Polis Şəmkirdə saxlanılan şəxs barədə sosial şəbəkələrdə yayılan məlumatlara rəsmi münasibət bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org–a verilən məlumatda bildirilir ki, sosial şəbəkələrdə Şəmkir rayon sakini Tural Zeynalovun qanunsuz olaraq saxlanılması, ona və digərlərinə qarşı zor tətbiq olunması barədə yayılan iddialar əsassızdır və böhtan xarakterlidir.
Qeyd edilib ki, iyun ayının 21-də Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində fəaliyyət göstərən “Qoşa Qala” restoranında karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları restorana gəldikdə, restoran sahibi əvvəlcə obyektin qapılarını bağlayaraq, asayiş keşikçilərinin qanuni fəaliyyətinə mane olub, sonra içəri daxil olan polis əməkdaşlarının qanuni tələblərinə mane olub, onlara zor tətbiq edərək xuliqanlıq hərəkətləri edib. RPŞ əməkdaşları qanunla müəyyən edilmiş qaydada T. Zeynalovu saxlayaraq, polis şöbəsinə gətirib, lakin sonuncu söyüş söyərək və zor tərbiq edərək xuliqanlıq hərəkətlərini davam etdirib.
Tural Zeynalov barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edilir ki, T.Zeynalovun obyektində bundan əvvəl də 7 dəfə karantin rejiminin pozulması aşkar edilərək barəsində inzibati tədbir görülüb. Bundan başqa o, polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, komendant rejimini və karantin qaydalarını pozduğuna görə, barəsində İnzibati Xətalar məcəlləsinin 510 (Xırda xuliqanlıq), 517 (Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması), 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək, protokol tərtib edilməklə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T. Zeynalov 15 sutka inzibati həbs olunub.