məhz bu istiqamətdə fəaliyyət göstərir. Təsadüfi deyil ki YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri statusuna layiq görülüb. Bunları nəzərə alaraq deyə bilərik ki, YAP-ın bundan sonrakı mərhələdə cəmiyyətdə barışıdırıcı mövqeyi daha təsirli olacaq. Siyasi dialoqun təmin olunması istiqamətində daha ciddi addımlar atılacaq. Bir sözlə, YAP-da baş verən dəyişikliklər partiyanın yeni obrazını ortaya qoyacaq.

-Azərbaycanda bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatlar həyata keçirilir, həmçinin korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Korrupsiyaya qarşı mübarizə tədbirləri nəticəsində biz bir çox yüksək vəzifəli şəxslərin, həmçinin sabiq məmurların həbsinin şahidi olduq. Bu islahatların davamı barədə nə deyə bilərsiniz?

-Korrupsiya bütün dövlətlərin ən bəlalı problemlərindəndir. Bu gün demək olar ki, dünya ölkələrinin hamısında korrupsiya hallarına rast gəlinir. Təbii ki, burada korrupsiya hallarının səviyyəsi məsələsi var. Bu bəlanın aradan qaldırılması istiqamətində sistemli işlərin aparılması çox vacibdir. Azərbaycanda bir neçə ildir ki, davamlı olaraq, kadr islahatları həyata keçirilir. Bu islahatların əsas hədəflərindən biri də korrupsiya hallarının aradan qaldırlmasından ibarətdir. Aparılan institusional islahatlar dövlət idarəçiliyində çevikliyi təmin etməklə yanaşı, həm də korrupsiya hallarınınn azaldırlmasına, aradan qaldırılmasına xidmət edir. Dünya təcrübəsinə baxsaq, görərik ki, o yerdə korrupsiya halları azlıq təşkil edir ki, orada vətəndaş-məmur təmasları minumumdur. Vətəndaş-məmur münasibətlərinin sıx olduğu yerlərdə isə istər-istəməz, bu və ya digər səviyyədə korrupsiya halları olacaq. Vətəndaş-məmur münasibətlərini minimuma endirmək üçün artıq Azərbaycan brendi kimi qəbul olunan ASAN xidmət var. ASAN xidmət təcrübəsi Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi üçün ən gözəl örnəkdir. Cənab Prezident tərəfindən atılan addımlar mahiyyət etibarı ilə ASAN xidmət təcübəsini özündə ifadə edir. Digər tərəfdən korrupsiya halları insanların özlərindən də asılıdır. Vətəndaş da korrupsiya hallarının baş verməsinə imkan verməməlidir. Öz hüquqlarını bilməlidir. Bu baxımdan vətəndaşlar arasında maarifləndirmə işlərini genişləndirmək lazımdır.

Ölkə başçısı korrupsiyaya qarşı mübarizə istiqamətdə iradə nümayiş etdirir. Sistemli olaraq kadr və struktur islahatları həyata keçirilir. Korrupsiya hallarına yol verən məmurlar cəzalandırılır. Hesab edirəm ki, bu addımların kompleks xarakteri Azərbaycanda müsbət nəticələrin əldə olunmasına imkan yaradacaq. Ümumiyyətlə, korrupsiyaya qarşı tədbirlər sistemli və davamlı olmalıdır. Yəni burada çatılacaq hər hansı son nöqtə yoxdur. Dövlət idarəçiliyini təkmiləşdirilməklə paralel korrupsiyaya qarşı mübarizə tədbirlərini də həyata keçirmək lazımdır. İnstitusional islahatların istiqamətlərini elə müəyyənləşdirmək lazımdır ki, avtomatik olaraq, korrupsiya halları da aradan qalxsın.

