Müqəddəs Ramazan ayı bu il də pandemiya dövrünə təsadüf edəcək. Bu səbəbdən Ramazan ayının ayinləri karantin rejminin şəraiti nəzərə alınmaqla keçiriləcək.
APress.az xəbər verir ki, Azərbaycanda Ramazan ayının aprelin 14-də başlanacağı gözlənilir.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da müqəddəs Ramazan ayı böyük coşğu ilə qarşılanır və əhali bu ayda oruc tutmağa, savab və xeyirxah işlərə təşəbbüs göstərir.
Pandemiyanın davam etdiyi dövrdə Ramazan ayında oruc tutmağın nə qədər düzgün olması, bunun insan sağlamlığına xeyirli və zərərli tərəfləri ilə bağlı bir sıra suallar ortaya çıxır.
İstənilən halda koronavirus xəstələrinin oruc tutması, eyni zamanda koronavirus xəstəliyinə görə oruc tutmamaq da düzgün deyil. Çünki sağlam, səhhəti normal olan və şikayəti olmayan şəxslərin Ramazan ayında oruc tutmasında heç bir dini qadağa mövcud deyil.
Qeyd edək ki, günün böyük hissəsini yeməkdən uzaq durmaq və oruc tutmaq ömrü uzadır, həmçinin bir çox xəstəliyin qarşısını alır. Bu fikirlər “New England” tibbi jurnalında dərc edilən məqalədə də öz əksini tapıb. Bildirilib ki, günün 6-8 saatını qidalanıb yerdə qalan 16-18 saatını yeməkdən imtina bir çox xəstəliyin qarşısını almaqla yanaşı, qan təzyiqini də aşağı salır və ömrü uzadır.
Ramazan ayında kimlərə oruc tutmaq vacib deyil?
Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar:
- Həddi-büluğa çatmamış uşaqlar;
- Psixi cəhətdən qeyri-normal şəxslər;
- Qocalıb əldən düşmüş şəxslər;
- Aclıq və susuzluğa heç cür tab etməyən daimi xəstələr.
Daha dörd təbəqədən olan şəxslər isə Ramazan ayında oruc tutmaya bilərlər; bunun üçün onlara kəffarə də düşmür, sadəcə olaraq itirdikləri hər gün əvəzinə bir gün qəza orucu onlara vacibdir:
- Hamilə qadınlar. Onlar itirdikləri hər günün əvəzində ehtiyaclılara 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza oruclarını tutmalıdırlar;
- Körpəsinə süd verən qadın (əgər oruc tutduğu təqdirdə südünün kəsiləcəyindən qorxarsa). Onlar da hər gün üçün 750 qram ehsan etməli, südvermə müddəti bitdikdən sonra qəza orucu tutmalıdır;
- Qadınlar paklıq vəziyyətləri pozulduğu günlərdə oruc tutmamalı, lakin sonra mütləq qəza etməlidirlər (hər gün müqabilində bir gün hesabı ilə);
- Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruc tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə orucdan azaddırlar. Əgər gələn ilin Ramazan ayına kimi sağalsalar, mütləq qəza orucu tutmalıdırlar. Gələn ilə kimi sağalmasalar, qəza orucu vacib olmaz, yalnız hər gün üçün 750 qram ehsan etmələri kifayətdir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli pandemiya dövründə Ramazan ayı ilə bağlı yaranan sualları cavablandırıb:
– Koronavirus pandemiyası zamanı sağlam insanlar oruc tuta bilərmi?
– Koronavirus pandemiyası zamanı sağlam insanlar oruc tutmalıdırlar. Yəni orucun vacib olma hökmü onların üzərindən götürülmür. Sağlam insanlar digər vaxtlarda olduğu kimi pandemiya zamanı da oruc tutmalıdırlar. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasında da bu ayrıca qeyd olunub ki, hansı qrup insanlar oruc tutmaqdan azad oluna bilərlər. Buna görə sağlam insanların oruc tutmasında hər hansı problem yoxdur. Hətta bəzi həkimlər oruc tutmağın insan immunitetinə müsbət təsir göstərdiyini qeyd ediblər. Bir şərtlə ki, düzgün qidalanma olsun. İftardan sonra çoxlu maye qəbul edərlərsə, meyvə-tərəvəzdən çox istifadə olunarsa, bu halda insanların sağlamlığına heç bir ciddi mənfi təsir göstərməyəcək.
– Bəs COVID-19 virusuna yoluxan şəxsin oruc tutması düzgündürmü?
– Koronavirusa yoluxan şəxslərin oruc tutması mümkün deyil. Çünki onlar müalicə olunurlar, dərman qəbul edirlər. Ona görə virusa yoluxan insanlar oruc tutmamalıdırlar. İnşallah, sağalandan sonra oruclarını davam edərlər, əgər Ramazan ayı bitərsə, daha sonra qəzasını yerinə yetirərlər. Amma virusa yoluxmuş insanlar hazırda müalicə olunurlar deyə Ramazan ayının orucunu tutmamalıdırlar. Onlar oruc tutmaqdan azad olunurlar.