Statistikaya görə, Azərbaycanda 3 milyondan çox insan COVİD-19 əleyhinə vaksinasiya prosesindən keçib və peyvəndləşmə kütləvi surətdə davam edir. Lakin buna baxmayaraq, bəzi suallar hələ də cavabsız qalır. Cəmiyyət arasında ən çox müzakirə olunan mövzu isə vaksinasiyanın orqanizmi yoluxmadan həqiqətən qoruyub, qorumaması haqqındadır.
Dünya səhiyyəsi istənilən xəstəliklərə qarşı olan vaksinasiyaların yoluxma hallarının tam aradan qaldırmadığını, sadəcə simptomların yüngül keçməsinə səbəb olduğunu qeyd edir.
Son zamanlar sosial şəbəkələrdə də vaksinasiya haqqında təzadlı fikirlər dolanmaqdadır. Bəzilər vaksinasiyadan keçdikdən sonra, yenidən koronavirusa yoluxduqlarını iddia edirlər.
Milli.Az tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bizim.media-ya açıqlamasında bildirib ki, vaksinasiya olunan insana heç kim qarantiya verə bilməz ki, o, koronavirusa yoluxmayacaq.
“Əgər vaksinasiya olunmuş şəxs virus daşıyıcı bir xəstə ilə təmasda olubsa, çox güman ki, yoluxma halı baş verəcək. Lakin o, simptomları çox yüngül keçirəcək. İnsanlar bilməlidirlər ki, istənilən xəstəliyə qarşı olan vaksinlər, yoluxma halından tam qorumur. Sadəcə, peyvənd olunan insan xəstəliyi yüngül keçirir və ölüm halları azalır. Vaksinasiyanın əhəmiyyəti budur. Hər bir vaksin olan şəxs yoluxma ilə üzləşə bilər”.
Sonda həkim infeksionist qeyd edib ki, bütün hallarda insanlar bacardıqları qədər qorunmalıdırlar.
“Bəzi insanlar var ki, iki dəfə vaksinasiyadan keçir, lakin orqanizmlərində immunitet yaranmır. Belə hallar min nəfərdən birində baş verir. Bunun üçün istər vaksin olsun və ya olmasın, insanlar mütləq şəkildə özlərini kənar amillərdən bacardıqları qədər qorumalıdır”.