“Türkiyə lirəsi dəyər itirməkdə davam edir. Milli valyutası ABŞ puluna nisbətən mart ayına 7.3 məzənnəsi ilə başlayan Türkiyədə hazırda 1 dollar almaq üçün 8.26 lirə ödəmək lazımdır. Bu o deməkdir ki, lirə yalnız son bir ayda 13 faiz ucuzlaşıb”.
Sfera.az xəbər verir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov deyib. O bildirib ki, qardaş ölkədə infilyasiya səviyyəsi 15.6 faiz yüksəlib:
“Lirənin uculaşması fonunda istehlak bazarında da qiymət artımları müşahidə edilir. Bütün bunlara rəğmən, lirənin ucuzlaşması fonunda son illər Türkiyənin ümumi ixracatının artması qeydə alınıb. Ötən il Türkiyə ixracatı 169.5 milyard dollar olub. Son 4 ildə qonşu ölkənin ixracatı 18.8 faiz artıb. Güclü dollar fonunda ucuzlaşan Türkiyə lirəsi yerli məhsulları xarici bazarda daha rəqabətqabiliyyətli edib.
Lirənin ucuzlaşması Türkiyə ilə iqtisadi əlaqələrimizə xüsusi təsir etməsə də, güman olunur ki, bu qonşu ölkədən idxalı artıra bilər. 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi”.
Deputat xatırladıb ki, son illər Azərbaycanla Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub:
“Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır.
Bu baxımdan, qardaş ölkə ilə ümumi ticarət dövriyyəmizdə xüsusi azalma gözlənilmir. Bununla yanaşı, lirə dəyər itirməkdə davam edərsə və qardaş ölkədə istehsal xərcləri milli valyutada kəskin artmazsa, o zaman Azərbaycanda da türk malları ucuzlaşa bilər”.