“Ölkədə narkotik satanlar və istifadəçiləri həbs edilir, bəs niyə bircə nəfər “narkobaron” həbs edilmir?” – RƏYLƏR…backend
Cəmiyyət
731

“Ölkədə narkotik satanlar və istifadəçiləri həbs edilir, bəs niyə bircə nəfər “narkobaron” həbs edilmir?” RƏYLƏR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından hesabat tələb olunmalıdır”

1996-cı ildə Azərbaycanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. Əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarət olan Komissiyanın fəaliyyəti bu gün sıfırın altındadır. Elə əvvəlki illərdə də bu Komissiya “gözdən pərdə asmaq” üçün mövsümi tədbirlər keçirməkdən başqa heç bir iş görməyib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının illik büdcəsi isə 280 min manatdır. Təsəvvür edin, 280 min manat!

Ortada isə heç bir praktiki fəaliyyət yoxdur. Ümumiyyətlə, cəmiyyət belə bir qurumunun varlığından xəbərsizdir. Komissiya dövlət büdcəsindən ayrılan vəsaitin heç bir iş görmədən kabinetlərdə hansı şəkildə yeyildiyinin hesabatını verməlidir.

Hazırda Azərbaycanda müxtəlif dövlət qurumları narkotik maddələrin dövriyyəsi ilə bağlı tədbirlər həyata keçirməkdədir. Açığı, əvvəlki illərlə müqayisədə hazırki mübarizə tədbirləri ictimai fikirə müəyyən qədər nüfuz edə bilib. Eləcə də, narkotik maddələrin dövriyyəsinə qarşı mübarizə istiqamətində müxtəlif dövlət qurumlarının birliyi və həmrəyliyi də müşahidə olunur. Əvvəlki illərlə müqayisədə bu da yeni tendensiyadır.

Bəs nın fəaliyyəti niyə gözə dəymir? Niyə bu qurumun adını tutan yoxdur? Narkotiklə mübarizə tədbirlərində öndə getməli olan Komissiya sanki buxarlanıb, buraxılıb və yoxa çıxıb.

Öncə araşdıraq, görək bu Komissiya günün trendləri ilə necə ayaqlaşır və ümumiyyətlə, bu qurumun ictimai rəyə təsiri nə qədərdir?

Məsələn, Komissiyanın rəsmi Feysbuk səhifəsinin cəmi 3187 izləyicisi var. Təsəvvür edin, on minlərlə narkotik istifadəçisinin yaşadığı ölkədə bu Komissiya özünə heç bir auditoriya yığa bilməyib. Sadəcə dövlət büdcəsini talayıblar. Dünən paylaşılan iki linki çıxmaq şərtilə, Komisisiyanın səhifəsində sonuncu dəfə iyul ayının 17-də paylaşım edilib.

Komissiyanın keçirdiyi virtual tədbirlərin də heç bir əhəmiyyət kəsb etmədiyi açıq şəkildə görünür. Axı rəsmi şəxslərlə, müəllimlərlə onlayn görüşlər keçirib şablon açıqlamalarla çıxış etmək narkotik maddələrlə mübarizə tədbirlərinə necə töhfə verə bilər?

Hazırda bu Komissiyanın sədri Baş nazirin müavini Əli Əhmədovdur. Ə.Əhmədov bu ölkədə onlarla vəzifə daşıyır, eləcə də YAP-da məsul postdadır. Hakim partiyadakı monolit mövqeyini itirsə də, 68 yaşlı Ə.Əhmədov günün əsas trendləri ilə ayaqlaşa bilmir və heç onun vaxtı da yoxdur ki, 11 saatlıq iş saatını müxtəlif yönümlü vəzifələrin icrasına yönəltsin. Deməli, Ə.Əhmədov bu postla da vidalaşmalıdır. Ə.Əhmədovdan əvvəl bu vəzifəni illərlə Baş nazirin sabiq müavini Əli Həsənov icra edib. Maraqlıdır, nəvəsi müxtəlif qanunsuz addımlarla gündəmə gələn Ə.Həsənov bu ölkədə narkotik bəlasına düçar olmuş on minlərlə gənci bu bəladan necə xilas edə bilərdi?

Ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramlar qəbul edilib. Birinci proqram 2007-2012-ci illəri, ikinci proqram isə 2013-2018-ci illəri əhadə edib. Bəs nəticə? Ən dəhşətlisi isə budur ki, bu günə qədər dövlətin narkotiklə mübarizə istiqamətindəki strateji kursunun başında dayanan qurum – Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası olub. Hazırda 2019-2024-cü illəri əhadə etməli olan üçüncü dövlət proqramının mövcudluğundan da heç kəsin xəbəri yoxdur.

Komissiyanın KİV-lərlə əməkdaşlığı ən pis səviyyədədir. Bir-iki rəsmi məlumatlar istisnalar olmaq şərtilə, qurumun özünün veb-saytından (NMDK.GOV.AZ) başqa heç bir media orqanında məlumatı, press-relizi yoxdur. Komissiyanın sosial şəbəkələrin Azərbaycan seqmetindəki böyük səhifələrə heç bir çıxışı mövcud deyil, iştirakçılığı tamamilə yoxdur. Komissiyanın ictimaiyyətlə əlaqələri o qədər pis şəkildə qurulub ki, adi təbliğat video-roliki hazırlayıb gündəmin manşetinə oturtmağı bacarmırlar. Qurumun saytında narkotik maddələrin dövriyyədən çıxarılması ilə bağlı 2021-ci ilin ilk 3 ayının statistik məlumatları dərc edilib. Növbəti 3 ay ilə bağlı heç bir məlumat yoxdur. Halbuki, hazırda ölkədə hər gün xeyli miqdarda narkotik maddələr aşkarlanaraq dövriyyədən çıxarılır.

