Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında 22 apreldə baş tutacaq görüşdə dövlət başçıları Belarus-Rusiya münasibətlərinin hazırkı gündəliyini müzakirə edəcəklər.
APress.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Moskvada keçirilməsi planlaşdırılan danışıqlar zamanı liderlər həm də ticari-iqtisadi qarşılıqlı fəaliyyətin aktual məsələlərinə toxunacaqlar.
Bundan əlavə, koronavirus pandemiyası ilə mübarizə və ölkələr arasında tam hüquqlu nəqliyyat əlaqəsinin bərpa edilməsi istiqamətində atılan addımlar müzakirə olunacaq.
“Prioritet mövzular arasında müttəfiqlik mövzusu da var. Bundan əlavə, Aleksandr Lukaşenko və Vladimir Putin mövcud çağırışlara və təhdidlərə qarşı birgə atılacaq addımları müzakirə edəcəklər”,- deyə məlumatda qeyd olunub.
Öz növbəsində Kreml də liderlərin danışıqlar zamanı toxunacaqları mövzuları açıqlayıb.
“Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinə dair bir sıra məsələlər və müttəfiq dövləti çərçivəsində qarşılıqlı fəaliyyət perspektivlərininin müzakirəsi nəzərdə tutulur”,-deyə Rusiya Prezidentinin Mətbuat xidmətinin açıqlamasında qeyd olunub. // “Qafqazinfo”