Bir faciə yaşansa, kim cavab verəcək?! Bəlkə də, sual ritorikdir
Hərbi xidmətdə olanlar bilir, əsgərliyin müxtəlif yazılmamış qanunları var. Məsələn, “hamı 1 nəfərə, 1 nəfər hamıya görə” cəzası. Belə ki, hansısa bölüyün 1 əsgəri qayda-qanuna düzgün əməl etmədisə, onun ucbatından bütün bölük cəzalandırılır. Yaxud 30 nəfərlik bölükdə 29 nəfərin günahı varsa, 30-cu əsgər də cəzadan yaxasını qurtara bilməz.
Lakin bu prinsip təkcə əsgərlər arasında deyil, mülki həyatımızda da tətbiq olunurmuş. Bu fikrə gəlməyimizə səbəb redaksiyamıza ünvanlanan şikayət məktubu və fotolar oldu.
Söhbət Akkord Şirkətlər Qrupu tərəfindən inşa olunan, Xırdalan şəhərində yerləşən məşhur (adı daha çox neqativlərdə hallanan) Abşeron Gənclər Şəhərciyindən (AGŞ) gedir. Şəhərcik sakinlərinin sözlərinə görə, bir müddətdir komendantlıq tərəfindən binaların liftlərinə xüsusi kart sistemi quraşdırılıb. Və səbəb kimi də göstərilib ki, bu, kommunal xidmət haqqını ödəməyənlərə cəzadır.
Yəni kim kommunal xidmət haqqını ödəmirsə, ona lifti işə salan kart verilməyəcək. Liftdən istifadə etmək istəyənlər canları çıxsın, aylıq haqlarını ödəsinlər…
Hələ bu, son deyil. Maraqlı məqamlardan biri odur ki, lift kartları sakinlərə təmənnasız verilmir – bir ədədi 3 manat olmaqla verilir. Ailədə 5 nəfər yaşayırsa – 15 manat. Belə çıxır ki, vaxtlı vaxtında kommunal xidmət haqqı ödəyənlər ikiqat xərcə düşürlər – həm xidmət haqqı, həm kart pulu. Xidmət haqqı ödəməyənlər isə zatən ödəmirlər, kart pulumu ödəyəcəklər?!
Şikayətçilər daha bir məqamı qeyd edirlər. Dediklərinə görə, şəhərcik daxilində mənzillərdə fərdi hazırlıqlar (repetitor hazırlığı) təşkil olunur, uşaqlar bu blokdan çıxıb digərinə yollanırlar: “Belə çıxır ki, balalarımız ciblərində 5-6 lift kartı daşımalıdır? Çünki hər blokun liftinin kartı fərqlidir – biri digərini tanımır”.
Növbəti maraqlı və təhlükəli məqam: Biri evdə tək yaşayır, gecənin birində “pristupu” tutur və təcili yardım çağırır. Adam 10-cu mərtəbədən həyətə necə düşsün, lifti həkimin üzünə necə açsın?
Başqa bir nüans. Üzüyola sakinlər əmindirlər ki, xidmət haqqı ödəməyənlər lift kartları üçün pul heç verməyəcəklər. Deməli, liftdən istifadə etməkdə də maraqlı deyillər. Bunda maraqlı olmadıqları üçün də onlardan kimsə liftin içərisinə quraşdırılmış kiçik cihazı vurub sındıracaq. Nəticə nə olacaq? Kommunalını da, kart pulunu da ödəmiş, 70 yaşlı Səlminaz nənə, 75 yaşlı Afiq dayı liftdə qalacaqlar – əllərində də ağır zənbil!
Və qorxulan oldu! AGŞ-də quraşdırılmış “cəza sistemi” öz “bəhrəsini” verməyə başlayıb artıq. Şikayətçilərin dediklərinə görə, liftə quraşdırılmış bəzi cihazlar zay çıxıb və mayın 12-də 2 uşaq, 1 böyük liftdə qalıb. Uşaqlar vahiməyə düşüb, hay-haray salıblar və onların köməyinə bayırdan səslərini eşidən qonşular yetişib, çöl tərəfdən qapıları açaraq, köməksiz vəziyyətdə qalanları çıxarıblar.
Gələk şikayət məktubunun kuliminasiyasına. Bütün bu həngamə o yaşayış komleksində baş verir ki, həftə səkkiz-mən doqquz liftlər xarab olur, günlərlə düzəldən tapılmır, insanlar sər-sərgərdan qalır.
Söhbət o ərazidən gedir ki, blokların işıqlandırılması bərbaddır, gecələr mərtəbələr zülmət içində olur.
Yuxarıdakı cəza sistemi o şəhərcikdə tətbiq olunur ki, ərazi zir-zibil qaynayır, üfunətdən camaat burnunu tutub gəzir.
Sakinlərdən müxtəlif yollarla “xərac” toplayan AGŞ-nin komendantlığı və ya ondan da yuxarı rəhbərliyi şəhərcik ərazisinin abadlaşdırılmasına bir manat da vəsait xərcləmir. Camaat özü pul yığaraq blokları, blokların qarşısını abıra salır.
Sonda şikayət müəllifləri sual edirlər: “Biz dərdimizi kimə və necə çatdıraq?”…