Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden, iki ölkənin Cenevrədəki zirvə toplantısı zamanı üz-üzə danışa bilərlər.
Sfera.az-ın TASS-a istinadla məlumatına görə, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Peskov əlavə edib ki, danışıqların müddəti məhdudlaşdırılmadığından dövlət başçıları istəsə, ikilikdə söhbət edə bilərlər.
Xatırladaq ki, Rusiya-ABŞ sammiti iyunun 16-da Cenevrədə keçiriləcək. İki ölkənin prezidentləri Bayden vəzifəyə gəldikdən sonra ilk dəfə üz-üzə söhbət edəcəklər. Putinin Cenevrə səfəri Rusiya prezidentinin 2020-ci ilin yanvarından bəri ilk xarici səfəri olacaq.
Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, dövlət başçıları strateji sabitlik, pandemiya, kiber cinayətlərə qarşı mübarizə, iqtisadi əməkdaşlıq, iqlim dəyişikliyi və Arktika problemləri mövzusunda mükalimə aparacaqlar. Ukrayna, Suriya, Liviya, Əfqanıstan və Dağlıq Qarabağdakı münaqişələr də gündəmdədir.