Azərbaycanda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir. Bundan başqa, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası var. Yəni Azərbaycanda korrupsiya ilə mübarizə aparmaq üçün lazım olan strukturlar mövcuddur. Digər tərəfdən, korrupsiyaya qarşı mübarizənin konseptual əsaslarının yaradılması istiqamətində fəallıq müşahidə olunmaqdadır. Hesab edirəm ki, bu kompanentlər bir-birilərini daha yaxşı tamamladıqca korrupsiaya qarşı mübarizə tədbirlərində biz daha yaxşı nəticələri görmüş olacağıq.

Açıklama yok.

-Elşad müəllim, son günlərdə ölkəmizdə intihar hadisələrinin sayı artıb. Xüsusən də gənclər arasında intihara cəhd hadisələrinə tez-tez rast gəlinir. Bu halların baş verməsinin əsas səbəblərini nədə görürsünüz? Qarşısını almaq üçün addımlar atılmalıdır?

-İntihar müxtəlif səbəblərdən baş verə bilər. İnsanın şəxsi həyatında baş verən hansısa hadisə buna səbəb ola bilər. Cəmiyyətdəki hər hansı məsələ onu narahat edə bilər. Yaxud şəxsin psixoloji durumu belə bir addım atmasını şərtləndirə bilər. Bu məsələdə sosial şəbəkələrin də böyük təsiri var. Diqqət yetirsək, görərik ki, sosial şəbəkələr üzərindən insanlığa qarşı ən müxtəlif cinayətləri həyata keçirmək mümkündür. Ona görə də sosial şəbəkələr üzərində bir nəzarət mexanizmi düşünülməlidir. Sosial şəbəkələrdə ağlagələn hər bir informasiya yayılmamalı və yaxud müzakirəyə çıxarılmamalıdır. Burada nəzarətsizlik mövcuddur. Bir çox ölkələrdə bununla bağlı addımların atılması planlaşdırılır. Hesab edirəm ki, ölkəmizdə də sosial şəbəkələrlə bağlı bir nəzarət mexanizmi tətbiq olunmalıdır. Sosial şəbəkə platformalarında istənilən şəkildə müzakirə açmaq doğru deyil. Təhqirlərə, təhdidlərə yol vermək olmaz. Bu, insanların pxisi durumuna mənfi təsir göstərir. Cəmiyyət maraqlarından çıxış edərək sosial şəbəkələri nəzarətdə saxlamaq lazımdır. Bu, hansısa məhdudiyyətlərin tətbiq olunması, söz azadlığının boğulması kimi qəbul olunmamalıdır. Sosial şəbəklər yeniyetmə və gənclər arasında intihara gətirib çıxaracaq dərəcədə təsir edirsə, bu istiqamətdə addımlar atmaq zəruridir. Təbii ki, bu məsələlər qanunvericilik çərçivəsində xüsusi tənzimlənməlidir. Təbii ki, intiharların səbəbini yalnız sosial şəbəkərlə bağlamaq doğru deyil. Məsələnin digər aspektləri də var. Sadəcə olaraq, ən təsirli platforma kimi sosial şəbəkələri göstərirəm. Çünki bu gün yeniyetmələr, gənclər vaxtlarını əsasən sosial şəbəkərlədə keçirirlər. Nəzarətdənkənar müzakirələr onların həm tərbiyəsinə, həm əxlaqına, həm məşğulluğuna mənfi təsir göstərə bilər.

Bundan başqa, hazırda dünyada pandemiya ilə bağlı gərginlik var. İnsanların sosiopsixoloji durumu sabit deyil. Karantin rejimi bağlı məhdudiyyətlər, qapanmalar insanların psixoloji durumuna öz təsirini göstərir. Biz bu amilləri nəzərə almalıyıq. Ümumiyyətlə hesab edirəm ki, problemin həllində əsas iş valideynlərin üzərinə düşür. Amma nəzərə alınmalıdır ki, valideynlərin də üzləşdiyi müəyyən problemlər var. Cəmiyyətdə cərəyan edən proseslər onlara da təsirsiz ötüşmür. İndi elə bir dövrdə yaşayırıq ki, ailənin daxilində belə uşağı normal tərbiyələndirmək çox çətindir. Fikrimcə, yeniyetmələrlə maarifləndirmə işlərinin aparılması vacibdir. Onların üzərində nəzarət olmalıdır. Bu problem hanısa ailənin, şəxsin fərdi məsələsi deyil. Bizim milli məsələmiz, Azərbaycanda gələcək nəslin inkişafı məsələsidir. Sağlam ruhlu, sağlam düşüncəli gənc nəslin yetişməsi heç bir halda fərdi məsələ ola bilməz.

