Rusiya Federasiyasının prezidenti Vladimir Putin NBC-yə müsahibəsində ABŞ-a qarşı kiber hücumların arxasında rus hakerlərin və ya Rusiya rəsmi dairələrinin dayandığına dair ittihamları “feyk” adlandırıb.
“Bizi çox şeydə günahlandırıblar. Seçkilərə müdaxilədə, kiber hücumlarda və sair və i.a. Amma bir dəfə də olsun, hansısa dəlil və ya sübut təqdim etməyi lazım bilməyiblər. Yalnız əsassız ittihamlar səsləndiriblər”,- deyə o, bildirib.
Prezidentin qeyd etdiyi kimi, Amerikada təhlükəli sayılan nəsnə, Rusiya üçün də təhlükəli ola bilər. Onun sözlərinə görə, NATO kiberməkanı döyüş meydanı hesab edir.
“Onlar nə isə planlaşdırır, nə isə hazırlayır, təbii ki, bu bizi narahat etməyə bilməz”,- deyə dövlət başçısı qeyd edib.
Putin Amerika kəşfiyyatının Rusiyanın informasiya şəbəkələrinə sızdığını istisna etməyib, amma bundan qorxmadığını vurğulayıb. Bununla yanaşı, Rusiya prezidenti kiber cinayətlərə qarşı mübarizədə Vaşinqtonla əməkdaşlığa ümid bəslədiyini də söyləyib.