Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar əhali onlayn alış-verişə daha üstünlük verməyə başlayıb. Nəticədə xaricdən müxtəlif məhsulların ölkəmizə çatdırılmasına xidmət edən karqo şirkətlərinin də sayı xeyli artıb. Hətta sosial şəbəkələrdə “Trendyol”, ” AliExpress” kimi məşhur saytlardan geyim, aksesuar və s. kimi məhsullar sifariş verənlərin işlərini asanlaşdırmaq, ictimai rəy formalaşdırmaq üçün müxtəlif qruplar da açılıb. Karqo şirkətlərinin sayının çoxalması onlar arasında rəqabət yaranmasına da səbəb olub. Lakin bu rəqabətdə “qalib” gəlmək üçün yalançı reklamlarla özlərinə müştəri cəlb edərək istifadəçiləri aldadan karqo şirkətləri də az deyil.
Bu barədə oxucularımızdan biri Correct.az saytına şikayət ünvanlayıb. Şikayətə əsasən həmin şəxs 17 və 18 iyun tarixlərində Türkiyənin məşhur saytlarının birindən məhsul sifariş verib. Məhsullar 18, 19 və 21 iyun tarixlərində “Linex” MMC-nin Türkiyə anbarına təslim edilib.
Müştəri məlumat verir ki, 19 iyun tarixində anbara çatan məhsul haqqında 22 iyun tarixində məlumat gəlib və elə həmin gün də məhsul Dövlət Gömrük Komitəsinin “Smart Customs” tətbiqetməsinə bəyan edilib. Hətta məhsulun Türkiyə anbarında olduğunu özündə əks etdirən mesajda bağlama 3 günə qədər göndərilməsə, tam pulsuz şəkildə sahibinə təslim ediləcəyi bildirilib. İyun ayının 30-da digər iki bağlama gəlsə də, üçüncü bağlama ilə bağlı məlumat gəlmədiyini görən müştəri “Linex” MMC ilə əlaqə saxlayıb. Şirkət müştəridən məhsulun şəkilini istəsə də, şəkil göndərildikdən sonra heç bir məlumat verməyib.
İyul ayının 1-də müştəri özü şirkətlə əlaqə yaradıb və şirkət bildirib ki, əslində məhsul çoxdan gəlib, lakin səhvən Sumqayıt anbarına göndərilib. Səhv şirkətdə olsa da və gələn sms-də bağlamanın 3 gün müddətində göndərilməyəcəyi təqdirdə pulsuz təqdim ediləcəyi göstərilsə də, müştəri pulu ödəməyə razılıq verib. Lakin şirkət müştərinin bu nəzakətindən istifadə edərək bağlamanı götürməyə gedən müştəri yaxınına saytda və Gömrük Komitəsinin tətbiqetməsində 13.02 AZN (3 bağlamanın qiyməti) göstərilən məbləği 15 AZN kimi təqdim edib. Müştəri bildirir ki, əvvəlcə çox təkid etsə də və şirkətin saytından etdiyi “screen”ləri səlahiyyətli şəxslərə göndərsə də, şirkət öz dediyinin üzərində dayanıb. Uzun müzakirələrdən sonra isə yanlışlıq olduğunu qəbul edib. Oxucumuz bildirir ki, saytımıza bu barədə məlumat verməyində əsas məqsəd bütün karqo istifadəçilərini diqqətli olmağa və aldanmamağa səsləməkdir. Qeyd edək ki, Correct.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.