Azərbaycanda cənab Prezidentin rəhbərliyi ilə çox uğurlu gənclər siyasəti həyata keçirilir. Prezident hər zaman vurğulayır ki, onun fəaliyyətində gənclərə yönəlik addımlar xüsusi yer tutur. Çünki ölkəmizin gələcəyi gənclərimizdən asılıdır. Dövlətimizin gənclər siyasətinin çox uğurlu nümunələrindən biri kimi Gənclər evləri fəaliyyət göstərir. Amma onlardan daha səmərəli istifadə istiqamətləri barəsində düşünülməlidir. Gənclərin məşğulluğunu zamanın tələbinə uyğunlaşdırmaq lazımdır. Onların sağlam ruhda inkişaf etməsi üçün, yüksək peşəkarlıq bacarıqlarına malik olması üçün bütün adımlar atılmalıdır. Gənclər siyasətinə yeni baxış tələb olunur. İstənilən fəaliyyət keyfiyyətli konsepsiyaya əsaslanırsa, orada mütləq uğur əldə olunacaqdır. Hesab edirəm ki, Azərbaycanda gənclər siyasətinin də konseptual bazasını yeniləmək lazımdır. Prezidentin bu istiqamətdə kifayət qədər uğurlu strateji baxışları var ki, ona uyğun fəaliyyətin qurulması uğurlu nəticələrin əldə olunmasını şərtləndirəcək.

-Sizcə, gənclərin insan hüquqları sahəsində maarifləndirilməsi üçün lazımi tədbirlər görülürmü bu gün? Bu sahədə hansı boşluqlar var?

-Həm fərdi, həm kollektiv inkişafın əsasında mütləq insan hüquqları amili dayanır. İnsan cəmiyyətdə özünü tapmaq, inkişaf etdirmək istəyirsə, mütləq şəkildə öz hüquqlarını bilməlidir. Bu hər şeydən öncə bizim fərdi yanaşmamızdan asılı olan məsələdir. İlk növbədə biz özümüz hüquqlarımızın təmin olunmasına çalışmalıyıq. Hesab edirəm ki, bizim cəmiyyətimizdə insanın öz hüquqlarını təmin etməsini əngəlləyəcək hər hanı bir maneə yoxdur. İnsan bütün fəaliyyət sferalarında öz hüquqlarını qorumaq imkanına malikdir. Az öncə haqqında danışdığımız islahatlar eyni zamanda vətəndaşların hüquqlarının qorunmasına da xidmət edir.Vətəndaş məmnunluğundan danışarkən həm də elə onun hüquqlarının təmin olunması nəzərdə tutulur. Vətəndaşın maraqları onun hüquqları ilə birbaşa bağlıdır. Dövlət idarəçiliyi səmərəli, keyfiyyətli olduqda vətəndaş məmnunuluğu da yüksək olur. Maraqları qorunan vətəndaş təbii ki, özünü cəmiyyətin tamhüquqlu üzvü hesab edir.

