Hesab edirəm ki, 2-3 gün ərzində koronavirusa gündəlik yoluxma 500-600 nəfər olacaq. Bəzi məhdudiyyətlər qoyulmasa, bu rəqəmlər yüksəlməyə doğru davam edəcək və gələn həftə yoluxma 600 nəfəri, o biri həftə isə 700 nəfəri ötəcək. Aprel ayına qədər yəqin ki, gündəlik yoluxma sayında 1000 rəqəmini görəcəyik.
APress.az xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinin qonağı həkim Rauf Qasımov deyib. O bildirib ki, hələlik aktiv xəstə sayı 30 min nəfərə yaxınlaşmayana qədər ciddi qapanmalara getməyə ehtiyac yoxdur:
“Gündəlik yoluxma sayı 4 rəqəmli olduqda onu nəzarətdə saxlamaq mümkün olmur. Buna görə bəzi məhdudiyyətlər tətbiq etmək lazımdır. Ehtimal ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri olan tarixlərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Amma hesab edirəm ki, bayramda adi iş günlərində olduğu kimi avtobuslarda gərginlik yaşanmayacağı üçün ictimai nəqliyyatın fəaliyyətini dayandırmamaq daha yaxşı olardı. Buna baxmayaraq ehtimal olunur ki, yoluxmanın artmaması üçün vətəndaşların hərəkətini məhdudlaşdırmaq məqsədi ilə belə bir addım atılacaq”.