“Seçkidən sonra İranda ciddi qarşıdurmalar olacaq və yeni hakimiyyətin qonşu dövlətlər və beynəlxalq aləmlə problemləri artacaq”.
Bu sözləri Sfera.az-a açıqlamasında seçkilərdən sonra İranı nələrin gözlədiyini dəyərləndirərkən, politoloq Cümşüd Nuriyev deyib: “Dini lider Xamneyinin dəstəklədiyi keçmiş baş prokuror İbrahim Raisinin qalib gəlmək şansı daha çoxdur. Amma İran əhalisi onu sevmir. Çünki inqilabdan sonra daha çox insanın edam olunmasında onun müstəsna “xidmətləri” vardır. Raisi ancaq dini qurumların köməyi sayəsində hakimiyyətə gələ biləcək”.
C. Nuriyev qeyd etdi ki, seçkinin nəticələri İranda ciddi narazılıq yaranacaq: “Əhali ölkədə seçkilərə ciddi fikir verir. Həm də bu ölkənin əhalisi daha inqilabçı ruhdadır. Ona görə də seçkidən sonra qarşıdurmanın olması ehtimalı böyükdür”.
Politoloq düşünür ki, namizəd olan mühafizəkarlardan kimin seçilməsindən asılı olmayaraq, İran növbəti mərhələdə daha mühafizəkar ölkə olacaq: “İndiki namizədlər ancaq dini təhsil alanlardır. Bu isə seçkidən sonra ölkədə islam fundamentalizminin artmasına gətirib çıxaracaq. İran iqtisadi cəhətdən daha da geriləyəcək. Çünki namizədlərin dördünün də maraqları sırasında İranın dövlət kimi deyil, ancaq dini baxımdan maraqları önəmlidir”.
Ekspert bildirdi ki, Raisinin seçilməsilə Tehranın ABŞ və İsraillə qarşıdurması daha da şiddətlənəcək: “İranın Livan və İraqdakı fəaliyyəti daha da güclənəcək. Bir sözlə, İranın yeni seçiləcək rəhbərinin ölkəni sakitliyə aparacağına inanmıram. Cənub qonşumuzun beynəlxalq aləmdən təcrid siyasəti güclənəcək. Namizədlərdən kimin qalib olmasından asılı olmayaraq, yeni mərhələdə İranın qonşu dövlətlər və beynəlxalq aləmlə problemləri birmənalı olaraq artacaq”.