“Ölkədə AZAL-ı tənqid etməyən bir tək Cahangir Əsgərov qalıb, amma yenə də heç bir dəyişiklik yoxdur, biletlər bahadır, inhisarçılıq davam edir”.
APress.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspert qeyd edib ki, AZAL-ı bilet qiymətlərini azaltmağa məcbur etmək üçün hökumət rəqabətli mühit yaratmalıdır:
“Yaxşı, hökumət AZAL-la bağlı qəti qərarlar vermir, bunu anladıq, amma heç olmasa ölkə daxilində rəqabətli mühit yaratsın ki, AZAL da qiymətləri endirməyə məcbur olsun. Bunu necə etmək olar? Çox sadə, məsələn, Lənkəran Hava Limanının tikintisinə 51,5 mln. dollar (indiki məzənnə ilə 87 mln. manata yaxın) pul xərclənib. Hava limanı demək olar ki, çalışmır, buna baxmayaraq, hər il hava limanının kommunal xərclərinə və işçilərin maaşına 5 mln. manata yaxın pul xərclənir, 2008-ci ildən bəri hava limanının xərcləri az qala elə tikintiyə xərclənən qədər olub. İndi nə etmək olar? Lənkəran Hava Limanının AZAL-ın idarəçiliyindən tam çıxarılır, xarici şirkətlərdən birinə (Türkiyə şirkətlərinin marağı olduğunu bilirəm) idarəetməyə verilir və ən vacibi-uçuşların təşkili və icazələrin verilməsi AZAL-dan ayrılır, AZAL rəhbərliyinin uçuş cədvəlinə və təşkilinə heç bir müdaxiləsi olmur. Nəticədə Lənkəran Hava Limanına bir neçə şirkət cəlb olunur, ilkin mərhələdə Türkiyəyə, Rusiyaya, Ukraynaya uçuşlar təşkil edilir, qiymətlər Bakı Hava Limanından ən azı 2 dəfə ucuz olur. Bundan sonra AZAL Bakıdan uçuşlarda müştərilərinin kəskin azaldığını görüb məcburən qiymətləri endirəcək. Yəni hökumət siyasi qərarlarla AZAL-a bata bilmirsə, heç olmasa, iqtisadi rəqabətlə AZAL-a çəki-düzən verə bilər”.İqtisadçı hesab edir ki, eyni yanaşmanı Qəbələ, Gəncə, Zaqatala, payızda açılacaq Füzuli Hava Limanlarında da təşkil etmək olar:
“Yəni beynəlxalq rəqabətə qısqanclıqla yanaşan hökumət və AZAL rəhbərliyi heç olmasa daxili rəqabətə imkan yarada bilər. Bu yolla regionlarda tikilən, büdcədən ayrılan on milyonlarla manata başa gələn, uzun illərdir boş, işsiz qalan hava limanlarını iqtisadiyyatımıza qazandırmış olarıq, çünki Azərbaycan hökumətinin “ağ fil” layihələri tək tikinti zamanı büdcəyə yük olmur, sonra da yük olmaqda, xərc aparmaqda davam edir”.