Ucarda məktəb direktorunun azyaşlı şagirdə qarşı əxlaqsızlıq təklif etməsi barədə aparılan araşdırmalar başa çatıb.
APress.az bildirir ki, bu barədə lent.az-a açıqlama verən Ucar rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov bildirib ki, rayonun Pirkənd kənd orta məktəbinin direktoru Tapdıq İsayevlə bağlı səsləndirilən iddialar təsdiqini tapmayıb:
“Məktəbin 8-ci sinif şagirdinin ailə üzvlərinin dedikləri prokurorluq orqanları tərəfindən araşdırılıb və qərar verilib ki, iddialar əsassızdır.
Bu səbəbdən də direktor fəaliyyətinə əvvəlki illərdə olduğu kimi davam edəcək”.
R.Məmmədov əlavə edib ki, hadisədən sonra təhsilinə davam edən 8-ci sinif şagirdinin yekun qiymətləndirilmə prosesi uğurla başa çatıb:
“Sözügedən şagird sinifdən-sinfə keçib və növbəti ildən də tədrisinə olduğu kimi davam edəcək”.
Xatırladaq ki, 8-ci sinif şagirdi, 2007-ci il təvəllüdlü N.H-nın atası Elmin Həşimov bildirmişdi ki, məktəbin direktoru 60 yaşlı Tapdıq İsayev qızına qarşı əxlaqsızlıq təklif edib:
“Birinci dəfə qızımı tənəffüsdə otağına çağırıb, getməyib. Sonra dərs vaxtı adam göndərib ki, qızım otağına getsin. Qızım otağına gedəndə isə deyib ki, sənin atan səni oxutdurmayacaq. Mən səni oxutduracam, qiymətlərinin yazılmasına kömək edəcəm. Sonra da onun sinəsinə baxıb və deyib ki, sinəni aç. Qızım qorxub, otağından çıxıb. Olanları da ağlaya-ağlaya anasına danışıb. Məndən gizlədib ki, birdən gedib direktoru öldürərəm”