Vətən Müharibəsinin qəhrəmanlarından biri də 19 yaşlı əsgər Ramiz Quliyevdir. O, bir çox döyüşlərdə şücaət göstərib, yaralanıb. Hətta sağ olduğu halda şəhid xəbəri belə yayılıb.
APress.az news24.az-a istinadən xəbər verir ki, Ramiz Quliyev bu gün xidmətini başa vuraraq tərxis olub.
Qazimizin anası Gülçin xanım açıqlamasında sevincinin yerə-göyə sığmadığını deyib:
“Onu qarşımda görmək möhtəşəm hissdir. Bunu sözlə ifadə edə bilmirəm. Allah Ramizi üçüncü dəfə bizə bəxş etdi. O xəstəxanada olarkən, şəhid xəbərini yaymışdılar. Özümə gələ bilmirdim. Ancaq Ramiz özü mənimlə əlaqə saxladı ki, hər şey qaydasındadır. Tək mən yox, bütün el-oba onun yolunu səbrsizliklə gözləyird. Oğlum Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə şücaət göstərib. Füzuli istiqamətində gedən döyüşlərdə ağır travma almışdı. Yaddaşını belə itirmişdi. Məndən başqa heç kimi tanımırdı. Bir müddət xəstəxanada müalicə aldı. Ancaq orada israrla döyüşə qoşulmaq istədiyini bildirib. Özünün xahişi ilə yenidən döyüşlərdə iştirak etdi. İkinci dəfə Şuşada Daşaltı əməliyyatı zamanı ayağından yaralandı. Həmin yaranı da minamyot zərbəsinə tuş gəlib, dərəyə düşən əsgər yoldaşını çıxarmağa gedərkən aldı. Əsgər yoldaşını çiyninə alıb, təpəyə qalxmaq istəyərkən, növbəti minamyot zərbəsi yoldaşının kürəyinə, Ramizin isə ayağına zərbə vurmuşdu. Ancaq çox şükr ki, peşəkar həkimlərin səyi nəticəsində ayağındakı qəlpələr əməliyyatsız çıxarıldı. Əks halda barmaqlarını itirmək təhlükəsi var idi. Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərman və gözəl xasiyyətnaməsi verilib. Həmçinin, təşəkkür məktubu da göndərildi. Sevincimin həddi-hüdudu yoxdur”.