Zəngəzur istiqamətində Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etməsi ilə ötən gündən başlayan yalançı hay-küyü Ermənistan rəhbərliyi davam etdirir.
APress.az Axar.az-a istinadla xəbər verir ki, Qarabağın 30 ilə yaxın işğalda saxlanıldığı zaman dövlət sərhədini pozaraq, qanunsuz olaraq sərhədlərini qabağa çəkən ermənilər hazırda Ordumuzun sərhədi qanuni yerinə qaytarması üzərində şou düzəldir, bacardıqca hay-küy salaraq, torpaq qamarlamağa çalışırlar.
Növbəti belə bir şou Qaragöl ətrafında yaradılıb. 44 günlük Qarabağ savaşında olduğu kimi, bu dəfə də Ermənistan rəsmiləri Rusiya və Fransa rəhbərlərinə ardıcıl zənglər edib, yalvarırlar.
Ermənistan baş naziri vəzifələrini icra edən Nikol Paşinyan az öncə Fransa Prezidenti Makrona da zəng edib və Azərbaycan Ordusunun guya Ermənistan sərhədinə müdaxilə etdiyini bildirib. Yelisey sarayından yayılan məlumata görə, Makron Ermənistanın ərazi bütövlüyünə bağlılığını dilə gətirib. Eyni zamanda, Makron ənənəvi simasını nümayiş etdirib və hadisənin mahiyyətini bilmədən və yaxud bunu öyrənmək istəmədən, “qərarını” elan edib, “təcili sürətdə Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması gərəkdiyini” ifadə edib.
Makron BMT TŞ vasitəsilə sərhəddə sabitliyin və təhlükəsizliyin təminatına ümid bəslədiyini də vurğulayıb.
Burda məsələnin ən mühüm tərəfi Paşinyanın məhz Makrona müraciəti, Fransa Prezidentinin isə birtərəfli açıqlamasıdır. Halbuki Ermənistan KTMT-nin üzvüdür və bu marionet dövlətin sərhədlərini də Rusiya Sərhəd Xidməti qoruyur. Başqa sözlə, faktiki olaraq Ermənistan sərhədi Rusiyanın nəzarətində, KTMT-nin himayəsindədir. Əgər sərhəddə hər hansı gərginlik varsa, bunu da Rusiya sərhədçiləri ilə Azərbaycan Ordusu müzakirə edir və sərhəd delimitasiyasını aparırlar. Belə məqamda Fransaya şikayətə qaçmaq və ənənəvi yalvarış kimə və nəyə lazımdır?
Görünür, Nikol Paşinyan da həmin ərazilərin Azərbaycana məxsus olduğunu, Azərbaycan Ordusunun GPS və xəritələrlə davrandığını yaxşı bilir və Rusiya və KTMT də Paşinyana məhz bunu çatdırıb. Həqiqətin Rusiya tərəfindən təsdiqlənməsindən sonra isə Nikol bacı Emmanuel qardaşına şikayətə qaçıb.
Makronun olaya qeyri-peşəkar, birtərəfli və qeyri-obyektiv münasibəti isə Fransanın Cənubi Qafqaz siyasətinin və Minsk Qrupunun həmsədri kimi iflasının daha bir sübutudur.