“Ötən il büdcədənkənar gəlirlərin məbləği əvvəlki illə müqayisədə artıb. Belə ki, bu 596,1 mln. manat məbləğində olub ki, o da 2019-cu illə müqayisədə 17,2 mln. manat və ya 3,0 faiz çoxdur”.
Sfera.az bildirir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib. O bildirib ki, bu mənbədən ötən ilin büdcəsinə cəmi daxilolmaların 61,5 faizi və ya 366,6 milyon manatı vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin və dövlət rüsumlarının artması hesabına baş verib:
“Göründüyü kimi, büdcə gəlirlərinin formalaşmasında maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin və dövlət rüsumlarının payı 1,5 faiz ətrafındadır. Əslində ötən il ərzində karantin rejiminin pozulmasına görə fərdlərə və biznes subyektlərinə tətbiq edilən inzibati cərimələr kifayət qədər çox olub.
Bu isə onu deməyə əsas verir ki, onların ödədikləri cərimələrin çox hissəsi dövlət büdcəsinə daxil olmayıb. Cərimələrin 50 faizi inzibati protokolu tərtib edən qurumun hesabına köçürülür. Digər tərəfdən də bu mədaxil mənbəyi üzrə gəlirlər proqnozlaşdırılmış məbləğin 74,1 faizini təşkil edib, deməli hələ icra edilməmiş inzibati cərimələr də mövcuddur”.
İqtisadçı təklif edib ki, həmin cərimələr silinsin:
“Gürcüstanda pandemiya dövründə özünütəcrid, karantin və qoruyucu maskadan düzgün istifadə qaydalarını pozan 245 min fərdi şəxslərin və 344 biznes subyektinin cərimələrini ləğv edəcək. Bizdə əksinədir, hələ qabaqdan toy cərimələri, məhkəmə rüsumları gəlir”.