Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa ediləcək.
APress.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, avtovağzal kompleksləri və sərnişin daşıyıcı şirkətlər dərhal zəruri hazırlıq işlərinə başlayıblar və mayın 31-nə qədər müvafiq xidmətləri göstərməyə tam hazır olacaq.
Təhlükəsiz daşıma tədbirləri NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hazırladığı xüsusi təlimat əsasında təşkil ediləcək.
Respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiya kompleksində avtonəqliyyat vasitələri, eləcə də avtovağzal ərazisi, gözləmə zalı gündəlik dezinfeksiya olunacaq.
Sıxlığın qarşısının alınması məqsədilə daşımaların sərnişin axınına uyğun olaraq idarə edilməsi təmin ediləcək. Koronavirus əlamətləri olan sərnişin aşkar edildiyi təqdirdə davranış qaydaları barədə sürücülərin təlimatlandırılması həyata keçiriləcək.
Sürücülərdə koronavirus əlamətlərinin olmasına işə başlayarkən və işdən sonra nəzarət olunması, belə şəxslərin avtobusu idarəetmədən müvəqqəti kənarlaşdırılması və aidiyyəti tədbirlərin görülməsi prosesi təmin ediləcək.
Sürücülərə dezinfeksiyaedici spirt tərkibli gel məhlulu, birdəfəlik əlcək və maskalar veriləcək.
Avtobusların havalandırma prinsipi ilə işləyən daxili soyutma və isitmə sistemlərindən istifadənin məhdudlaşdırılması təşkil olunacaq. Avtobuslarda təmizlik işləri aparılarkən pəncərələrin qapalı, sərnişindaşıma yerinə yetirilən zaman isə salonun havalandırılması məqsədilə mümkün qədər açıq vəziyyətdə saxlanılmasına nəzarət ediləcək.