Putini Qarabağla bağlı qorxudan nədir? – Bakıya və Yerevana zəngin gizlinləribackend
Dünya
389

Putini Qarabağla bağlı qorxudan nədir? – Bakıya və Yerevana zəngin gizlinləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub. Söhbət zamanı regionda 44 günlük müharibədən sonrakı vəziyyətlə bağlı məsələlər müzakirə edilib.
Sfera.az-ın məlumatına görə, bununla bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya prezidenti Vladimir Putin müharibəyə qədər Dağlıq Qarabağ mövzusu ilə xüsusi olaraq maraqlanmırdı:
“Putin müharibə və ondan sonrakı dövrdə fəallaşdı, iki bəyanatın hazırlanmasını təmin etdi, üstəgəl də ən azı ayda bir dəfə Bakıya və İrəvana zəng edir, vəziyyətlə maraqlanır. Vladimir Putin dünən də həm Bakıya, həm İrəvana zəng edib.
Putinə aydındır ki, Azərbaycanla Ermənistan sərhəddində baş verənlər bölgədə yeni müharibəyə səbəb ola bilər. Bu isə Rusiyanın və şəxsən Putinin maraqlarına cavab vermir. Müharibə yenidən başlayarsa, Putinin vasitəçiliyinin və iki bəyanatın nəticəsiz qaldığı üzə çıxacaq, Kremlin imici yerlərdə sürünəcək. Ona görə də Putin hər dəfə tərəflərə xəbərdarlıqlarını çatdırır”.
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə isə Putinin İlham Əliyevə, ardınca Paşinyana zəng etməsindən iki nəticə çıxır: “Birincisi, Rusiya tərəf olmayacaq. Ermənistanın KTMT-ni prosesə qoşmaq və Moskvanı tərəf etmək cəhdləri baş tutmur. Təşkilatın Xarici İşlər Nazirləri Şurasının iclasından bir şey çıxmadı. Tokayevlə Əliyevin telefon söhbəti, Belarusla Azərbaycan arasında hərbi əməkdaşlıq planının imzalaması Bakının KTMT-də mövqelərinin İrəvandan daha güclü olduğunu göstərir. Təşkilatın baş katibi Stanislav Zasın dünən “10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin alternativinin olmadığını qeyd edirik” açıqlaması da Putinin sözlərinin təkrarı idi. Putinin Bakı və İrəvana “siyasi-diplomatik həll yolu” təklif etməsi Moskvanın tərəf olmayacağına dair son mövqeyinin çatdırılmasıdır.
İkincisi, tərəf olmayan Rusiya sərhəd mübahisəsi ilə Qarabağ müharibəsindən sonra Türkiyə ilə paylaşdığı və zəifləyən “vasitəçilik missiyasını” yeni formatda gücləndirdi. Putinin eyni gündə Əliyev və Paşinyanla danışması Qarabağla yanaşı, yeni bir məsələ üzərindən “vasitəçiliyinin” qeyri-rəsmi formada açıq elan edilməsidir”.
Siyasi şərhçi qeyd edib ki, bu zəng bir informasiya fonunda xüsusilə diqqət çəkir və “niyə bu gün” sualını önə çıxarır: “Ermənistan mediası dünən Tehrandan İrəvana 10 yüksək rütbəli İran hərbçisinin gəldiyini yazır. İran hərbçilərinin Ermənistana hərbi yardım təklifi ilə gəldiyi istisna deyil. Tehran üçün Rusiyadan və KTMT-dən dəstək ala bilməyən Ermənistana kömək etmək bölgədə mövqelərini gücləndirmək baxımından yaxşı fürsətdir. Tehran Paşinyanı bölgədə Bakıya qarşı mübarizədə İrəvana kömək edəcək yeganə gücün İran olduğuna inandırmaq istəyir. Qarabağ müharibəsindən sonra İranın bölgədə həm də “çirkli pulların” yuyulması mexanizminə ziddi zərər dəyib və Tehran bütün vasitələrlə itirdiklərini bərpa etməyə çalışır. İran zabitlərinin Ermənistana kömək təklifinin edildiyi gün Putinin Bakı və İrəvana zəngi bölgədə “hakim” missiyasının yalnız Rusiyaya məxsus olduğunu çatdırmaq idi, xüsusilə Paşinyanın diqqətinə”.