“Narkotik istifadəçisi qadın hər gün axşam saatlarında Suraxanı rayonu Qaraçuxur qəsəbəsində məscidinin qarşısında uşağını diləndirir”.
Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
K.Ağazadə bildirib ki, qadın uşağının diləndiyi pulları narkotik vasitə almağa sərf edir:
“Həm özü, həm də həyat yoldaşı bu vəziyyətdədir. İki yaşlı uşaq təhlükəli durumdadır. Uşaq ailədən dərhal uzaqlaşdırılsın. Bir neçə ay öncə bu ailənin qaldığı evin yanında qarajda yanğın çıxıb. Bu insanlar həmin qarajda kimlərləsə, nələrsə edib.
Mənim narahatlığım iki yaşlı uşaqdır. Kim zəmanət verə bilər ki, yanğın yenidən çıxmayacaq? Artıq qaraj yoxdur, demək ki, ora gələnlərlə yanğını evdə çıxara bilərlər, o zaman uşağın aqibətini siz deyin…”.
O əlavə edib ki, evin ünvanını aidiyyəti qurumlara təqdim edə bilər.
Daxili İşlər Nazirliyi Suraxanı rayonu Qaraçuxur qəsəbəsində məscidinin qarşısında uşağını diləndirərək narkotik alan qadınla bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə araşdırma aparılır:
“Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.