Hazırda Hindistanda olan Delta ştammı İngiltərə və başqa bir sıra ölkələrdə müşahidə edilir. Digər tərəfdən pandemiyanın bitməsini gözləyərkən, artıq dördüncü dalğası ilə bağlı söz-söhbətlər gəzməkdədir.
Bununla bağlı tibb üzrə ekspert, professor Adil Qeybulla Sfera.az-a açıqlamasında vurğulayıb ki, Delta ştammının özəlliyi burada ikiqat mutasiyanın getməsidir və hesab edilir ki, bu, mövcud immun sistemin reaksiyasından yayına bilər:
“Bu baxımdan mütəxəssislər narahatdırlar. Düzdür, İngiltərədə, Amerikanın bəzi ştatlarında bu ştamma təsadüf edilib, ayrı-ayrı şəxslərdə tapılıb. Çünki dünya qloballaşır, insanların miqrasiyası davam edir. Bu mənada da ştammın yayılması mümkündür. Lakin əksər ölkələrdə kollektiv immunitet də formalaşır. Vaksinasiya davam edir, o cümlədən xeyli yoluxan şəxslərdə immunitet yaranıb”.
Müsahibimiz qeyd edib ki, kütləvi immunitet bunun öhdəsindən gələ biləcəyi halda, Delta ştammı dünyaya yayılmaq üçün imkan tapmayacaq:
“Öhdəsindən gələ bilmədiyi təqdirdə isə, pandemiyanın dördüncü dalğası başlayacaq və bu, ən dəhşətli dalğa ola bilər. Ona görə də dünya hələ dilemma qarşısındadır. Proseslər ciddi şəkildə izlənilir, narahatlıq var. Karantin qaydalarının gözlənilməsi şərtdir. Çünki hər an situasiya dəyişə bilər”.