Hər bir azərbaycanlının qəlbində Xocavəndin həm də özünəməxsus yeri var. İşğaldan azad olunan bütün ərazilərimiz bizim üçün əzizdir, dəyərlidir, qiymətlidir. Lakin Xocavənd həm də ona görə dəyərlidir ki, erməni separatçılığı nəticəsində Dağlıq Qarabağın mərkəzi ərazilərindən biri olaraq daim erməni radikal siyasətinin dezinformator hücumlarına məruz qalmış və orada yer alan Azərbaycan tarixinin dəyərli inciləri illər ərzində saxtalaşdırılıb, dağıdılıb və misilsiz vəhşiliklərin ünvanı olub.
Xocavənd həm də dünya rəzalət tarixinin də yaşandığı ərazilərdən biridir. Xocalı faciəsinə göz yuman beynəlxalq “demokratiya ovçularının” eşitmək, görmək istəmədikləri Qaradağlı faciəsinin yaşandığı yerdir.
Tarix boyu türklərə qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti – Qaradağlı soyqırımını həyata keçirdilər. 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlı quldur birləşmələri tərəfindən işğal olunmuş, kənddə olan 118 nəfər əsir götürülmüşdür. Əsir götürülənlərdən əksəriyyəti gənclər olmaqla 33 nəfəri kəndin yaxınlığında vəhşicəsinə güllələnmiş, öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqla örtmüşlər. Əsir götürülənlərdən 68 nəfəri öldürülmüş, 50 nəfəri böyük çətinliklərlə azad edilmişdir. Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülmüş, 43 ailə öz başçısını itirmiş, 1 ailədən hər iki valideyn qətlə yetirilmiş. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur. 146 uşaq yetim qalması ilə nəticələnən Qaradağlı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir.
Xocavənd RİH-in saytında bildirilir ki, Qaradağlı soyqırımının tanıdılması ilə bağlı xeyli işlər görülüb. 2008- ci il oktyabr ayının 8- də Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılışında iştirakı zamanı möhtərəm Prezidentimiz İlham Əliyevə Xocavənd rayonunun Qaradağlı kəndində ermənilər tərəfindən törədilmiş soyqrımı cinayəti barədə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən məruzə olunmuş və cənab Prezident “bunu hamının bilməli olduğunu” qeyd etmişdir. Ali Baş Komandanın bu tapşırığından sonra bu istiqamətdə işlərin aparılması daha intensiv xarakter almış, erməni vandallarının dinc sakinlərə qarşı törətmiş olduqları bu cinayət əməlinin ölkə və dünya ictimaiyyətinə çatdırılması məqsədilə Rayon İcra Hakimiyyətinin sifarişi ilə “Soyqırımı: Qaradağlı” sənədli filmi çəkilmişdir.
“Mən ayılanda gördüm ki, hava qaranlıqdır, özüm də qan içindəyəm”
Qaradağlı soyqırımının canlı şahidi, ermənilər tərəfindən girov götürülmüş kənd sakini Vidadi Hüseynov “Şərq” qəzetinə verdiyi açıqlamada əsir düşən saatları xatırlayarkən gözləri dolur: “Bizə maşınlara tərəf hərəkət əmri verildi. Bir erməni zabiti qocaları və qadınları KaMAZ – a, cavanları isə üstü çadırlı “Ural”a mindirdilər. Birdən bir mülki geyimdə olan orta yaşlı erməni maşına yaxınlaşıb dedi – “Mən burda 3 nəfər türk öldürməliyəm”. Sonra həmkəndlim Eldarı çağırdı. Eldar Dadaşov yerə düşən kimi tapança ilə onu alnından vurdu. O biri maşından da bir nəfər düşürüb vurdular. Bundan sonra kimi çağırdılarsa, heç kim cavab vermədi. Maşınlar hərəkətə gəldi, Bəylik Bağını və ondan sonra gələn Tut bağını keçdik. Silos quyusunun yanında maşınlar dayandırıldı. Erməni zabiti arxada gedən “Ural” maşınına yaxınlaşıb 10 nəfərin düşməsini tələb etdi və yaxınlaşıb arxa “bort”u açdı. Mən arxada oturduğumdan birinci düşdüm. Mənim arxamca da 10-15 nəfər cavan döyüşçülər düşdülər. Bizi nəyə görə düşürdükləri aydın idi. Ona görə də hamımız sinəmizi açıb qışqırırdıq – “Güllələyin əclaflar, onsuz da qanımız yerdə qalmayacaq! Sizi it kimi qovacaqlar!” Bu sözləri eşidən 10-15 nəfər erməni əsgər və zabitləri avtomatlarını sinələrinə qaldırıb atəş açmağa hazırlaşırdılar. Mən yolun sağ tərəf kənarında dayanmışdım. Ermənilər isə sol tərəfdə maşının arxa hissəsinə yaxın bir yerə toplaşmışdılar. Ən axırıncı bizə tərəf Telman Tağıyev gəlirdi. O, mənim yanıma çatar-çatmaz qəfil ermənilərə tərəf döndü. 3-5 metr irəliləyib əlindəki qumbaranı onların ortasına atdı. Ermənilər qaçmağa macal tapmamış qumbara partladı. Partlayışın təsirindən mən yolun kənarındakı qalın kolluqla örtülü arxa düşdüm. Aldığım qəlpə yarasından və zərbənin təsirindən huşumu itirdim. Bu hadisə təxminən saat 14:00 – 15:00 radələrində baş vermişdi. Mən ayılanda gördüm ki, hava qaranlıqdır, özüm də qan içindəyəm. Ağlım başıma gəldikcə başıma gələnləri və harada olduğumu müəyyənləşdirə bildim. Gecə yarı yerimdən durub meşənin içi ilə Ağdamın Abdal Gülablı kəndinə gəlib çıxdım. Sonradan öyrəndim ki, həmin hadisə olan yerdə sağ qalan ermənilər bizim maşında olan silahsız adamları avtomat atəşinə tutub, 33 nəfəri qətlə yetiriblər. Sonra da cəsədləri silos quyusuna atıblar”.
