Bir dalğadan çıxıb digər dalğaya daxil olan yeni növ koronavirus (COVID-19) ştammları daha çox yoluxuculuq xüsusiyyəti qazanır, çünki infeksiya dərman vasitələrinin təsirinə məruz qalır və dözümlü ştammlar formalaşır. Birinci-ikinci dalğada daha bəsit prosedurlar və qeyri-spesifik müalicə vasitələrindən istifadə edərək infeksiyaya yoluxmuş xəstələri sağaltmaq mümkün olurdusa, üçüncü dalğada bu xüsusiyyət spesifik deyil. İndi daha həssas, spesifik, antiviral, antibakterial və antifunqal müalicə vasitələri tətbiq etməyə ehtiyac var. Təbii ki, virusun spesifikası tez-tez dəyişikliyə meyillidir. Hər yeni dalğada ola bilər ki, daha davamlı və fərqli bir ştamm ortaya çıxsın. Mövcud vaksinlər isə yeni ştammlar üçün də keçərlidir.
Bunu həkim Kamil Nəhmətov COVID-19 xəstələrinin müalicəsi zamanı tətbiq olunan prosedurlar barədə danışarkən deyib.
Onun sözlərinə görə, gənclərin daha çox yoluxmasının səbəbi daha çox özünəinam hissi ilə əlaqədardır. Yəni onlar cavan olduqlarına görə immunitetlərinin daha güclü olduğunu və xəstəliyi yüngül keçirəcəklərini düşünürlər. Bu, çox yanlış yanaşmadır, çünki xəstəxana çarpayıları və reanimasiya şöbələrində gənc yaşda olan kifayət qədər xəstələr var. Bununla yanaşı, peyvəndin ikinci dozasının vurulmasından iki həftə keçən və davamlı immuniteti yaranan yaşlılarda virusa rastlanma tezliyi azdır. Əlbəttə, bu, çox müsbət göstəricidir. Vaksinasiya prosesi çərçivəsində həssas yaş qrupunda ağırlaşmalar belə az oldu. Vaksinin hər iki dozasını qəbul etdikdən sonra davamlı immunitet yaranır. Effektivlik və təhlükəsizlik vaksinin əsas xüsusiyyətləri sırasındadır. Təbii ki, effektivlik vaksin seçimində prioritet məsələlərdəndir. Əgər müşahidə, təcrübə və təhlillər nəticəsində yaranan immunitetin davamlı olmadığı aşkarlansaydı, bu, tətbiq olunmayacaqdı. İlk vaxtlarda anticisimlərin səviyyəsində çox şiddətli artımlar olur, sonra enərək lazım olan davamlı konsentrasiyanı özündə saxlayır. Həmin prosesi keçirməyən və ya keçirib immuniteti yaranmayanlarda vaksin vurdurandan sonra anticisimlər əmələ gəlib. Maraqlı xüsusiyyət budur ki, infeksiya keçirən xəstələrin təxminən 10 faizə qədərində həmin antiticisimlər yaranmır. Peyvənd edilənlərin mütləq əksəriyyətində isə anticisimlər yaranır”.
Mütəxəssis bildirib ki, nazofarengit kimi mövsümi xəstəliklər və hətta yuxarı tənəffüs yollarının kataral infeksiyaları istənilən xəstəyə koronavirus diaqnozu qoymağa əsas vermir: “Çünki ilkin spesifik xüsusiyyətlər COVID-19-a məxsusdur. İmkan daxilində laborator və instrumental müayinələr nəticəsində onların differensasiya olunmasına çalışılır. Təbii ki, mövsüm infeksiyası mərhələsində olan xəstəni koronavirus şübhəsi altında saxlamaq məqbul deyil. Tibbi aspektdən doğru olan addım müşahidə müddətidir. Həmin xəstələrdə müşahidə müddəti izlənilir. Sinusit, nazofarengit və digər mövsüm infeksiyalarının koronavirusdan bir qədər fərqli olaraq spesifik gedişatı var. Differensasiya varsa, həmin xəstə qrupu ayrılır. Lakin bu o demək deyil ki, onlar yoluxucu deyillər. Ola bilər ki, onlar aktiv fazada nazofarengit keçirir və ya onun maskası altında, ona bənzər əlamətlərlə koronavirusu keçirirlər. Bu, koronavirusu inkar eləmir. Nəzərə almaq lazımdır ki, həmin şəxslər ailə üzvlərini infeksiyaya yoluxdurmaq üçün vasitəçi rolu oynaya bilərlər. Ola bilər həmin şəxslər həm koronavirus daşıyıcısı olsun, həm də onlarda mövsümi olaraq xarakterik xüsusiyyətlər təkrarlansın. Allergik reaksiyalar və polinozlar zamanı asqırma, hıçqırma, allergenə qarşı yalançı temperatur reaksiyaları ola bilər. Bunların differensasiyası əhəmiyyətlidir. Belə əlamətləri olanlar mütləq həkimə müraciət etməli və onlara differensial diaqnoz qoyulmalıdır. Onun anamnezində mövsüm infeksiyalarından əziyyət çəkməsi və xarakterik əlamətlərin təkrarlanması öz əksini tapmalıdır. Buna uyğun olaraq xəstə sahə həkimi və ya özünün şəxsi müalicə həkimləri tərəfindən müşahidə edilir. Müşahidə müddətində polinozun və ya allergik reaksiyaların spesifikası özünü göstərəndə differensial diaqnoz qoyulur. Bu, o demək deyil ki, COVID ehtimalı nəzərə alınmır. Analizlər və müayinələr xəstəyə düzgün diaqnoz qoymağa kömək edir.
Onu da qeyd edim ki, allergik xəstəliyi olanların peyvənd vurdurmasında əks-göstəriş yoxdur. Bəzi vətəndaşların hansısa bir dərman və ya vaksin komponentinə qarşı həssaslığı ola bilər. Ümumiyyətlə, vaksinlər çoxkomponentli olur və tərkibi fiksasiya, yəni köməkçi komponentləri də ehtiva edir. Həmin komponentlərə qarşı baş verə biləcək allergik reaksiya vəziyyəti təhlil edilir və ona uyğun qərar verilir. Təbii ki, ən çox narahatlıq doğuran anafilaktik şokdur, yəni qəfil allergik reaksiya baş verə və bu, həyati letal, mortalizə ağırlaşmasına səbəb ola bilər. Ona görə də peyvənddən əvvəl və sonra müşahidə aparılır. Əgər qısa vaxt ərzində ağırlaşma baş vermirsə, peyvənd olunanlar proseduru rahatlıqla keçmiş sayılırlar”.