Narkotik maddələrin dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə prosesinə ziyalılar, vətəndaş cəmiyyəti institutları cəlb olunmalıdır.

Məsələ ilə bağlı Azsiyaset.com-a danışan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, ümumiyyətlə, müxtəlif sahələrlə bağlı yaradılan dövlət komissiyalarından hesabatlar tələb olunmalıdır, eləcə də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından:

“Bunlar nə iş görürlər, heç kəsin xəbəri yoxdur, burada bir ictimai qınaq olmalıdır. Bu komissiyaların hər yarımillik hesabatlılığı olmalıdır. Bütün xalq bilməlidir ki, dövlətin yaradıb pul ayırdığı bu qurumlar nə iş görür. Biz 10 il bundan əvvəl bütün regionları gəzib müxtəlif müəssisələrdə güclü maarifləndirmə işləri aparırdıq. Bu gün narkomaniya artıb, ölkədə böyük bir uçurum yaranıb. İndi narkotiklə mübarizə tədbirləri çərçivəsində həbslər həyata keçirilir. Amma bütün bu işlərin koordinasiya etməli olan dövlət komissiyasının fəaliyyəti gözə dəymir. Komissiyanın fəaliyyəti məni qane etmir. Çünki ictimaiyyətlə iş yox dərəcəsindədir. Medianın, jurnalistlərin də işidir ki, cəmiyyətdəki bu eybəcərlikləri açıb göstərsin. Narkotiklə mübarizə üçün yaradılan bu dövlət komissiyasındakılar ya işdən çıxarılmalıdırlar, ya da onları işləməyə məcbur etmək lazımdır”.

“Azərbaycanda narkotiklə mübarizə tədbirləri size qane edirmi?” sualını cavablandıran Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azsiyaset.com-a verdiyi açıqlamada qeyd edib ki, ilk olaraq narkotik ticarətini təşkil edən həbs edilməlidir:

“İndi 2-3 narkotik satan, ya da istifadə edən uşaqları həbs edirlər və bunun da adını qoyurlar narkotiklə mübarizə. Azərbaycanda bu qədər narkotik satanlar və narkotik istifadəçiləri həbs olunub, amma indiyə qədər bir “narkobaron” həbs edilməliyib. Tonlarla narkotiki bu ölkəyə kim gətirir? Niyə gətirən adamlar həbs olunmur? Bu ticarəti təşkil edənlər niyə həbs edilmir? Neçə ki onlar qalır, Azərbaycanda narkomaniya daha da çiçəklənəcək. Ona görə də narkotiklə mübarizə tədbirəri də boş şeylərdir. Həbs edilənlərin də çoxusu kasıblardır. Narkotiki gətirib bu ölkədə yayanlar həbs olunmayana qədər heç bir nəticə olmayacaq. Ümumiyyətlə, bu narkobaronları dövlətdə kimlər himayə edir? Btünü bunlar barədə məlumat yoxdur”.

S.Cəlaloğlu narkotiklə mübarizə məqsədilə yaradılan Dövlət Komissiyasının fəaliyyətindən də danışıb:

“Əvvəla, narkotikə qarşı mübarizə bir dövlətin daxili işi deyil. Narkotiklərin əsas mənbələrindən biri Əfqanıstandır, Azərbaycan daha çox həm də tranzit ölkə kimi istifadə olunur. Sərhədlərimiz pozulur və narkotiklər ölkəmizə əsasən İrandan gətirilir.  Birincisi, burada bir beynəlxalq əməkdaşlıq tələb olunur. İran, Azərbaycan, Avropa, Rusiya, Əfqanısan və müxtəlif ölkələr birləşərək bu istiqamətdə əməkdaşlıq etməlidirlər. Əli əhmədovun rəhbərlik etdiyi komissiya ilə heç bir nəticə əldə etmək mümkün olmayacaq. Digər tərəfdən, heç bir komissiya dövlət orqanlarının funksiyasını yerinə yetirə bilməz. Dövlət orqanları nakromaniyaya qarşı mübarizə tədbirlərini gücləndirməlidir. Ümumiyyətlə, narkotik istifadəçilərini həbs etməklə iş bitmir və proses bununla məhdudlaşmamalıdır. Geniş maarifləndirmə işləri aparılmalıdır. Həm də vətəndaşları narkomaniyaya gətirən səbəblər aradan qaldırılmalıdır. Bunun da bir nömrəli səbəbi işsizlikdir. İkincisi, gənclərin düzgün tərbiyə sisteminin qurulmaması belə bir acı mənzərənin yaranmasına gətirib çıxarıb. Məscid, məktəb və ailə – Azərbaycanda bu üç sistemin üçü də problemin içindədir. Nə məscidlərimiz cəmiyyətin islahında doğru-düzgün iştirak edir, nə də məktəblərdə düzgün təlim-tərbiyə verilir. ABŞ-ın 2-3 il bundan qabaq yaydığı bir hesabatda göstərilirdi ki, Azərbaycanda orta məktəb şagirdlərinin 30%-i narkotik maddə qəbul edir. Ailələrdə işsizlik və dərin sosial problemlər var. Nəticədə narkomaniya çox böyük sürətlə yayılır. Təkcə həbslərlə narkomaniyanın qarşısının almaq olmayacaq. Gənclər asudə vaxtının təşkili yox dərəcəsindədir. Bizim patiyann yerləşdiyi küçədə gün ərzində 50-60 gənci küçədə boş-boş dayanıb heç bir iş görmədiyini müşahidə edirəm. Bu gənclər nə etməlidirlər? Onları narkotikə cəlb etmək olur. Artıq narkotik maddələrin satışı da, istifadəsi də cəmiyyətdə açıq şəkildə müşahidə olunur”.

Samir Feyruzov