“Xankəndi həbsxanasında 8 Qaradağlı sakini acından öldü”
Soyqırımın digər canlı şahidi Aslan Tağıyev isə hadisələri belə xatırlayıb: “Xocavənddə 5 azərbaycanlı kəndindən biri olan Qaradağlı 41 erməni kəndinin əhatəsində idi. Qaradağlı ən yaxın azərbaycanlı kəndindən 13 kilometr aralı idi. Bu kəndlər isə 1991-ci ilin noyabr ayında ermənilər tərəfindən işğal olunmuşdu və Qaradağlı blokadada qalmışdı. Ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kənd yaxınlığındakı Bəylik bağı adlanan yerdə silos quyusuna töküb, üzərini torpaqladılar. Ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular”. O, xatirəsində qeyd edib ki, ermənilər tərəfindən həmin kəndin yüzdən artıq sakini girov götürülüb: “Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndinə gətirdilər. Orada üç nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb, piyada Xankəndinə qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq. Xankəndində yerləşən həbsxanada 8 Qaradağlı sakini acından öldü. Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndində həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi”.
“Mən ölən, qan içində boğulan azərbaycanlıları gördükcə…”
Qaradağlı faciəsi ilə bağlı ermənilərin özlərinin dedikləri də, bu qətliamın necə faciəli olduğunun sübutudur. Azərbaycan türklərinin qətliamında iştirak etmiş erməni cəlladı Monte Melikonyanın xatirələri əsasında Qaradağlıya son hücum haqqında Daşnaksütyun Partiyasının üzvü Hrayr Karapetyan yazır: “Fevralın ortalarında dəstəmiz Əsgəranın Mehtişen (Xocalının Mehdibəyli kəndi) kəndinə çağırıldı. Orada digər komandanlar da var idi. Xocalı əməliyyatına hazırlaşan Monte demək olar ki, bütün gün Xankəndi qərargahında fəaliyyət planı hazırlanmasına bütün qüvvəsini sərf etdi. Bir gün gecə o gəlib dedi ki, Qaradağlı tezliklə götürülməlidir. Həm də kəndin əhalisi məhv edilməlidir. Dərhal Qaradağlıya tərəf getdik… Və biz azərbaycanlılarla döyüşə girdik. Onlar demək olar ki, əli yalın idilər, amma mübarizə aparırdılar. Sonunda biz məqsədimizə nail olduq”.
Hadisələri müşahidə etmiş İran ermənisi Maqsud Mehriyan isə Qaradağlıdan yazarkən bunları xatırlayır: “Azərbaycan torpaqlarında müharibə idi. Bu müharibə planlarında mən iştirak etmirdim. Qoy bunu tarixçilər, siyasətçilər araşdırsınlar. Mən ədəbiyyatçıyam. Mənşəcə də erməniyəm. Azərbaycanlılar vuruşurdular. Onlar vuruşduqca cəsarət və hünərlərinə həsəd aparırdım. Mən ölən, qan içində boğulan azərbaycanlıları gördükcə, qorxurdum. Qan içindən çıxan, qan içindən dirilib gələn azərbaycanlıdan qorxurdum. Nəticədə Qaradağlını tərk etdim. Bir daha o yerlərə getməyəcəyimə söz verdim…”.
Qaradağlının sahibi Xocavənd indi qürurludur, Azərbaycan ordusunun qələbəsi həm də Qaradağlı qurbanlarının qisasıdır.
