Manat ucuzlaşacaq? – Vahid Əhmədov AÇIQLADIbackend
Cəmiyyət
351

Manat ucuzlaşacaq? – Vahid Əhmədov AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Manatın dollar qarşısında yenidən dəyər itirəcəyi ilə bağlı söz-söhbətlər dolaşır. Neftin qiyməti ilə bağlı da eyni proqnozlar verilir. Üstəlik, bu kimi informasiyalar Şuşa Bəyannaməsi və bölgədə baş verən əhəmiyyətli hadisələr fonunda yayılır.

Bütün bu istiqamətlər üzrə insanları narahat edən suallarla Milli Məclisin deputatı Vahid Əhmədova müraciət etdik.

Vahid Əhmədov Publika.az-a müsahibəsində son günlərin ən önəmli hadisələri ilə bağlı ünvanladığımız suallara dolğun cavab verməyə çalışdı.

– Vahid müəllim, ilk sualımız manatla bağlıdır. Manat yenidən dollara nisbətdə dəyər itirə bilərmi?

– Mən manatın dollar qarşısında dəyər itirəcəyini gözləmirəm. Ümumiyyətlə, bu ilin axırına qədər belə bir proses baş verməməlidir. Çünki kifayət qədər ehtiyatımız var. Üstəlik, neftin də qiyməti kifayət qədər yüksəkdir. Ona görə də qarşıdakı aylarda manata hər hansı təzyiqin olacağını görmürəm. Hesab edirəm ki, ilin axırına qədər manat elə indiki vəziyyətində saxlanılacaq.

– Ekspertlər yay aylarında neftin qiymətinin düşəcəyini ehtimal edirlər. Belə olan halda neftin qiymətindəki eniş manatın da sabit dəyərinə təsir edəcəkmi?

– Bunların hamısı proqnozlardır, fərziyyələrdir. Amma fakt ondan ibarətdir ki, neftin dünya bazar qiyməti hazırda 75 dollara yaxınlaşır. Ona görə də həmin fərziyyələrə bir o qədər də inanmıram. Bütün bunlara baxmayaraq, biz də analizlər aparırıq. Dünyada gedən prosesləri izləyirik. Fikrimcə, sadalananların heç biri hələlik manatın məzənnəsinin dəyişməsinə öz təsirini göstərməyəcək.

– İşğaldan azad edilən ərazilərdə yenidənqurma işlərinə başlanılıb. Görülən işləri qaneedici saymaq olarmı?

– İşğaldan azad edilən ərazilərdə artıq işlər gedir. Özü də bu işlər çox sürətlə aparılır. Kifayət qədər planlar var. Artıq görüləcək işlərlə bağlı plan-layihələrin də hamısı hazırdır. İşlər yüksək səviyyədə gerçəkləşdirilir. Bu istiqamətdə İqtisadiyyat Nazirliyinin də böyük planları var. Nazirlik burada özünün sənaye zonalarını yaradacaq. Eyni zamanda, Mədəniyyət Nazirliyinin də planları mövcuddur. Cənab Prezident təmir-bərpa işləri ilə əlaqədar fərman imzaladı ki, Şuşanın təmizliyinə “Təmiz Şəhər” Agentliyi baxacaq. Yəni, işlər gedir, hər bir nazirlik öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Bunların hamısı planlı şəkildə həyata keçirilir. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı altında xüsusi komissiya işləyir. Həmin komissiya da mütəmadi olaraq toplaşır, öz iclaslarını keçirir. Bütün cari məsələləri həll edir.

– Vahid müəllim, hər kəs Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışır. Bəs bu dəhliz bizimlə yanaşı, Ermənistana, eləcə də regiona nə kimi yeni iqtisadi imkanların qapısını açacaq?

– Zəngəzur dəhlizi təkcə region üçün yox, ümumilikdə əksər dövlətlər üçün çox böyük əhəmiyyət kəsb edir. Həm Türkiyə, həm Azərbaycan, İran, Rusiya, Çin, həm də Orta Asiya dövlətləri, o cümlədən Avropa ölkələri üçün önəmlidir. Buradan keçən dəmiryolu və avtomobil magistralı Qərblə Şərqi birləşdirəcək. Ona görə də hər kəs üçün böyük əhəmiyyət kəsb edir. Bizim üçün də çox əhəmiyyətlidir. Zəngəzur vaxtilə Azərbaycan ərazisi olub. Zəngəzur yenidən Azərbaycanın ərazisinə daxil ediləcək. Buna müəyyən vaxt lazımdır. Ermənistan da başa düşməlidir ki, iqtisadi uçurumdan qurtulmaq, vəziyyətini düzəltmək üçün bu yolun onun üçün çox böyük əhəmiyyəti var. Bu yolun çəkilməsinə müəyyən qüvvələr maneələr törətmək istəyirlər. Cənab Prezident İlham Əliyev də bildirmişdi ki, bu yolun açılmasına heç kim mane ola bilməz. Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyevin Şuşada imzaladığı bəyannamədə də bu məsələ öz əksini tapdı. Bu yol açılacaq. Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı bəyanatında da bir daha Şuşaya səfərini yada saldı. Bildirdi ki, Zəngəzur dəhlizi ilə bağlı bütün problemlərin hamısı həll olunacaq.

