Məhdudlaşdırıcı tədbirlər nəticəsində II rübdən başlayaraq iqtisadi artım azalma ilə əvəz olunmağa başlayıb, I rüb istisna olmaqla, digər rüblərdə başlıca azaldıcı effekt ötürən sahələr arasında pandemiyanın birbaşa təsiri ilə mehmanxana və restoranlar, dolayı təsiri ilə isə mədənçıxarma sənayesi fərqlənib.
Oxu.Az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.
I rübdə iqtisadi artım qeydə alınsa da, sonradan həyata keçirilmiş tədbirlər səbəbilə daxili və xarici tələbdə əhəmiyyətli sıxılma səbəbilə iqtisadi azalma özünün III rübdə ən pik səviyyəsinə çatıb.
Pandemiyadan ən çox təsirlənən alt sahələrdən olan mehmanxana və restoranlar II rübdə əvvəlki ilin müvafiq rübü ilə müqayisədə 70 faizdən çox azalaraq, ÜDM-in azalmasına təsir edən əsas sahə olsa da, III və IV rüblərdə hasilatın azaldılması ilə əlaqədar olaraq, ən böyük neqativ təsir mədənçıxarma sənayesində formalaşıb.
Pandemiyadan birbaşa olaraq təsirlənən qeyri-neft sektorunda azalma müşahidə edilib, ticari sahələr üzrə real artımın qeydə alınmasına baxmayaraq, qeyri-ticari sahələrin əksəriyyətində mənfi tendensiyanın izlənməsi qeyri-neft ÜDM-nin real ifadədə azalması ilə nəticələnib. Ölkənin ixrac potensialını əks etdirən ticari sahələrin qeyri-neft ÜDM-də payı isə 20 faizdən aşağı olaraq qalıb.
Qeyri-neft bölməsində ticari sahələrdən olan qeyri-neft sənayesi bütün sahələr arasında ən yüksək artım tempi ilə seçilib və bununla da əlavə dəyərin illik dəyişməsinə ən böyük artırıcı təsir bu sahədən gəlib. Digər ticari sahə olan kənd təsərrüfatı üzrə artım qeydə alınsa da, artım əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə zəifləyib, bununla da ÜDM-in dəyişməsinə demək olar ki, dəstək verə bilməyib.
Qeyri-ticari sahələr arasında əhəmiyyətli azalma tempi ilə turizm sektoru xüsusi fərqlənib. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda real dəyişmə mənfi 58,9 faiz olub, təkcə bu sahə iqtisadi azalmaya 1,4 faiz bəndi ilə təkan verib.
Real ifadədə mənfi dəyişmənin izləndiyi digər sahə tikinti sahəsidir ki, bu istiqamət üzrə yaradılmış əlavə dəyər real ifadədə 8,7 faiz azalıb. Azalmanın səbəbi əvvəlki illə müqayisədə investisiyaların tikinti-quraşdırma işlərinə 8,6 faiz az yönəldilməsi ilə izah oluna bilər.