Peyvənd olunanlara 100 manat veriləcək? – “Müxtəlif bəhanələr uydururlar”backend
Cəmiyyət
284

Peyvənd olunanlara 100 manat veriləcək? – “Müxtəlif bəhanələr uydururlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir sıra ölkələr əhalini vaksinasiya prosesinə cəlb etmək üçün müxtəlif həvəsləndirici addımlar atır. Məsələn, ABŞ-ın Qərbi Virciniya ştatında 16-35 yaş aralığında olanları vaksinasiyaya həvəsləndirmək üçün onlara 100 dollar veriləcəyi bildirilir.
Bu günə qədər Azərbaycanda əhalinin əhalinin yalnız 14 faizi peyvənd olunub.  Bu mənada, ölkəmizdə də vətəndaşları vaksinasiyaya motivasiya etmək məqsədilə hansısa həvəsləndirici addımlar atmaq olarmı?
Məsələ ilə bağlı Sfera.az-a danışan tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə bu kimi tədbirlərə ehtiyac duymadığını deyir:
“Sağlamlığın qədrini bilən insan vaksinasiya olunmalıdır ki,  koronavirusa yoluxmasın. Son zamanlar koronavirus infeksiyasının yayılma sürəti artıb. Artıq hər kəsin ətrafında koronavirusdan ölən, yoluxan insanlar var. İnsanlar daha nə qədər maariflənməlidir ki, vaksinasiyaya getməyin yeganə çıxış yolu olduğunu anlasınlar?”
Həmsöhbətimiz vətəndaşların belə bir taleyüklü məsələdə bir qədər anlaşımaz davrandıqlarını da etiraf edib: “Vaksin olmayanda dövləti günahkar sayırdılar ki, niyə gətirməmisiniz.  Gələndə də prosesdən yayınmaq üçün müxtəlif bəhanələr uydururlar. Vaxtilə dünyada mövcud olan bir sıra xəstəliklər məhz vaksin hesabına ortadan qaldırılıb. İnsanlarımız bununla bağlı kifayət qədər maarifləniblər. Sadəcə olaraq, bəzilərində müəyyən qədər inamsızlıq, laqeydlik var. Bu istiqamətdə hansısa həvəsləndirici addımlar haqqında düşünməməliyik. Özümüzü və ətrafdakıları qorumaq üçün mütləq vaksinasiyaya getməliyik”.
Milli Məclisin deputatı Vüqar Bayramov isə maarifləndirmə işlərini genişləndirməyi məqsəduyğun hesab edir: “Vaksinasiyanın geniş miqyas alması üçün məlumatlandırma çox vacibdir. Vaksinasiyanın əhəmiyyəti insanlara çatdırılmalıdır. Çünki vaksinasiya pandemiyanın aradan qaldırılmasının yeganə yoludur. Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə vaksin olunanlara xarici ölkələrə sərbəst hərəkətə icazə verən “yaşıl pasportun” təqdim edilməsi müzakirə olunur. Reallaşarsa, bunun özü də insanlara prosesdə aktiv olmaq üçün stimul verə bilər. Düşünürəm ki, belə təşviqlər daha cəlbedicidir”.