 

 

– Şuşa Bəyannaməsinin strateji hədəfləri bəllidir. Bəs iqtisadi hədəfləri?

– Bu bəyannamə bölgə dövlətləri üçün böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Şuşa Bəyannaməsi Qafqaza sülh gətirəcək. Digər tərəfdən, bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin daha da istiləşməsinə gətirib çıxaracaq. Türkiyə Azərbaycanın təhlükəsizliyinin, müstəqilliyinin qarantı kimi çıxış etməyə başlayıb. Azərbaycan da Türkiyənin bütün işlərini yüksək səviyyədə qəbul edir. Ona köməklik etməsini öz öhdəsinə götürür. Burada həm hərbi, həm də sosial məsələlər var. Qeyd etdiyim kimi, bu bəyannamədə həm Zəngəzur dəhlizi məsələsi, həm də birgə hərbi sənaye kompleksi məsələləri öz əksini tapıb. Bütün bunlar bizim üçün böyük əhəmiyyətə malik məsələlərdir. Artıq Azərbaycan bir dövlət olaraq özünün inkişaf istiqamətini, eyni zamanda dostlarını müəyyənləşdirdi. Türk dövlətləri bir yerdə çox böyük işlər aparırlar. Türkiyə, Azərbaycan, Pakistan, Qətər bir yerdə böyük işlər görməyə çalışırlar. Türkiyə digər dövlətlərlə də əlaqələrini inkişaf etdirir. Türkiyə Turan dövlətinin yaranması üçün çox böyük addımlar atır.

– Toyların keçirilməsinə icazə verildi. Bunun iqtisadi tərəfi ilə yanaşı, nə kimi problemləri ola bilər?

– Mən dəfələrlə bildirmişəm, məsələ də qaldırmışıq ki, toylara icazə verilməlidir. Hələ bundan xeyli əvvəl icazə verilməliydi, çünki cavanlar evlənmək istəyirlər. Uzun müddət nişanlı qalmağı düşünmürlər. Müəyyən çərçivələr və qaydalar daxilində toyların keçirilməsinə icazə vermək lazımdır. Qaydalar tətbiq olunacaq. Amma həmin qaydalarda da müəyyən qədər anlaşılmazlıqlar var. Məsələn, deyirlər ki, 50 nəfərin iştirak etdiyi toyda hər kəs tibbi maska ilə oturmalıdır. Amma 150 nəfərlik toyda kimin COVID pasportu varsa, o, orada maskasız otura bilər. Bu cür nüanslar anlaşılmazdır. Belə şeylər daha çox rüşvət mənbəyi yarada bilər. Çünki toy keçirən adamlar və ya iştirakçılar rüşvətə meyilli ola bilərlər. Ona görə də bu cür halların qarşısı alınmalıdır. Buna baxmayaraq, toyların keçirilməsi əhəmiyyətlidir. Həm sosial, həm də iqtisadi cəhətdən əhəmiyyətlidir. Ümumiyyətlə, toyların keçirilməsinə icazə verilməsi addımını çox yüksək qiymətləndirirəm.

– Sizcə, restoran sahibləri Operativ Qərargahın qaydalarına əməl edəcəklərmi?

– Guya bundan əvvəl əməl olunurdu ki?! Fikir verirdinizsə, onsuz da bir çox yerlərdə toylar, ad günləri keçirilirdi. Bunlara qarşı dövlət orqanları tərəfindən də tədbirlər gerçəkləşdirilirdi. Amma indi müəyyən qədər toyların keçirilməsinə razılıq verilməsi bu cür halların getdikcə aradan qaldırılmasına gətirib çıxara bilər. Həm də orada göstərilir ki, hüquq-mühafizə orqanları qəbul edilən qaydaların həyata keçirilib-keçirilmədiyinə ciddi nəzarət etməlidir. Bilirsiniz, qaydalarda müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var. Bunu təmin etmək bir qədər problemli olacaq. Ona görə də şəffaflığı təmin etmək üçün mövcud qaydalara müəyyən dəyişikliklər etməyə ehtiyac duyulur.

– Bəs yas mərasimləri ilə bağlı qaydalar necə olacaq? Bu məsələ hansı formada tənzimlənməlidir?

– Mərasim evləri ilə bağlı da müəyyən qərarlara ehtiyac var. Toyları başa düşdük, nə qədər ağır və çətin olsa da, icazə verilib. Amma mərasim evləri qalıb. Ora da insanlar toplaşır. Orada da müəyyən tədbirlər həyata keçirirlər. Ölülərin dəfnindən əvvəl və sonrakı məsələlər… Ona görə də bu məsələlərə baxmaq lazımdır. Mərasim evləri ilə bağlı da mütləq qaydalar işləyib hazırlamaq və tətbiq etmək vacibdir.

– Bununla bağlı Milli Məclisdə məsələ qaldırmısınızmı?

– Xeyr, məsələ qaldırmamışıq. Amma bu məsələ ilə bağlı bizə xeyli şikayətlər gəlir. Biz düşündük ki, toylar məsələsinə baxanda yəqin ki, mərasim evləri ilə bağlı məsələyə də baxarlar. Təəssüflər olsun ki, bu barədə qərar yoxdur. Bu məsələyə də baxılmalıdır.