Ölkədə yoluxmanın sayı durmadan artır. Əvvəlki durğunluq və azalma dövrü sanki “time-out” götürüb. Koronavirusdan ölənlərin sayında da müəyyən artımların olduğunu rəqəmlərdən görmək mümkündür.
Əvvəlki sərt karantin rejimləri ərəfəsində də bu tendensiya hiss olunurdu. Bu templə davam etsə, yenidən məhdudlaşmaya gedilə bilərmi?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Publika.az-a açıqlamasında söyləyib ki, bu gün epidemioloji vəziyyətin pisləşməsi ayrı-ayrı regionlarda olduğu kimi, Azərbaycanda da hiss edilir:
“Britaniya ştammının burada yayılıb-yayılmaması haqqında məlumat yoxdur. Bilirik ki, artıq Avropanın bir çox ölkələrində peyda olub. Epidemioloji vəziyyət bu şəkildə davam etsə, üçüncü dalğa haqqında söhbət gedə bilər. Bu da sərt karantin tədbirlərini labüd edir. Amma indiki durumda, indiki vəziyyətdə sərt karantin qaydalarının sərtləşdirilməsinin tərəfdarı deyiləm”.
A.Qeybulla hesab edir ki, bayram ərəfəsində insanlara mümkün qədər müəyyən azadlıq vermək lazımdır:
“İnsanlar qapalı mühitdə karantin qaydalarına ciddi əməl etməlidirlər. Bu, çox vacibdir. Əsas məsələ vətəndaş məsuliyyəti nümayiş etdirməkdir. Mümkün qədər ciddi olmalıyıq. Hətta vaksinasiya olunan şəxslər də məsuliyyət nümayiş etdirməlidirlər. Onlar tərəfindən də karantin qaydalarına ciddi əməl olunmalıdır. Ən azından bir ay, ay yarım ehtiyat əldən verilməməlidir. Bu müddət ərzində özümüzü qorumalıyıq. Daha məsuliyyətli davranmalıyıq. Burada dövlətin də müəyyən vəzifələri var. İctimai nəqliyyatda qayda-qanun yaratmaq lazımdır. Yoluxma mənbələrindən biri də təəssüflər olsun ki, ictimai nəqliyyatdır”.