Milli əxlaqımız  naminəbackend
Cəmiyyət
1592

Milli əxlaqımız  naminə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İllər  öncənin söhbətidir. Vaxtilə əməkdaşlıq etdiyim tarzənlərdən biri telefonla bildirdi ki, özəl kanaldan səni verilişə çağırırlar, amma ifa ilə yanaşı aparıcının suallarını da cavablandırmalısan. Nələrin soruşulacağını eşidəndə təəccübləndim. Qətiyyən sənət barədə deyildilər. Yaşam tərzimi açıqlamalı, üstəlik, ailə üzvlərimdən danışmalı, onlardan gileylənməli idim. Gərək onların məni səhnəyə bərk qısqandıqlarını söyləyəydim. Təbii ki, zəng vuran tarzənin təhrikinə   baxmayaraq, məntiqsiz şərtdən keçən dəvəti qəbul etmədim. Onun  “İndi xanım sənətçilər adətən bu üsulla tanınırlar, gündəmdə qalırlar” – cümləsi ilə də razılaşmadım və həmin tarzənə sərt cavab verdim…

Qəribədir, məgər Rübabə Muradova, Sara Qədimova, Tükəzban İsmayılova, Şövkət Ələkbərova kimi qadın ifaçılarımız  dərd-sərlərini efirdə faş etməklə xalqın məhəbbətini qazanıblar?… Özümü əsla bu əbədiyaşar sənətkarlarla müqayisə etmək niyyətim yoxdur. Amma şəxsi təcrübəmdən bilirəm ki, gözəgirməyə cəhd göstərmədən də halal fəaliyyətini şouya calamadan da istedadının işığına musiqi aləmində varlığını sübuta yetirməyi bacararsan. Azərbaycan Dövlət Televiziyasında oxuduğum doqquz muğam dəstgahı, zərb muğamlar, iki yüzə yaxın xalq və bəstəkar mahnısı, təsnifim “Qızıl fond”a daxil edilib. Bu yaxınlarda milyonlarla tamaşaçı kütləsinə malik İctimai Televiziyada tələbələrimlə birgə “Ustad dərsi” verilişinin qonağı olduq… Bunlardan sonra hansısa səviyyəsiz efir məkanına can atmağa ehtiyac varmı?..

Möhtərəm  Prezidentimizin də dəfələrlə vurğuladığı kimi, işğal edilmiş torpaqlarımızı 30 illik düşmən əsarətindən məhz gənclərimiz qurtardılar. Aprel döyüşlərində, qırx dörd günlük Vətən müharibəsində, lokal antiterror əməliyyatında misilsiz qəhrəmanlıqlar göstərdilər. Onların belə vətənpərvər ruhda yetişməsində görəsən bir çox telekanala hakim kəsilmiş, faydalı heç nə təbliğ etməyən verilişlərin zərrə qədər rolu olubmu? Oralarda lövbər salmış “məşhur”ların, “ulduz”ların, “diva”ların oxuduqları ideyasız, məzmunsuz, ara mahnılarının necə?.. İnanmıram! Amma buna qəlbən inanıram ki, həmin oğullar “Qarabağ şikəstəsi”, “Heyratı”, “”Cəngi” sədaları altında tərbiyələniblər, duyğuca, ağılca formalaşıblar. Ustadlardan mükəmməl təhsil almış xanəndələrin, müğənnilərin avazına Azərbaycanımızın varlığına kökləniblər.

Bəhs etdiyimiz mövzu strateji mahiyyət daşıyır. Hələ ki, efirlərdən tam kənarlaşdırılmamış neqativ hallar təkcə zövqləri birbaşa korlamır, dolayı yollarla da mənfi təsirini cəmiyyətimizin bütün nöqtələrində büruzə verir… Dərs dediyim Mədəniyyət və İncəsənət  Universitetində tələbələrə çox tələbkar yanaşanda öyrəndikləri incə muğam elementlərindənm harada, hansı məclisdə istifadə edəcəklərindən nigaran qalmaları gözlərindən oxunur. Qınamıram da! Çünki, qeyri-peşəkarlığın meydanı genişləndikcə həqiqi sənətin meydanı daralır. Vallah, vaxtilə Cabbar Qaryağdıoğluna, Seyid Şuşinskinin, Xan Şuşinskinin oxuduqları pak muğamlarımıza, təsniflərimizə dedi-qodu, qeybət, ucuz, günəmuzd söhbət qatmaq bağışlanmaz günahdır.  Üzeyir bəyin ruhuna xəyanətdir. Milli əxlaqımıza zərbədir.

Üzümü teleşirkət rəhbərləri, nüfuzlu musiqişünaslara, bəstəkarlara, xanəndələrə tuturam. Quruca gileylənməkdən birşey çıxmaz! Ciddi şəkildə hərəkətə keçməliyik. Bunun üçün bəlkə də ilk növbədə yaxşıların təqdirindən başlamalıyıq. Özəl telekanallarda yaxşı musiqili lahiyələr, Nanə Ağamalıyeva kimi aparıcılar, redaktorlar az deyil. Sadəcə saylarını artırmalıyıq. O həddə qədər ki, bir istedadsız ifaçıya, bir bayağı mahnıya yer qalmasın. Və beləcə musiqi təbliğatımız da böyük Zəfərimizə layiq olsun…

Ruzə İbişova, Azərbaycan Respublikanın Əməkdar artisti,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti muğam sənəti kafedrasının baş  müəllimi, doktorant.