“NATO Qara dənizdən getməyəcək. Rusiyanın mövqeyinə baxmayaraq, oradakı nümayəndəliyini qoruyub saxlayacaq”.
Sfera.az-ın məlumatına görə, bu bəyanatla Gürcüstanın Birinci Kanalının efirində alyansın Cənubi Qafqaz və Orta Asiya üzrə baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay çıxış edib.
Onun sözlərinə görə, NATO Londonun verdiyi “etibarlı məlumatlar” sayəsində Britaniya Krallığı Donanması esminesində yaşanan son insidentin bütün təfərrüatlarından xəbərdardır.
“NATO-nun Krımla bağlı qəti mövqeyi var. Krım Rusiya deyil, Ukraynadır. “Defender”lə bağlı yaşanan insident zamanı alyans üzvlərinin sərbəst naviqasiya prinsiplərinə sadiqliyi bir daha sərgiləndi. Rusiya nəhayət başa düşməlidir ki, NATO üzrə müttəfiqlər bu məsələdə geri çəkilməyəcəklər. Müttəfiqlərimizi dəstəkləmək üçün Qara dəniz akvatoriyasındakı nümayəndəliyimizi saxlayacağıq”, – deyə Appaturay bildirib.
Xatırladaq ki, ötən həftə Böyük Britaniyanın “Defender” eskadra minadaşıyan gəmisi Qara dənizdə, Fiolent burnu rayonunda Rusiya Federasiyasının dövlət sərhədini pozub. Bundan bir neçə dəqiqə sonra Su-24M təyyarəsi “Defender”in hərəkət istiqamətinə xəbərdarlıq bombası atıb və yalnız bundan sonra Britaniya gəmisi hərəkət istiqamətini dəyişib.
Bir çox politoloq və hərbi mütəxəssis sözügedən insident nəticəsində dünyanın III Dünya Müharibəsi astanasında olduğunu bildirsə də, Rusiya prezidenti belə düşünmür.
“Təxribatçıları batırsaydıq belə, başlamazdı, bizi səfeh yerinə qoymayın”,- deyə Rusiya lideri söyləyib.