Amma onu da qeyd etmək lazımdır ki, hüquqlar təkcə vətəndaş-dövlət münasibətləri çərçivəsində tənzimlənmir. Ailədaxili münasibətlərində də gənclərin, yeniyetmələrin hüquqlarına həssas yanaşılmalıdır. Bu gün Azərbaycan ailələrində valideyn-övlad müsaibətləri mental dəyərlər əsasında tənzimlənir. Ona görə də hesab edirəm ki, müvafiq istiqamətdə iş həm də valideynlərlə aparılmalıdır. Valideyn övladının hüquqları haqqında düşünməlidir. Öz addımlarında və yanaşmalarında mütləq şəkildə övladının hüquqlarını nəzərə almalıdır. Əgər valideyn övladına qarşı haqsızlıq edirsə, şiddət törədirsə, məhz qan qohumluğu, mental dəyərlər övladın valideynlə bağlı hər hansı bir instansiyaya müraciət etmək imkanlarını onun əlindən almır. Bu məsələyə sırf hüquqi aspektdən yanaşılmamalıdır. Burada hüquqi aspket əsas təşkil etməklə, mental dəyərlərdən də çıxış etmək lazımdır. Ailə daxilində münasibətlərin tənzimlənməsinin reallıqlara uyğun mexanizmləri haqqında da düşünmək lazımdır.

Açıklama yok.

-Bu gün Azərbaycanda hüquqşünasların, vəkillərin sayının əhalinin sayına görə az olduğu və buna görə də hüquqi yardım göstərilməsi sahəsində problemlərin mövcud olduğu deyilir. Bu barədə nə düşünürsünüz?

-İstər hüquq sahəsi olsun, istər digər sahələr olsun, kadrların hazırlanmasını əmək bazarına uyğun həyata keçirmək lazımdır. İnsan hər hansı peşəyə yiyələnmək istədikdə sabah bu sahədə ona ehtiyac olub-olmayacağı ilə maraqlanmalıdır. Burada müəyyən proqnoz xarakterli məqamlara da diqqət yetirmək lazımdır. Fikrimcə, kəmiyyətdən çox keyfiyyətə önəm verilməlidir. Peşəkar hüquqşünasların hazırlığı məsələsi diqqət mərkəzində olmalıdır. Bu gün vəkillik institutunun inkişafı ilə bağlı kifayət qədər keyfiyyət dəyişikliyi müşahidə olunmaqdadır. Son dövrlər Azərbaycanda vəkillik institutu ilə bağlı aparılan islahatlar nəticəsində vəkillərin sayının kifayət qədər artması öz bəhrəsini verməkdədir. Hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Kollegiya tərəfindən daimi əsaslarla vəkillərin ixtisasının artırılması üçün təlimlər və seminarlar keçirilir. Vəkillər Kollegiyası tərəfindən ölkəmizdə vəkillərin sayının artırılması üzrə genişmiqyaslı işlər görülür. Vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün ölkəmizdə vəkil bürolarının da sayı xeyli dərəcədə artıb. Büroların şəraitinin yaxşılaşdırılması və maddi texniki bazalarının gücləndirilməsi ilə bağlı Kollegiya tərəfindən lazimi dəstək verilir. Burada vəkillik fəaliyyətinin həyata keçirilməsi üçün yüksək şərait yaradılır. Düşünürəm ki, görülən bütün bu işlərlə vəkillik institutu daha da inkişaf edərək insan hüquq və azadlıqlarını təminatında öz töhfəsini verəcək.

-Bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də islahatlar aparılır. Bu islahatlar məhkəmə-hüquq sisteminə nə verəcək?

-“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra bu sahədə əsaslı addımlar atılıb. Fərman dövlət başçısının məhkəmə hakimiyyətinin müstəqilliyinə verdiyi müstəsna əhəmiyyətin təzahürüdür. Fərman məhkəmə-hüquq sistemində kompleks qanunverici, institutisional və praktiki tədbirlər görülməsini nəzərdə tutur. Deyə bilərəm ki, məhkəmə-hüquq sistemində islahatlar Azərbaycanda sistemli xarakter alıb. Burada məqsəd ciddi keyfiyyət dəyişikliyinin və şəffaflığın təmin olunmasıdır. Hər şeydən öncə peşəkar və adələtli hakimlərin təyin olunması çox vacibdir. Çünki bir çox hallarda cəmiyyətdə məhkəmələrə qarşı tənqidi fikirlərin şahidi oluruq. Düşünürəm ki, aparılan islahatlar müəyyən nöqsanların aradan qaldırılmasına öz töhfəsini verəcək.