Ölkə başçısının işğaldan azad olunan ərazilərə mütəmadi səfərləri kontekstində Xocavəndin işğaldan azad olunmuş kəndlərini ziyarətinin müstəsna əhəmiyyəti var. Qeyd edim ki, şəxsən mənim üçün xüsusi böyük mənəvi əhəmiyyətə malik olan Azıx Mağarası da Xocavənd rayonunda yerləşir. Mərhum alimimiz, yaxın qohumumuz Məmmədəli Hüseynovun Azıx mağarasının kəşfi dönəmində burada çəkdiyi əziyyətləri uşaqlıqdan eşidirəm. Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli və səfalı guşəsində,Xocavənd rayonunun Azıx kəndində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr, çayın müasir yatağından 100 – 120 metr yüksəklikdə yerləşir. 1960-cı ildən Məmmədəli Hüseynovun başçılığı ilə Paleolit arxeoloji ekspedisiyası Azıx mağarasında qazıntılara başladı. 1960-cı ildə Azıx mağarasında başlanan araşdırmalar 1985-ci ilədək iki mərhələdə davam etdirildi. Birinci mərhələdə aparılan arxeoloji qazıntı işləri 1960 – 1973 – cü illəri əhatə edirdi. Bu mərhələdə arxeoloji qazıntı işləri zamanı Azıx paleolit düşərgəsinin çöküntülərində 6 mədəni təbəqə qeydə alındı. Düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları tapıldı. 1968 – ci ilin iyun ayında M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar etdi. Çənə sümüyünün 350-400 min il yaşı var. Çənə sümüyünün aid olduğu qədim insan “Azıxantrop” (Azıx adamı) adlanır. Azıx mağarasında çənə sümüyündən başqa, alətlər, fauna və ocaq qalıqları aşkar olunubdur. Tədqiatlar göstərdi ki, Azıx sakinlərinin hazırladıqları ilk əşyalar kobud çapacaqlardan, müxtəlif daş qəlpələrdən düzəldilmiş qazıyıcı və deşici alətlərdən ibarət idi.
“Biz Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik. Öz fiziki formamızı göstərmişik”.
Bunu Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə işğaldan azad edilmiş ərazilərə səfəri zamanı Xocavəndin Azıx kəndinə baş çəkərkən deyib.
Dövlət başçısı bildirib ki, Azıx mağarası dünyanın ən qədim yaşayış məskənlərindən biridir:
“Biz indi Azıx mağarasının içinə girəcəyik. Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov aşkar edib. Ondan sonra burda tədqiqatlar aparılıb. Ən qədim insanın yaşayış məskənlərindən biridir.
Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan qanunsuz olaraq bu mağarada işlər aparıb. Qanunsuz olaraq xaricdən alimlər gətirib. Onlar bu mağaraya – bizim tarixi irsimizə böyük ziyan vurublar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Biz onları məcbur edəcəyik.
Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb, Azıx mağarası Azərbaycan ərazisindədir və bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə buraya gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar.
Buradan isə gözəl mənzərə açılır. Azıx kəndi oradadır. Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək”.
Daha sonra ölkə başçısı “Azıx Azərbaycandır! Qarabağ Azərbaycandır!” şüarını səsləndirib.
Ölkə başçısı Tuğ kəndinin qədim Azərbaycan kəndi olduğunu xüsusi vurğulayıb.
Prezident həmçinin ermənilər tərəfindən işğal zamanı dağıdılmış kənd məktəbini göstərərək bildirib:
“Sonra da deyirdilər Tuğ erməni kəndidir. Əgər bura erməni kəndi olsaydı, məktəbi dağıdardılar? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub!”
Ölkə başçısı Tuğ kəndinin sakinlərinin yaxın gələcəkdə öz doğma yurdlarına qayıdacaqlarına əmin olduğunu vurğulayıb.
Müzəffər ali baş komandanın Xocavənd səfəri ilə ölkəmizin ərazi bütövlüyünü illərlə qəsb edənlərə və onların xaricdəki havadarlarına gözəl cavab verildi. Dağlı Qarabağın hər bir qarışı Azərbaycan torpağıdır və bu ali həqiqətdir. Bu gün ali baş komandan Şuşanın, Ağdamın, Xocavəndin və bütün ərazilərin cənnətə çevrilməyinin əsas memarıdır, artıq Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş güclü ölkədir və biz də bu gözəl ölkənin vətəndaşlarıyıq!
P.S. 21-ci əsrdə tarix yazan bir ölkənin canlı şahidləri olaraq nə qədər qürurverici bir şansa sahib olduğumuzun daim fərqinə varmalıyıq.
Tural İsmayılov
STM-in baş məsləhətçisi