Xocavənd rayonunda yağ emalı zavodunu işlədən “Agromix” şirkəti ölkəmizin müxtəlif bölgələrində günəbaxan istehsalçıları ilə əməkdaşlıq mexanizmini yeniləyir.
Bu barədə “Agromix” şirkətinin təsisçisi, Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri Gülpəri Bayramova məlumat verib.
O bildirib ki, Xocavənd rayonunda yerləşən yağ emalı zavodunun xammal təminatı üçün şirkət müasir, şəffaf və uzunmüddətli əməkdaşlıq modeli tətbiq etməyə qərar verib: “Bu yanaşma illərdir özünü doğrultmuş və müxtəlif aparıcı şirkətlər tərəfindən həyata keçirilən bir layihədir. Həmin mexanizm fermeri qoruyan, riskləri azaldan və tərəflər arasında davamlı əməkdaşlığı təmin edən etibarlı sistemdir. Fermerlərin əsas çətinliklərindən biri əkin mövsümünə maliyyə yükü ilə başlamalarıdır. Günəbaxan istehsalını stimullaşdırmaq məqsədilə fermerləri toxum, gübrə və digər aqrotexniki vasitələrlə əvvəlcədən təmin etmək, həmçinin proses boyunca aqrotexniki konsaltinq və digər sahələrdə dəstək göstərmək niyyətindəyik. Bu addım kiçik və orta fermer təsərrüfatlarının inkişafı üçün xüsusi əhəmiyyət daşıyır və onların istehsal dövriyyəsini artıracaq”.
Onun sözlərinə görə, fermerlərin uzun illərdir üzləşdiyi əsas problem məhsulu alan bir çox sahibkarın qeyri-rəsmi ödənişlər etməsi ilə bağlıdır: “Bu praktika fermerlərin dövlətin ayırdığı maliyyə dəstəyindən tam yararlanmasına mane olur. Fermerlər haqlı olaraq bildirirlər ki, qeyri-rəsmi satış sənədləşdirməni mümkünsüz edir və nəticədə dövlət subsidiyası itirilir. Biz bu problemi kökündən həll edəcəyik. Bütün ödənişlər tam rəsmi qaydada aparılacaq və fermerin hər manatı şəffaf şəkildə rəsmiləşdiriləcək. Bu yanaşma həm fermerlərə əlavə güvən verəcək, həm də dövlətin təqdim etdiyi subsidiyalardan tam şəkildə yararlanmağa imkan yaradacaq”.
Agromix rəhbəri hökumətin günəbaxan istehsalına göstərdiyi dəstəyi xüsusi qeyd edərək bildirib ki, hər hektar üçün 120 manat subsidiya, satışa çıxarılan hər ton məhsul üçün isə 50 manat ödəniş fermerin gəlirliyini nəzərəçarpacaq dərəcədə artırır: “Şirkətin rəsmi ödənişlə işləməsi fermerin bu mexanizmdən maksimum yararlanması deməkdir və bu, istehsalın genişlənməsi üçün mühüm şərtdir. “Agromix” olaraq günəbaxan istehsalı ilə bağlı əməkdaşlığı təkcə Xocavəndlə məhdudlaşdırmırıq və Azərbaycanın müxtəlif bölgələrində vahid tədarük şəbəkəsi formalaşdırmağı nəzərdə tuturuq. Bu addım həm daxili bazarın daha stabil xammal təminatı, həm də regionlarda məşğulluğun və kənd təsərrüfatına marağın artırılması baxımından mühüm rol oynayacaq” – müsahibimiz vurğulayıb.
Əlavə edib ki, əsas məqsədləri fermerlərlə etibarlı, şəffaf və uzunmüddətli münasibətlər formalaşdırmaqdır: “Biz fermeri tədarükçü deyil, tərəfdaş qismində görürük. Qarşılıqlı etimad və şəffaflıq üzərində qurulan münasibət həm bizim, həm də kənd təsərrüfatı sektorunun mənafeyinə xidmət edir. Agromix olaraq ölkənin günəbaxan istehsalını genişləndirmək və davamlı təchizat zənciri qurmaq üçün bütün imkanlarımızı səfərbər edəcəyik” – deyə, Bayramova fikrini yekunlaşdırıb.

