“Görüş gərgin olan münasibətlərin yumşalmasına töhfə verəcək”.
Bu sözləri Sfera.az-a açıqlamasında Cenevrə şəhərində ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşün nəticələrini şərh edərkən, politoloq Elşən Mirzəoğlu deyib:
“Baydenlə Putin görüşünün müəyyən nəticələri artıq bəllidir. Tərəflər münasibətlərdəki gərginliyin aradan qaldırılmasında maraqlı olduqlarını bəyan etdi. Səfirliklərin bərpa olunması istiqamətində razılıq əldə olundu. Ukrayna məsələsi də gündəmdə oldu. Bu problemin Minsk razılığı kontekstində həlli yolunda danışıqların davam etdirilməsinin vacibliyi vurğulandı. Bu da daha çox Rusiya tərəfini məmnun edir.
Ancaq ABŞ-da bu istiqamətdə gərginliyin artmasında maraqlı olmadığını ortaya qoydu. Dünyanın müxtəlif bölgələrindəki bəzi regional münaqişələr ətrafında da müzakirələr aparıldı. Ən əsası kiber təhlükəsizliyi sahəsində əməkdaşlığın davam etdirilməsi və hər iki tərəfi qayğılandıran həmin problemin həlli istiqamətində uzlaşdırılmış addımların atılması yolunda müəyyən razılıqlar əldə olundu”.
Həmsöhbətimiz hər halda ümid edir ki, görüş ABŞ Rusiya münasibətlərində yüksələn xətlə artan gərginliyin aradan qaldırılmasına töhfə verəcək: “Putin etiraf etdi ki, ABŞ-ın sanksiyaları Rusiyanı müəyyən dərəcədə sıxışdırsa da, bütövlükdə bu şimal ölkəsi üçün kritik hədd olmadı. Hər iki tərəf “qırmızı xətti” keçməməklə bağlı müzakirələr aparsa da, bu “qırmızı xətt”in nədən ibarət olması barədə məsələyə aydınlıq gətirilmədi. Silahlanma və orta, yaxın mənzilli raketlərlə bağlı birgə və əlbir siaysətin aparılması dünyanı təhdid edən bu təhlükənin aradan qaldırılması yolunda əldə edilən əsas nəticələrindən biri kimi qəbul oluna bilər”.